Boşanmadan da aliment almaq olur Açıqlama

24.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Nikah pozulmadan da uşağın saxlanılması üçün aliment tələb etmək mümkündür. Qanunvericiliyə görə, valideynlərdən biri uşağın maddi təminatında iştirak etmədikdə digər tərəf rəsmi boşanma olmadan məhkəməyə müraciət edə bilər.
Vəkil Ceyhun İsmayılov Demokrat.az-a açıqlamasında qeyd edib ki, nikahın pozulmadan da şəxsin aliment tələb etmək hüququ mövcuddur və məhkəmə təcrübəsində də belə hallar baş verir:

“Əgər ata uşaqların saxlanılmasında iştirak etmirsə, onların maddi təminatına heç bir şəkildə kömək göstərmirsə və ailənin qayğısına qalmırsa, bu zaman ananın atadan aliment tələb etmək hüququ yaranır. Bunun üçün nikahın mütləq pozulması tələb olunmur. Yəni tərəflər birgə nikahda olduqları halda da uşaqların saxlanılması üçün aliment tələb edilə bilər. Bu zaman məhkəmə işin bütün hallarını araşdırır.
Əgər uşaqların saxlanılması ilə bağlı atanın üzərinə düşən vəzifələri yerinə yetirmədiyi, maddi yardım göstərmədiyi və uşaqların təminatında iştirak etmədiyi təsdiqlənərsə, məhkəmə aliment tutulması ilə bağlı iddianı təmin edə bilər”.
O bildirib ki, aliment tələb etmək üçün mütləq boşanma prosesinin başlaması və ya nikahın rəsmi şəkildə pozulması şərt deyil:
“Əsas məsələ uşaqların saxlanılması və onların maddi təminatında valideynlərdən birinin iştirak etməməsidir. Belə hallarda məhkəmə uşaqların maraqlarını və onların normal təminatını əsas götürərək qərar verir. Nəticədə nikah davam etdiyi müddətdə də atadan uşaqların saxlanılması üçün aliment ananın xeyrinə tutula bilər”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью