Boşanma təşəbbüslərinin çoxu qadınlardan gəlir Sosioloq

28.01.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib. Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda bir müddət nənə və baba ilə yaşayan uşaqların daha sonra ana tərəfindən gözəllik salonlarından birinə tərk edildiyi yazılıb. Vəziyyətlə bağlı dövlət qurumları dərhal müdaxilə edərək uşaqları sığınacağa yerləşdirib.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, uşaqların valideynləri tərəfindən tərk edilməsi və ya taleyin ümidinə buraxılması halları yeni deyil:
“Bu cür hadisələrə zaman-zaman rast gəlinir və hər birində şərtlər, motivlər və şərait fərqli ola bilər. Lakin bütün hallarda ortaq bir məqam var ki, bu da valideynin sosial məsuliyyəti və övlad qarşısında daşıdığı öhdəliklərdir. Hazırkı hadisə ilə bağlı biz uşaqların hansı vəziyyətdə, hansı səbəbdən və niyə məhz gözəllik salonunda tərk edildiyini tam bilmirik. Bu səbəbdən situasiya ilə bağlı dəqiq fərziyyələr irəli sürmək çətindir. Bununla belə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın paylaşımı təsadüfi xarakter daşımır. Bu qurumun fəaliyyəti cəmiyyətə məlumdur və sığınacaqların fəaliyyətində bir çox müsbət məqamlar mövcuddur. Nənə və babanın himayəsində olan uşaqların valideyn tərəfindən götürülərək naməlum şəraitdə, məsələn, gözəllik salonunda tərk edilməsi ciddi suallar yaradır. Bu davranış müəyyən mənada valideynin psixoloji vəziyyəti ilə əlaqəli ola bilər. Müxtəlif səbəblər emosional gərginlik, ailədaxili konfliktlər, impulsiv davranış və ya psixoloji pozuntular bu cür qərarlara təsir göstərə bilər. Lakin bunların hamısı ehtimaldır”.
O deyib ki, hər bir halda dövlət qurumlarının operativ müdaxiləsi və uşaqların təhlükəsiz mühitə yerləşdirilməsi doğru və vaxtında atılmış addımdır:
“Uşaqların yaşı, psixoloji durumu və sosial davranışları ilə bağlı konkret məlumatlar olmadığı üçün daha detallı qiymətləndirmə aparmaq çətindir. Ancaq bu cür faktların baş verməsi müxtəlif sosial və psixoloji amillərin mövcudluğunu göstərir. Məsələni təkcə ailə institutunun zəifləməsi ilə izah etmək doğru olmaz. Çünki maddi və sosial çətinliklərə baxmayaraq, övladlarını layiqincə böyüdən minlərlə valideyn var. Tarixən də ailə institutunun daha güclü olduğu dövrlərdə belə oxşar hallar mövcud olub. Bəzən valideynlər övladlarını dövlət himayəsinə verib sonradan onlarla əlaqəni tam kəsiblər. Bu hadisə göstərir ki, problemi yalnız iqtisadi səbəblərlə izah etmək mübahisəlidir. Çünki iqtisadi çətinliklər yaşayan, amma övladlarını tərk etməyən çox sayda ailə mövcuddur. Bir ana uşağını gözəllik salonunda tərk edirsə, bunu təkcə maddi problemlərlə izah etmək çətindir. Hər halda gözəllik salonuna getmək müəyyən şəxsi qayğı, vaxt və vəsait tələb edir. Bu isə göstərir ki, burada daha çox fərdi psixoloji vəziyyət, emosional gərginlik, ailədaxili konfliktlər, həyat yoldaşı ilə münasibətlərdə yaşanan problemlər və ya narsistik davranışlar rol oynaya bilər. Uşaqlardan acıq çıxmaq kimi davranışlar da psixoloji baxımdan mümkün izahlardan biridir. Amma istənilən halda nənə və babadan uşaqları ayıraraq kənar məkanda tərk etmək doğru və qəbulolunan davranış deyil. Burada valideyn davranışında sosial məsuliyyət hissinin zəifləməsi açıq şəkildə görünür.
Statistikalar da göstərir ki, boşanma təşəbbüslərinin əhəmiyyətli hissəsi qadınlardan gəlir. Mediasiya qurumlarının məlumatları və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin araşdırmaları da bunu təsdiqləyir. Bu isə artıq valideyn-övlad münasibətləri, ana-övlad konfliktləri və gender aspektindən məsələyə daha dərindən baxmağı zəruri edir. Biz tək bir fakt əsasında ümumiləşdirmə aparmaq istəmirik. Amma bu cür halların sayının artması artıq müəyyən narahatlıq doğurur. Uşaq sığınacaqlarına və himayədar ailə mexanizmlərinə ehtiyacın artması da problemin mövcudluğunu açıq şəkildə göstərir”. 
Leyla Turan 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью