Botsvananın sabiq Prezidenti 86 yaşında vəfat edib

08.05.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Botsvananın sabiq Prezidenti Festus Moqae 86 yaşında vəfat edib. Ölkədə bununla əlaqədar üç günlük rəsmi matəm elan olunub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Festus Moqae 1998–2008-ci illərdə Botsvanaya rəhbərlik edib. O, prezident səlahiyyətlərini vitse-prezident Yan Xamaya təhvil verib.

İxtisasca iqtisadçı olan Moqae ölkə iqtisadiyyatının uğurlu idarə olunmasına görə nüfuz qazanıb. O, Botsvanada HİV/QİÇS-ə yoluxma səviyyəsinin dünyada ən yüksək göstəricilərdən biri olduğu dövrdə problemin həlli istiqamətində aşkar fəaliyyətə başlayıb. Həmçinin Afrika qitəsində bu xəstəliklə mübarizə üzrə ən geniş proqramlardan birini qəbul edib.

Festus Moqae 1939-cu il avqustun 21-də Serove şəhərində anadan olub. O, Böyük Britaniyada təhsil alıb və Botsvana 1966-cı ildə müstəqillik əldə edəndən qısa müddət sonra dövlət xidmətinə başlayıb. Prezident seçilənədək maliyyə naziri və vitse-prezident vəzifələrində çalışıb.

O, konstitusiyanın icazə verdiyi iki prezidentlik müddəti başa çatdıqdan sonra vəzifəsindən ayrılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью