Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Altı ayda 9 776 boşanma — qanun nikahı bitirməyi öyrənib, ondan sonrasını yox...
Dövlət Statistika Komitəsi ilin birinci yarısının rəqəmlərini açıqlayıb. Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən altı ayda 19 224 nikah, 9 776 boşanma qeydə alınıb.
Rəqəmi bir də oxuyun. Eyni dövrdə qeydə alınan hər iki nikaha təxminən bir boşanma düşür.
Əlbəttə, bu, həmin altı ayda evlənən hər ikinci cütlüyün artıq boşandığı demək deyil. Statistika müxtəlif illərdə qurulmuş ailələri eyni dövrün göstəricilərində birləşdirir. Bu izahı da verim ki, rəqəmlə arası yaxşı olanlar məndən inciməsin. İndi əsas məsələyə qayıdaq.
Ötən ilin ilk yarısında 24 815 nikah və 10 350 boşanma qeydə alınmışdı. Yəni nikahların sayı 5 591 azalıb, boşanmaların sayı isə cəmi 574. Ailə quranların sayı sürətlə aşağı düşür, boşananların sayı isə mövqeyini kifayət qədər inamla qoruyur.
Bu, artıq statistika deyil, cəmiyyətin nəbzidir. Nəbz bir neçə ildir eyni narahat ritmlə vurur. Biz isə hələ də toy saraylarının sayını hesablayırıq.
Mən bu rəqəmi hesabatlardan yox, məhkəmə dəhlizlərindən tanıyıram. Hesabatda boşanma bir sətirdir. Məhkəmədə isə həmin sətir minimum üç ayrı işə çevrilir. Əvvəl nikah pozulur. Sonra aliment tələb olunur. Ardınca uşağın kimdə qalacağı, digər valideynlə nə vaxt görüşəcəyi və evin kimə çatacağı müzakirə edilir.
Rayon məhkəmələrinin iclas siyahılarında ailə işləri bir-birini əvəz edir. İş yükü o qədərdir ki, bəzən bir ailənin taleyinə on beş dəqiqə vaxt düşür. On beş dəqiqəyə iki yetkin insanın nikahı, bir uşağın yaşayış yeri və ya gələcək görüş saatları müzakirə olunur.
Sonra qapı açılır. Növbəti ailə içəri girir.
Boşanmanın özü çətin deyil. Sistem bu hissəni kifayət qədər yaxşı öyrənib. Yetkinlik yaşına çatmayan ümumi uşaq yoxdursa və tərəflər razıdırsa, qeydiyyat orqanı kifayət edir. Uşaq varsa, bir qayda olaraq məhkəmə. Tərəflərdən biri boşanmaq istəmirsə, hakim adətən üç ayadək barışıq müddəti verir.
Əksər işlərdə isə hakim qarşısında oturan iki adamın gözündə barışıq yox, bir-birindən tez qurtulmaq arzusu görür.
Qərar çıxır. Möhür vurulur. Elektron sistemdə ailə vəziyyəti dəyişir. Dövlət öz üzərinə düşən işi görmüş sayılır.
Axı nikah rəsmi şəkildə bitib. Daha nə lazımdır?
Problem də elə bundan sonra başlayır. Çünki elektron sistemdə ailə vəziyyətini dəyişmək asandır. Uşağın həyatını, ailənin əmlakını və illərlə yığılan incikliyi isə bir düymə ilə yeniləmək olmur.
Əvvəl aliment gəlir. Ailə Məcəlləsinin 76-cı maddəsi bu məsələdə çox dəqiqdir. Bir uşağa gəlirin dörddə biri, iki uşağa üçdə biri, üç və daha çox uşağa yarısı.
Qanunun riyaziyyatı var. Uşağın isə xərcləri.
Gəlir qeyri-müntəzəm və ya ümumiyyətlə, yoxdursa, məhkəmə alimenti sabit pul məbləğində də müəyyən edə bilər. Deməli, kağız üzərində burada da problem yoxdur. Problem alimenti tutmağa gələndə başlayır.
Azərbaycanın bəzi aliment borcluları hüquqi baxımdan son dərəcə zahid həyat yaşayırlar. Rəsmi işləri yoxdur. Bank hesablarında pul yoxdur. Adlarına ev, maşın, torpaq və şirkət payı çıxmır. Amma birtəhər yaxşı geyinir, avtomobil idarə edir, restorana gedir, bəzən xaricdə istirahət etməyə də imkan tapırlar. Bu, kiçik iqtisadi möcüzədir.
Maşın qardaşın adınadır. Ev ananın. Biznes dostun. Telefon nömrəsi də yəqin ki, qonşunundur. Aliment borclusunun öz adına qalan yeganə şey aliment borcudur.
İcra məmuru dövlət reyestrlərinə baxır və heç nə tapmır. Dövlət yalnız rəsmiləşdirilmiş əmlakı gördüyünə görə belə nəticə çıxır ki, həmin şəxs yəqin hava ilə qidalanır və avtomobili də mənəvi qüvvə ilə idarə edir.
Uşaq isə icra aktı ilə qidalanmır.
Ana icra şöbəsinə gedir. Ərizə yazır. Sorğu göndərilir. Cavab gözlənilir. Yenidən ərizə yazılır. Qanun aliment öhdəliyindən qərəzli yayınmaya və məhkəmə qərarını qərəzli icra etməməyə görə cinayət məsuliyyəti də nəzərdə tutur. Amma həmin mərhələyə çatana qədər uşaq bir neçə yaş böyüyə bilər.
Bəzən iş uşağın özündən yavaş böyüyür.
Gəzməyənlər isə susur. Susmaq da bir cavabdır. Uşaq ona çatmalı olan pulu görmür, sistem isə bunu çoxdan təəccüblü hadisə hesab etmir.
Sonra əmlak məsələsi gəlir. Qanuna görə, nikah dövründə ər-arvadın ümumi gəliri hesabına alınmış əmlak onlardan hansının adına rəsmiləşdirilməsindən asılı olmayaraq ümumi birgə mülkiyyətdir.
Yenə kağız üzərində hər şey əladır.
Amma Azərbaycanda boşanma qoxusunu hiss edən bəzi əmlakların qəribə köçmək qabiliyyəti var. Ev gedib qayınatanın adına çıxır. Maşın ərin qardaşını seçir. MMC-dəki pay qəfil köhnə dostuna bağlanır. Ailə krediti isə heç yerə getmir. O, sonadək ər-arvada sadiq qalır.
Qadın on beş il həmin evdə yaşayıb. Uşaq böyüdüb. Evi təmir etdirib. Ailə büdcəsini idarə edib. Boşananda məhkəmədə öyrənir ki, hüquqi baxımdan həmin evlə heç bir əlaqəsi yoxdur.
Hakimin qarşısında çıxarış dayanır. Çıxarışın yaddaşı olmur. O, evi kimin təmir etdirdiyini, kommunal xərcləri kimin ödədiyini, uşağın hansı otaqda böyüdüyünü xatırlamır. Yalnız mülkiyyətçinin adını tanıyır.
Ad isə başqasınındır.
Əmlak həqiqətən üçüncü şəxsin vəsaiti ilə alınıbsa, onun mülkiyyət hüququ, əlbəttə, qorunmalıdır. Amma ailənin pulu ilə alınmış əmlak formal olaraq yaxın qohumun adına keçirilibsə, illər sonra bunu sübut etmək olduqca çətindir. Heç kim evlənəndə düşünmür ki, on beş ildən sonra boşanacaq və təmir üçün aldığı suvağın qəbzini məhkəmədə sübut kimi təqdim etməli olacaq.
Beləliklə, on beş illik ailə həyatı bir vərəq çıxarışa uduzur.
Bu, ailə hüququnun boşluğu deyil. Ailə hüququnun formal mülkiyyət sənədi qarşısında məğlubiyyətidir.
Ən ağır məsələ isə uşaqdır. Məhkəmə uşağın yaşayış yerini valideynlərdən birinin yanında müəyyən edir, digər valideynə ünsiyyət hüququ verir. Həftədə iki gün, yay tətilində iki həftə, bayramlarda növbə ilə və s.
Cədvəl kifayət qədər dəqiq olur. Sanki söhbət uşaqdan yox, qatarın hərəkət qrafikindən gedir.
Şənbə günü saat 10-da təhvil verilməli, saat 18-də geri qaytarılmalıdır. Uşağın da məhkəmə qətnaməsini oxuyub hisslərini həmin qrafikə uyğunlaşdıracağı güman edilir.
Bir valideyn uşağı göstərmir. Digəri aparıb vaxtında qaytarmır. Uşaq bəzən özü görüşmək istəmir. Bunun səbəbi gah digər valideynin təsiri, gah qorxu, gah da illərlə formalaşmış yadlaşma olur.
İcra məmuru gəlir və akt tərtib edir. Uşağın görüşdən imtina etdiyi aktda qeyd olunur. Sənəd hazırdır. İşin sənədləşmə hissəsi uğurla başa çatıb.
Valideynlə uşağın münasibəti isə əvvəlki kimi pozulmuş vəziyyətdə qalır.
İcra məmuru hüquqşünasdır, inzibati proseduru bilir. Amma o, ailə psixoloqu deyil. Uşağın etimadını aktla bərpa etmək, valideyn yadlaşmasını protokolla aradan qaldırmaq mümkün deyil.
Bir çox ölkədə belə işlərlə psixoloqlar, sosial işçilər və ixtisaslaşmış ailə xidmətləri məşğul olur. Bizdə isə eyni hakim səhər kredit borcuna, günorta boşanmaya, axşam torpaq mübahisəsinə baxır. Ondan bir gün ərzində həm bank hüquqşünası, həm əmlak mütəxəssisi, həm də ailə psixoloqu olması gözlənilir.
Sonra da soruşuruq ki, ailə işlərinə niyə daha həssas yanaşılmır.
Mediasiya bu problemlərin bir hissəsini həll etməli idi. 2021-ci ildən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Fikir bu idi ki, insanlar məhkəməyə getməzdən əvvəl oturub danışsınlar.
Sistem isə bu yaxşı ideyadan özünə ən doğma olan hissəni götürdü. Arayışı.
İnsanlar mediasiyaya mübahisə ilə daxil olur, arayışla çıxırlar. Mübahisə olduğu yerdə qalır, amma sənəd hazırlanır. İnstitusional baxımdan əsas məsələ həll olunmuş sayılır. Axı sənəd varsa, deməli proses də olub.
Ailə dağılmış ola bilər. Əsas odur ki, arayış salamatdır.
Halbuki mediasiyanın işi tərəfləri məcburən barışdırmaq deyil. Nikah xilas olunmursa belə, aliment, əmlak, uşağın yaşayış yeri və ünsiyyət qaydası barədə razılaşma əldə edilə bilər. Bunun üçün isə tərəfləri bir otaqda bir neçə dəqiqə oturdub nəticəsizlik sənədi vermək kifayət etmir.
Mediasiya bir çox halda barışdırmaq üçün yox, məhkəməyə keçid bileti vermək üçün işləyir. Bu, ideyanın yox, icra olunmanın uğursuzluğudur. Amma uşağın və tərəflərin nöqteyi-nəzərindən nəticə eynidir.
Bu yerdə kimsə deyəcək ki, boşanma pisdir, ailə müqəddəsdir, gənclər tələsir. Bu cümlələri demək həmişə asandır. Xüsusilə aliment almaq üçün icra şöbəsinin növbəsində dayanmırsansa və uşağını görmək üçün hər həftə akt tərtib etdirmirsənsə.
Vəkil kimi mənim işim insanları qapını bağlayıb nikahda saxlamaq deyil. Mənim işim ayrılan adamların ayrıldıqdan sonra da insan kimi yaşaya bilməsini təmin edən mexanizmin işləyib-işləmədiyinə baxmaqdır.
O mexanizm isə, yumşaq desək, məzuniyyətdədir.
Altı ayda 10 minə yaxın boşanma qeydə alınıb. Bu qədər boşanmanın arxasından potensial aliment işi, əmlak davası və uşaq mübahisəsi gəlir. Bu, ayrı-ayrı ailələrin şəxsi dramı olmaqdan çıxıb. Dövlət miqyasında hüquqi və sosial yükə çevrilib.
Nə etmək lazım olduğu da qismən bəllidir.
Zənnimcə, aliment uşağın real minimum ehtiyaclarını qoruyan zəmanətli həddə bağlanmalıdır. Uzun müddət ödəniş olmadıqda minimum məbləğin dövlət tərəfindən verilməsi mexanizmi yaradılmalı, sonra sistem həmin vəsaiti borcludan tutmalıdır. Borclunun bank hesabları, əmlakı, nəqliyyat vasitələri və şirkətlərdəki payları vahid elektron sistem vasitəsilə yoxlanılmalıdır. Müəyyən edilmiş şərtlər yarandıqda ölkədən çıxışın məhdudlaşdırılması və hesablara tutmanın yönəldilməsi, hətta idarə etdiyi nəqliyyat vasitəsinə sürücülük hüququnun belə məhdudlaşdırması aylarla ərizə yazılmasından asılı olmamalıdır.
Ailə vəsaiti ilə alınmış əmlak yaxın qohumun adına rəsmiləşdirilibsə, məhkəmə yalnız çıxarışla kifayətlənməməlidir. Pulun mənbəyi, ödənişləri kimin etdiyi və əmlakdan faktiki kimin istifadə etdiyi araşdırılmalıdır.
Uşaqla ünsiyyət qaydasının icrası yalnız icra məmuruna buraxılmamalıdır. Psixoloq və sosial işçilərin daxil olduğu ixtisaslaşmış ailə xidməti yaradılmalıdır.
Ailə işlərinə baxan hakimin masasında da mümkün qədər ailə işlərindən başqa iş olmamalıdır.
Bunların heç biri yeni fikir deyil. Hamısı illərdir konfranslarda səslənir. Panellər keçirilir, şəkillər çəkilir, “məhsuldar müzakirə” barədə paylaşımlar edilir. Sonra tövsiyələr səliqə ilə qovluğa qoyulur.
Rəqəmlər isə protokol qaydalarını sevmir. Altı aydan bir yenidən gəlir və masanın üstünə oturur.
Ondan sonra yenə toy olacaq. Yenə üç yüz nəfər. Yenə kabab, yenə şabaş, yenə iki saat gecikən bəy.
Salonun bir küncündə isə bu ilin rəqəmi sakitcə oturub gözləyəcək. Hər iki nikaha bir boşanma.
O, yemək istəməyəcək. Yer tutmayacaq. Musiqi sifariş verməyəcək. Bəydən fərqli olaraq vaxtında gələcək.
Heç kim ona baxmayacaq.
Halbuki o, toylarımızın ən sədaqətli qonağıdır.
Yaqub Nəcəfli
Vəkillər Kollegiyasının üzvü,
Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA) üzvü, "O.P. Jindal Global University"nin dosenti
Web: www.najafli.az