Böyük Britaniyada milyonlarla ev daşqın riski altındadır

14.10.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

London, 14 oktyabr, AZƏRTAC

Böyük Britaniyada iqlim dəyişikliyinin təsiri ilə daşqın riski sürətlə artır və milyonlarla ev təhlükə altına düşüb.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, İngiltərə, Şotlandiya və Uelsin bəzi şəhər və qəsəbələrində daimi daşqınlar və sığorta sisteminin çöküşü səbəbindən yaşayış yerlərinin tərk edilməsi qaçılmaz ola bilər.

Bildirilib ki, xüsusilə London, Mançester və İngiltərənin şimal-şərq bölgələri ən çox zərər çəkəcək ərazilər kimi göstərilir. Bir çox bölgələrdə evlərin və obyektlərin sığortalanması qeyri-mümkün olacaq.

Vusterşir qraflığındakı Tenberi-Uells şəhəri artıq ictimai binaların sığortalanmadığı ilk şəhər olub. Tarixən hər 10 ildən bir daşqınlarla üzləşən şəhər son 6 ildə 4 dəfə ciddi daşqınla üzləşib.

Ekspertlər qeyd edirlər ki, Londonun daşqın bəndləri və müdafiə infrastrukturu təcili şəkildə yenilənməlidir. Onlar xəbərdarlıq edirlər ki, əgər iqlim dəyişikliyinə qarşı təcili tədbirlər görülməsə, Böyük Britaniyanın bəzi şəhərləri gələcəkdə yaşayış üçün yararsız ola bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью