Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycan II Liqasında bombardir Elçin Qasımovdur. “Ağstafa Gəncləri”nin formasını geyinən hücumçu 17 qolla zirvədə qərarlaşıb.
Daha əvvəl Premyer Liqada “Turan Tovuz” və “Şamaxı”da çıxış edən futbolçu bu ilin iyulundan bölgə təmsilçisində top qovur.
Elçin Azərbaycanın U-21 yığmasında da 4 oyun keçirib.
24 yaşlı hücumçu karyerası ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– 10 oyun, 17 qol. Bombardirlik necə hissdir?
– Çıxışımdan razıyam. Bombardir olmaq mənim üçün xoşdur və böyük motivasiyadır. Amma bunu təkcə öz uğurum hesab etmirəm. Komanda yoldaşlarımın, məşqçilərimizin əməyi və dəstəyi bu nəticədə böyük rol oynayır.
– Vaxtilə Premyer Liqa klublarında top qovurdunuz. İndi isə II Liqanın ortabablarından birində forma geyinirsiniz. Enişin səbəbi nə oldu?
– Bəli, karyeramın əvvəlində Premyer Liqada çıxış etmək imkanım olub. Təəssüf ki, müəyyən səbəblərdən orada davamlı qala bilmədim və sonradan I Liqada, daha sonra isə II Liqada çıxış etdim. Təbii ki, bu mərhələ karyeram baxımından mənim üçün asan olmadı. Amma bunu geriyə addım kimi deyil, özümü yenidən sübut etmək və daha da güclənmək üçün bir fürsət kimi qəbul etdim.
– Elitada qalmaq üçün şans verilmədi, ya rəqabətdə uduzdunuz?
– Futbolda hər şey təkcə şansdan asılı deyil. Rəqabət də var, məşqçinin seçimi də, futbolçunun özünü doğru zamanda göstərməsi də. Mən heç kimi günahlandırmaq istəmirəm. Hər bir futbolçu ilk növbədə öz üzərində işləməli və verilən fürsətdən maksimum istifadə etməlidir.
– Sizcə, bu mövsümkü çıxışınız yenidən böyük klubların qapısını aça bilər?
– Bu gün II Liqada bombardir olmağım mənim üçün sadəcə şəxsi uğur deyil, həm də hələ də böyük hədəflərimin olduğunun göstəricisidir. Mən özümü II Liqanın futbolçusu olaraq görmürəm. Məqsədim yenidən Premyer Liqada oynamaq, orada özümü sübut etmək və karyeramda daha böyük uğurlara imza atmaqdır. İnanıram ki, düzgün çalışmağın və əzmkarlığın nəticəsində buna nail olacağam.
– Qarşıdan transfer dönəmi gəlir klubunuzu dəyişmək ehtimalınız var?
– Qış transfer dönəmi ilə bağlı müəyyən maraqların olması təbiidir. Amma hazırda bütün diqqətimi çıxış etdiyim komandaya və qarşıdakı oyunlara yönəltmişəm. Mənim üçün əsas məsələ mövsümün ilk yarısını uğurlu başa vurmaq və komandama maksimum fayda verməkdir. Təbii ki, karyeramda daha yüksək hədəflərim var və Premyer Liqaya qayıtmaq istəyirəm. Əgər gələcəyimlə bağlı ciddi və uyğun təklif olarsa, bunu dəyərləndirmək olar. Amma hazırda heç bir konkret qərarım yoxdur.
– “Ağstafa Gəncləri” çempionatda 5-ci sıradadır. Nəticələri necə dəyərləndirirsiniz?
– Düşünürəm ki, daha yaxşı nəticələr əldə etmək gücündəyik. Hazırda turnir cədvəlində 5-ci yerdəyik, amma bu mövqe bizi tam qane etmir. Daha yüksək yerlər uğrunda mübarizə aparmaq potensialımız var. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik.
Mənim əsas məqsədim isə komandama maksimum fayda vermək, qol sayımı artırmaq və mövsümü uğurlu şəkildə başa vurmaqdır.
Şahin Cəfərov