Borçalı gəncləri beynəlxalq intellektual arenada geniş uğurlar qazanıblar

19.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) şagirdləri Tbilisi şəhərində keçirilən nüfuzlu “AMAkids WORLD CUP-2026” beynəlxalq intellektual olimpiadasında iştirak edərək bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdiriblər.

Olimpiadanın nəticələrinə əsasən, GAİM-in şagirdləri müxtəlif intellektual istiqamətlər üzrə I, II və III yerlərə layiq görülərək ümumilikdə 21 kubok qazanıblar. Candar İctimai Məktəbi 5 kubok, Maarif məktəbi — 12 kubok,  6 saylı məktəb — 2 kubok, Şüləver məktəbi — 1 kubok, Alget Məktəbi 1 kubok qazanıb. 

Dünyanın 11 ölkəsindən 300-ə yaxın iştirakçını bir araya gətirən olimpiada gənclərin intellektual potensialının inkişafı, beynəlxalq təcrübə qazanması və sağlam rəqabət mühitində öz bacarıqlarını sınaması baxımından mühüm əhəmiyyət daşıyıb.

Olimpiadada Gürcüstan, Azərbaycan, Yunanıstan, Ermənistan, Özbəkistan, Nepal, Monako, Amerika Birləşmiş Ştatları, Fransa, Belçika və Malta təmsil olunub.

Yarış üç əsas istiqaməti əhatə edib: İngilis dili, Riyaziyyat və Mental arifmetika. 

GAİM şagirdlərinin bu beynəlxalq platformada iştirakı onların analitik düşünmə, məntiqi təhlil, sürətli qərarvermə və özünəinam bacarıqlarının inkişafına mühüm töhfə verib.

Noyabrın 17-də GAİM-də olimpiadadan qayıdan şagirdlərə kubok və sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə şagirdlərlə yanaşı, onların təhsil aldıqları orta məktəblərin direktorları da iştirak ediblər.

Olimpiadanın yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşkilatçılara, GAİM-in mental arifmetika müəlliməsi Sayalı İsmayılovaya, şagirdlərə, onların valideynlərinə, müəllimlərə, professorlara, universitetlərə və bütün tərəfdaşlara dərin təşəkkürlər ifaqə olunub.

GAİM əldə olunan 21 kuboku şagirdlərin əzminin, zəhmətinin və biliklərinin göstəricisi kimi yüksək qiymətləndirib və inandığını bildirib ki, bu beynəlxalq təcrübə onların gələcək inkişafında yeni imkanlar qazandıracaq və daha böyük uğurlara yol açacaq.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью