Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb

11.06.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

London, 11 iyun, AZƏRTAC

Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) aşağıbüdcəli aviaşirkət olan “Ryanair”in valideynlərdən uçuş zamanı uşaqlarının yanında əyləşə bilmələri üçün əlavə ödəniş tələb etməsi ilə bağlı araşdırmaya başlayıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tənzimləyici qurum bu ödənişlərin istehlakçı qanunvericiliyinə uyğun olub-olmadığını araşdırır.

CMA-nın məlumatına görə, “Ryanair” adətən hər istiqamət üzrə təxminən 8 funt sterlinq məbləğində ödəniş alır. Şirkətin qaydalarına əsasən, yaşı 2-dən 11-dək olan uşaqlar valideynləri ilə birlikdə əyləşməlidirlər. Bunun üçün isə aviaşirkətin “məcburi ailə oturacağı” adlandırdığı xidmət çərçivəsində əlavə ödəniş tələb olunur.

“Ryanair” araşdırmanı əsassız adlandıraraq “ailə oturacaqları siyasəti”nin bütün müvafiq qanunlara tam uyğun olduğunu bildirib.

CMA qeyd edib ki, Böyük Britaniyadan uçuşlar həyata keçirən iri aviaşirkətlər arasında bu cür ödənişi tətbiq edən yeganə şirkət “Ryanair”dir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью