“Boş qapını dəqiq nişan ala bilmədik” Zaur Həşimov

16.10.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Misli Premyer Liqasının VIII turu çərçivəsində keçirilən dramatik matçda səfərdə “Şamaxı”ya 2:3 hesabı ilə məğlub olan “Şəfa”nın baş məşqçisi Zaur Həşimov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Çox acı və narahatlıq doğuran bir məğlubiyyət oldu. İndiyədək yaşadığımız bütün məğlubiyyətlər bizə mənfi təsir edirdi, lakin bu gün sanki hər kəsə daha ağır təsir göstərdi. Əslində, futbolçular pis oynamırdılar. İlk hissəni çox keyfiyyətli keçirdik və 2:0 hesabı ilə öndə olduq. Lakin ikinci yarıda öz buraxdığımız kobud xətalar ucbatından qapımızda 3 qol gördük. Hazırda emosional vəziyyətdəyəm və geniş nəsə demək çətindir. Matçı detallı şəkildə analiz etdikdən sonra bu məğlubiyyətin dəqiq səbəblərini daha aydın müəyyənləşdirəcəyik.

– Birinci taymda 2:0 öndə olan komandanın ikinci hissədə gözlənilmədən 3 qol buraxaraq uduzmasına əsasən nə səbəb oldu?

– Öz fərdi və detal səhvlərimiz bu nəticəyə yol açdı. Hesab 2:0 ikən fərqi artırmaq üçün əla şanslarımız var idi, hətta iki dəfə faktiki olaraq boş qapını dəqiq nişan ala bilmədik. Qarşıda imkanları boşa verdikdən sonra arxada gözlənilməz xətalar buraxdıq. Buraxdığımız ikinci qol orta xətdə topu asanlıqla itirməyimizdən sonra vuruldu, üçüncü qol isə penaltidən gəldi.

– Son dəqiqələrdə qapınıza təyin olunan penalti epizodu barədə nə deyə bilərsiniz? Sizcə, orada 11 metrlik cərimə zərbəsi var idi?

– İsti-isti hakimin qərarı barədə qəti fikir bildirmək istəmirəm. Lakin həmin epizodda kənardan görünən o idi ki, müdafiəçimizin əli topa toxunmuşdu.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью