Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Kreditlə əldə edilmiş mənzilin boşanma zamanı bölünməsi hüquqi baxımdan bir neçə mühüm amildən asılıdır. İlk növbədə, mənzilin nikah dövründə əldə edilməsi, kredit müqaviləsinin kimin adına rəsmiləşdirilməsi, ilkin ödənişin hansı vəsait hesabına edilməsi və kredit borcunun hansı mənbədən ödənilməsi araşdırılmalıdır”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib:
“Azərbaycan qanunvericiliyinə əsasən, nikah müddətində əldə edilmiş əmlak, bir qayda olaraq, ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Bu baxımdan, mənzilin yalnız tərəflərdən birinin adına rəsmiləşdirilməsi digər tərəfin mülkiyyət hüququnu avtomatik olaraq istisna etmir.
Lakin burada əsas məsələ təkcə mənzilin deyil, həm də onun üzərində mövcud olan kredit öhdəliyinin hüquqi taleyidir. Əgər kredit ailənin ümumi mənafeyi üçün götürülübsə, borcun bölüşdürülməsi məsələsi də ayrıca qiymətləndirilə bilər. Bununla belə, bank qarşısında borcalanın kim olması və kredit müqaviləsinin şərtləri xüsusi hüquqi əhəmiyyət daşıyır.
Məhkəmə əmlakın əldə edilmə tarixini, ödənişlərin mənbəyini, tərəflərin maddi töhfəsini, nikah müqaviləsinin olub-olmamasını və digər mühüm halları nəzərə alır. Nəticə etibarilə, kreditlə alınmış evin boşanma zamanı bölünməsi yalnız mənzilin dəyərinin yarıya bölünməsi ilə məhdudlaşmır; mülkiyyət hüququ ilə yanaşı, kredit öhdəliklərinin də hüquqi qiymətləndirilməsini tələb edir.
Əsas prinsip ondan ibarətdir ki, boşanma tərəflərin əmlak hüquqlarını və qanuni maliyyə öhdəliklərini avtomatik olaraq aradan qaldırmır. Hər bir iş konkret faktlar və qanunvericiliyin tələbləri əsasında fərdi qaydada həll edilməlidir”.
Şəbnəm