Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya imperiyasının Qafqazı işğal etmək siyasətinə qarşı formalaşan qaçaq hərəkatında Azərbaycan xalqının xüsusi rolu olmuşdur. Azərbaycanın tarixi torpaqları da daxil olmaqla, bölgənin bir çox regionunda yerli qaçaqlar çarizmin müstəmləkəçilik xəttinə qarşı aktiv silahlı mübarizə aparıblar. Bu bariz mübarizə meydanlarından biri olan qədim Borçalı mahalında öz cəsarəti və nüfuzu ilə ad-san qazanmış xalq qəhrəmanı Qaçaq Daşdəmir ağanın adını bu xüsusda xüsusi qeyd etmək olar.
Qaçaq Daşdəmir ağa, rəsmi sənədlərdə Daşdəmir ağa Qasımov kimi qeyd edilən mübariz insan 1810-cu ildə Borçalı mahalının Qasımlı kəndində anadan olub. O, mahalda böyük hörmət sahibi olan zəngin əsilzadə, Qasım ağanın ailəsində dünyaya gəlib. Daşdəmir ağanın özünün elat içində böyük nüfuzu, geniş torpaq sahələri, iri mal-qara və qoyun sürüləri var idi. El ağsaqqallarının və arxiv qaynaqlarının ötürdüyü məlumatlara görə, onun 8 oğlu və 8 qızı olmuşdur.
Rusiya imperiyasının Qafqazı işğal etməsindən sonra Borçalıda idarəçilik sisteminin rus məmurlarının əlinə keçməsi, yerli müsəlman-türk əhalisinə qarşı edilən haqsızlıqlar, gürcülərin susması, Rusiyaya meyilli olması, onlarla birlikdə qədim torpaqlarda hakimiyyəti almaq cəhdinə qarşı mübarizə aparan Daşdəmir ağa dağlara çəkilmişdi.
O, ətrafına cəsur silahdaşlar toplayaraq qaçaq dəstəsi yaratmışdı. Onun hədəfi dinc insanlar deyil, birbaşa olaraq çarizmin cəza dəstələri, dövlət xəzinəsini daşıyan karvanlar və rüşvətxor məmurlar idi. Əldə etdiyi qəniməti Borçalının yoxsul və kimsəsiz kəndlilərinə payladığı üçün qısa zamanda xalqın sevimlisinə çevrilmişdi.
"Daşdəmir ağanın ədalət divanı" anlayışı o zaman Borçalıda məhşur idi. Borçalıda hər hansı bir kəndlinin haqqı tapdananda və ya rus məmuru rüşvət tələb edəndə, kəndlilər məhkəməyə deyil, dağlara , Daşdəmir ağanın yanına gedirdilər.
XIX əsrin ortalarında alman şərqşünası və səyyahı Fridrix Bodenştedt Tiflisdə yaşayarkən dahi maarifçi Mirzə Şəfi Vazehlə yaxın dostluq edir. Vazeh ona Borçalı dağlarında çarizmə qan udduran, xalqın sevimlisi olan bir bəydən, Daşdəmir ağadan bəhs edir. Məhz bu söhbətlərin bədii təsiri nəticəsində 1851-ci ildə alman və rus dilli mənbələrdə bəzi parçaları qalan "Karvan" poeması ərsəyə gəlir. Poemanın mərkəzində dayanan ədalətli, imperiyaya boyun əyməyən Şərq cəngavəri obrazının real cizgiləri Daşdəmir ağadan götürülmüşdü.
Daşdəmir ağa, düşməni meşəlik və dərələrin dərinliklərinə çəkir, qəfil pusqular qurur və rusların artilleriya üstünlüyünü sıfıra endirirdi. Çar generallarının hesabatlarında onun dəstəsinin "gözəgörünməz zərbə gücü" adlandırır.
Daşdəmir ağanın özünəməxsus qəti kodeksləri var idi. Əgər onun dəstəsi imperiya nümayəndə heyətini əsir götürərdisə, əsirlərin arasında qadınlar, uşaqlar və silahsız mülki şəxslər olduqda onlara xüsusi hörmət göstərilər, heç birinin malına və canına zərər gəlməzdi
Daşdəmir ağanın cəza dəstələrindən qaçmaq üçün tətbiq etdiyi qeyri-adi taktikalardan biri də atların nallarını tərsinə vurdurması idi. Borçalının çətin keçilən dağ cığırlarında rus əsgərlər onun dəstəsinin izini qovalayarkən, yerdəki at nallarının istiqamətinə baxıb dəstənin dağdan endiyini düşünürdülər. Halbuki Daşdəmir ağa nalların tərsinə vurulması sayəsində çoxdan dağın zirvəsində pusqu qururdu.
O, 1867-ci ildə vəfat edir və dəfnində Borçalı mahalının çoxu iştirak edir
Professor Zaur Əliyev