Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2026-cı il sentyabrın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Borçalı aşıqlarının möhtəşəm konserti baş tutdu. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üçün kiçik qrant müsabiqəsinin qalibi kimi, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi tərəfəindən həyata keçirilən “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı layihə çərçivəsində baş tutan tədbirdə Borçalı aşıqlarının bir-birindən gözəl ifaları səsələndirildi.
Respublikamızın görkəmli elm və sənət adamlarının, millət vəkillərinin, ictimai-siyasi xadimlərin də qatıldığı tədbiri giriş sözü ilə Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu açaraq Borçalı aşıq mühitinin keçdiyi tarixi yola qısa ekskurs etdi, Borçalı aşıq mühtinin Azərbaycan aşıq sənətinə töhfələrindən danışdı, bu layihənin həyata keçirilməsində əsas məqsədin aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühiti haqqında ətraflı məlumat vermək, bu mühiti daha geniş müstəvidə təqdim etmək, xüsusən də, bu mühitin aşıqlarına, onların ifalarındakı özünəməxsusluqlara diqqəti cəlb etmək olduğunu vurğuladı. Qeyd olundu ki, Bakıda Borçalı aşıqlarının ayrıca konserti sonuncu dəfə ötən əsrin 80-ci illərinin əvvəllərində təşkil olunub.
M.Nəbioğlu həmçinin mədəniyyətimizin çox mühüm qolu olan aşıq sənətinə ölkə rəhbərliyinin qayğı və diqqətinin son illərdə daha da artdığını vurğuladı.
Millət vəkili Aydın Hüseynov “Ozan Dünyası” AYT İB-nin son illərdə həyata keçiriyi layihələrin əhəmiyyətini qeyd edərək, “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı bir layihənin həyata keçirilməsinin günümüzdə çox aktula olduğunu diqqətə çatdırdı, Borçalı aşıq mühiti və bütövlükdə Borçalıda yaşayan soydaşlarımızla bağlı belə layihələrin davamlı xarakter almasının vacib olduğunu dedi.
Milli Məclisin əməkdaşı, Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı “Ozan Dünyası” AYT İB-nin fəaliyyətini yaxından izlədiyini və təqdir etdiyini vurğulayaraq, təşkilatın rəhbəri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun eyni zamanda aşıq sənəti ilə bağlı bir çox dəyərli kitabların müəllifi olduğunu diqqətə çatdırdı.
ADMİU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru, ustad aşıq Altay Məmmədli Borçalı aşıq mühitinin havacatda və ifa tərzindəki özəlliklərindən, bu mühitin zaman-zaman sənətdə öz sözünü demiş ustad aşıqlarından söhbət açdı.
Gənc tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bu günlərdə Milli Konservatoriyada yeni yaradılan “Aşıq sənəti” kafedrasının müdiri vəzifəsi etibar edilmiş Hafiz Kərimov Borçalı aşıq mühitinin özünəməxsusluğuna elmi baxış sərgilədi.
Borçalı aşıq mühitinin təmsilçilərindən Murad Kövrək (“Baş divani”), Cahangir Quliyev (“Zarıncı”), Nargilə Mehdiyeva (“Mansırı”), Ramin Qarayev (“Osmanlı divanisi”), Qabil Abdıyev (“İncəgülü”), Əşrəf Təmirov (“Göyçəgülü”)” Fikrət Cəfərov (“Dastanı”), Ayişə Səyyadqızı (“Aran gözəlləməsi”), Fatimə Məmmədova (“Naxçıvanı”) və Murad Həsənovun (“Ruhani”) ifalarında səslənən aşıq havaları tamaşaçıların zövqünü oxşadı, Borçalı aşıq mühitinin bu günü ilə bağlı mənzərəni canlandırdı.
Tədbirin sonunda görkəmli dövlət xadimi, tarixçi alim Həsən Həsənov səhnəyə qalxaraq layihənin aktuallığını qeyd etdi, Borçalı aşıqlarının bir-birindən maraqlı ifalarının səsləndirilməsi ilə yanaşı, həm də vacib olan maarifləndiricilik xarakterini xüsusi vurğuladı. “Ozan Dünyası” AYT İB-nin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun aşıq sənətinin təbliği istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirməklə yanaşı, tədbirin yüksək səviyyədə baş tutmasına görə təşkilatçılara minnətdarlığını bildirdi.
Sonda tədbirdçə çıxış edən aşıqlar “Ozan Dünyası” AYT İB-nin “Fəxri diplomu”u ilə təltif olundular. Fəxri diplomları aşıqlara Həsən Həsənov, Aydın Hüseynov və Elnur Məmmədli təqdm etdilər. Daha sonra xatirə şəkilləri çəkildi.
XQ