Böyük bazar, real imkanlar: Bakı Moskva münasibətlərinin fərqli üzü

26.01.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin yüksəlməsi, xüsusilə qeyri-neft ixracının artması iki ölkə arasında iqtisadi əlaqələrin gücləndiyini göstərir. Bu dinamika regiondakı iqtisadi balansda əhəmiyyətli rol oynamaqla yanaşı, tərəflər arasında mövcud əməkdaşlığın daha dayanıqlı və institusional xarakter almasına da təsir edir.

Ticarət dövriyyəsinin artması bir tərəfdən müəyyən iqtisadi asılılıq ehtimallarını gündəmə gətirsə də, digər tərəfdən qarşılıqlı maraqlara əsaslanan faydanın güclənməsi baxımından da qiymətləndirilə bilər. Bu proses eyni zamanda qeyri-neft sektorunun inkişafına əlavə stimul yaradır və ixrac imkanlarının genişlənməsinə şərait formalaşdırır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında analitik Turab Rzayevin sözlərinə görə,  əsas məsələ ondan ibarətdir ki, Azərbaycan maksimum şəkildə ixrac potensialını artırmalıdır və bunun üçün böyük bazarlardan biri də Rusiya bazarıdır. Müsahibimizə görə, ideal variant ondan ibarət olardı ki, Azərbaycan öz məhsullarını Uzaq Asiyaya, Avropa İttifaqı ölkələrinə və Amerikaya sata bilsin: “Belə olduğu halda həm daha yüksək gəlirlilik əldə etmək, həm məhsulları daha yüksək qiymətə satmaq, həm də bazarların diversifikasiyasını təmin etmək mümkün olardı. Ancaq hazırkı mərhələdə Azərbaycan həmin bazarlara daxil olmaqda müəyyən çətinliklərlə üzləşir. Bu çətinliklər həm obyektiv, həm də subyektiv səbəblərlə bağlıdır. Ona görə də bizim üçün vacibdir ki, ən azı Rusiya bazarının mövcud potensialından səmərəli şəkildə istifadə edək. Burada Azərbaycanın ərazi baxımından yaxınlığı, logistikanın nisbətən sadə olması, Rusiya ixrac şərtlərinin daha əlçatan olması kimi amillər mühüm rol oynayır”.

Turab Rzayev: Azərbaycan Rusiyadan müxtəlif enerji resursları alaraq daxili tələbatını qarşılamağa çalışır

Politoloqun dediyinə görə, elə məhsullar var ki, hazırda bir sıra ölkələr onları Rusiya bazarına sata bilmir:

“Azərbaycan isə bu boşluqdan istifadə edərək öz məhsullarını həmin bazara çıxara və bazarda daha geniş mövqe tuta bilər. Digər tərəfdən, Azərbaycanla Rusiya arasında qarşılıqlı idxal da artır. Böyük ehtimalla Azərbaycan Rusiyadan müxtəlif enerji resursları alaraq daxili tələbatını qarşılamağa çalışır”.

Turab Rzayev vurğulayıb ki, görünən odur ki, siyasi münasibətlərdə müəyyən incəliklər və həssas məqamlar olsa da, Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələr bu proseslərdən kənarda qalır:

“Çünki iqtisadiyyat daimi əsasda fəaliyyət göstərməlidir. Siyasi proseslər isə gündəlik, həftəlik və aylıq olaraq dəyişən və diqqətlə izlənən məsələlərdir. Məhz buna görə də iqtisadi münasibətlərin siyasi münasibətlərdən nisbətən müstəqil şəkildə davam etdiyini və hətta müəyyən qədər inkişaf etdiyini müşahidə edirik”.

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью