Boşansalar da eyni evdə yaşadılar, qısqanclıqdan dava düşdü

18.09.2026

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Quba rayonunda 46 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun kəndlərindən birində baş verib. 1980-ci il təvəllüdlü Mehdi birgə yaşadıqları evdə arvadı Solmaz (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadının üz və bədən nahiyələrinə yumruqla, bədəninə isə təpiklə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2006-cı ildə Solmaz ilə ailə həyatı qurub, birgə nikahdan onların üç övladı var:
“2025-ci ilin avqust ayında münasibətlərimiz pozulduğuna görə rəsmi qaydada boşandıq. Boşanmağımıza baxmayaraq, eyni evdə yaşamışıq. Məlum hadisə günü səhər saat 08 radələrində yaşadığımız evdə olarkən Solmazın harasa getmək üçün hazırlaşdığını gördüm və ondan hara getdiyini soruşdum. O, kobud şəkildə cavab verdiyi üçün aramızda mübahisə yarandı. Həmin vaxt əsəbləşdiyim üçün Solmazın saçından tutaraq dartdım, onun başından və bədənindən yumruqla vuraraq yerə yıxdım. Bizim səsimizə həmin vaxt evdə olan qızım gəldi və bizi ayırdı”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu bildirib və ona yüngül cəza təyin edilməsini xahiş edib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Mehdi 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Quba Rayon Məhkəməsinin 13 aprel 2026-cı il tarixli hökmü ilə təyin edilmiş 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 ay 3 gün hissəsi hazırkı hökmlə təyin olunmuş 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən toplamaq yolu ilə qismən birləşdirilib və təqsirləndirilən şəxsin üzərində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Quba rayonunun hüdudlarını tərk etməsi, hər gün axşam saat 23:30-dan növbəti gün səhər saat 06:00-dək yaşayış yerini tərk etməsi qadağan olunub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılıb.
Qeyd edək ki, Mehdi bu ilin aprel ayında da arvadına xəsarət yetirdiyi üçün mühakimə edilib.
Fariz Məlikli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью