Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Bakıda boş “iPhone” qutularını girov qoyaraq lombard sahibini aldadan şəxslərlə bağlı məhkəmə qərarı açıqlanıb.
Azpost.info bildirir ki, Tiraj.az-ın məlumatına görə, hadisə 2025-ci ildə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən lombardlardan birində baş verib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən Bəhruz İbrahimov və digər şəxs əvvəlcədən bir qrup şəxslə əlbir olaraq dələduzluq planı hazırlayıblar. Onlar müxtəlif vaxtlarda lombarda gələrək “iPhone 14 Pro”, “iPhone 15 Pro” və “iPhone 16 Pro” modellərinə məxsus qutuları girov qoyublar.
Qutular zavod qablaşdırmasına bənzər şəkildə bağlansa da, içərisində mobil telefonlar deyil, istifadəyə yararsız batareyalar, müxtəlif aksessuarlar və dəmir qırıntıları olub.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər lombard sahibini qutuların içində yeni telefonların olduğuna inandıraraq, onları bir ay ərzində geri alacaqlarını və aldıqları pulu faizlə qaytaracaqlarını bildiriblər.
Bu üsulla onlar müxtəlif vaxtlarda 500 manatdan 2 200 manatadək məbləğdə pul əldə ediblər. Nəticədə zərərçəkmişə ümumilikdə 13 min 600 manat maddi ziyan vurulub.
Məhkəmə zamanı hər iki təqsirləndirilən şəxs ittihamı qəbul edib. Onlar vurulan ziyanın tam ödənildiyini, zərərçəkmişlə barışdıqlarını və sonuncunun onlardan şikayətçi olmadığını bildiriblər.
İş materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxslərdən biri vurulmuş ziyanın 25 faizi həcmində – 750 manat vəsaiti dövlət büdcəsinə köçürüb. Digər şəxsin himayəsində iki azyaşlı uşağın olması da məhkəmə tərəfindən nəzərə alınıb.
Məhkəmə onların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etdiyini təsdiqləsə də, ziyanın tam ödənilməsi, zərərçəkmişlə barışıq əldə olunması və qanunvericilikdə nəzərdə tutulan əsaslara görə cinayət təqibinə xitam verib.
Qərara əsasən, təqsirləndirilən şəxslərdən biri Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib. Digər şəxs barəsində isə “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul edilən amnistiya aktı tətbiq olunaraq cinayət təqibinə xitam verilib.
Məhkəmənin qərarı ilə həbsdə olan şəxs məhkəmə zalındaca azadlığa buraxılıb, digər təqsirləndirilən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv olunub.