Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Teoremimiz səhv imiş. “Uğur olsun ki, azarkeş də stadiona gəlsin” fikri alt-üst olub.
Azərbaycan futbol tarixinin ən böyük nəticəsinin qazanıldığı ildir. “Qarabağ” ÇL-in liqa mərhələsində 10 xal toplayaraq pley-off mərhələsinə yüksəlib.
Həftənin bazar günüdür. Axşam saat 18:30-da başlayan oyunu stadiondan izləməməkçün bəhanə yoxdur. Ancaq azarkeş stadiona gəlmir.
Nəzəri baxımdan nəsə icad eləmək olmur. Sizcə, niyə belədir?
12 ildir avrokubokların qrup mərhələsində mübarizə aparan bir klubun indi onminlərlə tərəfdarı, azarkeşi formalaşmalıydı. Hanı bəs?!
Desək ki, böyük xal fərqi ilə turnir cədvəlinin zirvəsindədi, bəlkə stimulsuzluğu əsas gətirmək olar, ancaq heç bu da deyil axı.
“Sabah” zirvəni ələ keçirib. “Turan Tovuz”un ehtiyatında bir təxirə salınan oyun olduğu üçün bu qarşılaşmada qələbə qazansa, ikinci yeri təmin etmək potensialı yaranırdı.
Bunca dramatizmi olan oyun boş tribunalar önündə keçirildi.
Klub bu haqda düşünməlidir. Aksiyalar icad edilməli, bu anormal süstlük aradan götürülməlidir.
Ok, klubun bu işlə maraqlanması bunun ən bariz bilinən tərəfidir. Ancaq klubu bu məsələdən kənarlaşdırsaq belə, stadionun bu qədər boş olması klub miqyasını da aşan məsələdir axı…
Niyə insanlar stadiona getmir? Bu sual əməlli-başlı ritorik hal alıb.
Kamil Əhməd