Böyük Britaniya rusiyalı alimlərə sanksiya tətbiq edib

06.07.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

London, 6 iyul, AZƏRTAC

Böyük Britaniya hökuməti Rusiyanın kimyəvi silah proqramının hazırlanmasında iştirak edən alimlərə və elmi-tədqiqat müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq edib.

AZƏRTAC Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, sanksiyalar 2018-ci ildə İngiltərənin Solsberi şəhərində keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yuliyaya qarşı sui-qəsddə istifadə olunan “Noviçok” sinir-iflic maddəsinin hazırlanmasında iştirak edən şəxsləri və qurumları əhatə edir. Həmin hadisə nəticəsində təsadüfən zəhərlənən britaniyalı Don Sturcess həyatını itirmişdi.

Yeni məhdudiyyətlərə, həmçinin Rusiya müxalifətinin tanınmış simalarından Aleksey Navalnıya qarşı istifadə olunduğu bildirilən “Epibatidin” toksininin hazırlanmasında iştirak edən şəxslər də daxil edilib.

Sanksiyalar yeddi fiziki şəxs və iki elmi-tədqiqat institutunu əhatə edir. Məhdudiyyətlər çərçivəsində onların aktivləri dondurulub və Böyük Britaniyaya girişlərinə qadağa qoyulub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью