Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, məsələ ilə bağlı məsləhətləşmələr başa çatdıqdan sonra qərar artıq bu ilin yayında verilə bilər. Qadağa təkcə sosial şəbəkələrə deyil, həm də çat-botlardan istifadəyə şamil ediləcək. Hökumət həmçinin onlayn platformalardan uşaqların sonsuz “skroll” funksiyalı tətbiqlərdə keçirdiyi vaxta məhdudiyyət tətbiq etməyi tələb etmək niyyətindədir.
Fevralın 15-i axşam saatlarında Nazirlər Kabineti bildirib ki, fevralın 16-dan etibarən “Onlayn Təhlükəsizlik Qanunu”na dəyişikliklərlə bağlı təcili qanunvericilik işlərinə başlanılacaq. Böyük Britaniyanın Baş naziri Keir Starmerin ofisinin yaydığı bəyanatda qeyd olunub ki, hökumət “hüquqi boşluğu sürətlə aradan qaldıracaq və bütün süni intellekt çat-bot təchizatçılarını qanunsuz məzmunla mübarizə öhdəliklərinə əməl etməyə məcbur edəcək”.
Starmer bu kontekstdə Londonun amerikalı milyarder Elon Muska məxsus "xAI" şirkəti tərəfindən hazırlanmış "Grok" çat-botu ilə bağlı atdığı addımları nümunə göstərib. Bildirilib ki, bu yenilik “heç bir platformanın xüsusi imtiyaza malik olmadığını göstərən aydın mesaj göndərib”.
“Bu gün uşaqlara təhlükə yaradan boşluqları aradan qaldırır və gələcək addımlar üçün zəmin yaradırıq. Biz uşaqların rifahını qorumaq və valideynlərə sosial şəbəkələrin "mina sahəsi"ndə yol tapmağa kömək etmək üçün hərəkətə keçirik”, – deyə Starmerin bazar ertəsi çıxışında səsləndirəcəyi fikirlərdən sitat gətirilir.
"The Times" yazır ki, prosesi sürətləndirmək üçün baş nazir “Henrix VIII səlahiyyətləri” adlanan mexanizmdən istifadə etməyi planlaşdırır. Bu səlahiyyətlər 1509–1547-ci illərdə hökmranlıq etmiş İngiltərə kralı Henry VIIIin adı ilə bağlıdır və hökumətə bəzi hallarda parlamentdə tam müzakirə olmadan, ikincili normativ aktlar vasitəsilə qanunvericiliyə dəyişiklik etməyə imkan verir.
Hökumətin bəyanatında vurğulanır: “Bu səlahiyyətlər bizə texnologiya inkişaf etdikcə hər dəfə yeni qanunların parlamentdə qəbulunu illərlə gözləmək əvəzinə, araşdırmaların nəticələrinə əsasən bir neçə ay ərzində operativ şəkildə hərəkət etməyə imkan verəcək”.
Fevral ayında Böyük Britaniyanın İnformasiya üzrə Komissar İdarəsi (ICO) amerikalı "X" sosial şəbəkəsi və "xAI" şirkəti barəsində "Grok" əsaslı çat-botun yaratdığı təsvirlərlə bağlı araşdırmaya başlayıb. Yanvarın 13-də isə analoji araşdırmaya Böyük Britaniyanın media tənzimləyicisi "Ofcom" start verib.
"The Daily Telegraph" qəzetinin məlumatına görə, Londonun narazılığına səbəb istifadəçilərin sorğuları əsasında sosial şəbəkəyə inteqrasiya olunmuş çat-botun qadınların və uşaqların açıq-saçıq görüntülərini yaratması olub. Nəşr qeyd edir ki, sözdə “dipfeyk”lər artıq Uels şahzadəsi Ketrin (Midltone), britaniyalı məşhurlar, Nazirlər Kabinetinin üzvləri və deputatlara da təsir göstərib.
Qadir, Bizimyol.info