Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund “Borussiya”sına 1:2 hesablı məğlubiyyəti şərh edib.
QOL.az xəbər verir ki, Qazaxıstan millisinin də üzvü olan 33 yaşlı qolkiper ölkəsinin asnews.kz saytına müsahibəsində komandasının yaxşı mübarizə apardığını bildirib:
“Hazırda nə emosiyam, nə də gücüm qalıb. Ən azı məğlub olmamağı çox istəyirdik. Düşünürəm ki, bunun üçün imkanlarımız da var idi. Amma “Borussiya” artıq başqa səviyyədir, “Slaviya” deyil. Hesab edirəm ki, debütant komanda olaraq layiqli mübarizə apardıq, xüsusilə ilk dəqiqələrdən yaxşı oyun göstərdik. Bu ruhda davam edəcəyik”.
Pokatilov Çempionlar Liqasının əvvəlki turunda “Slaviya” ilə matçdakı çıxışına görə həftənin rəmzi komandasına düşməsinə də münasibət bildirib:
“Komanda bəzi oyunlarda autsayder hesab olunanda müdafiəçilərin və qapıçının özünü göstərməsi daha asan olur. Mən buna xüsusi diqqət ayırmıram. Əlbəttə, belə oyunlarının qiymətləndirilməsi xoşdur. Amma sonra bunu unudursan. İlk növbədə komandanın nəticəsi vacibdir, şəxsi uğurlar isə ondan sonra gəlir”.
Qazaxıstanlı qapıçı Çempionlar Liqasının əsas mərhələsində oynamağın onun üçün böyük arzu olduğunu da vurğulayıb:
“Bu, yüz faiz arzudur. Demək olar ki, adi məhəllələrdə futbol oynamağa başlayan qazaxıstanlı uşaqlar üçün bir nümunədir. Bu, arzuların gerçəkləşdiyinin və hər şeyin mümkün olduğunun göstəricisidir. Belə səviyyəyə yüksəlmək və özünü göstərmək biz qazaxıstanlı uşaqlar üçün də böyük motivasiyadır”.
Üç turdan sonra 3 xalı olan “Sabah” Çempionlar Liqasında növbəti oyununu noyabrın 4-də Norveçdə “Vikinq”ə qarşı keçirəcək.