Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda ali təhsil illərdir gənclər üçün “uğurlu gələcəyin açarı” kimi təqdim olunur.
Lakin son statistik göstəricilər bu təsəvvürün getdikcə reallıqdan uzaqlaşdığını göstərir.
2018–2023-cü illərdə Azərbaycanda ali təhsil müəssisələrindən məzun olan 120 776 nəfərdən cəmi 58,6 faizi, yəni 70 769 nəfəri işlə təmin olunub.
Bu isə o deməkdir ki, on minlərlə gənc 4 ilini universitet auditoriyalarında keçirsə də, əmək bazarında özünə yer tapa bilməyib.
Universitetlər üzrə məşğulluq reytinqində ümumilikdə 35 ali təhsil müəssisəsi yer alıb.
Lakin siyahının aşağı pillələrində olan universitetlərin göstəriciləri xüsusilə narahatlıq doğurur.
Məzunlarının işlə təmin olunma səviyyəsinə görə ən zəif nəticə göstərən ali təhsil müəssisələri sırasında Bakı Slavyan Universiteti (33,5%), Bakı Qızlar Universiteti (32,8%), Qərbi Kaspi Universiteti (32%), Naxçıvan Müəllimlər İnstitutu (30,8%) və Odlar Yurdu Universiteti (30,5%) yer alıb.