Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
London, 11 noyabr, AZƏRTAC
Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəbə bomba hədəsi ilə bağlı saxta elektron məktublar göndərilib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, polis hadisə ilə əlaqədar təcili araşdırmalara başlayıb. İlkin qiymətləndirmələrə əsasən, hədələrin real təhlükə yaratdığına dair hər hansı sübut aşkar edilməyib. Şotlandiya polisi bildirib ki, təhdid xarakterli mesajlar ölkə üzrə çoxsaylı elektron poçt ünvanlarına kütləvi şəkildə göndərilib. Bununla belə, məktəblərə və ya əhaliyə qarşı real təhlükənin mövcudluğunu göstərən hər hansı məlumat yoxdur.
Polisin açıqlamasında qeyd olunub ki, bu cür mesajların şagirdlər, valideynlər və məktəb əməkdaşları arasında ciddi narahatlıq yaratdığı başa düşüləndir. Şimali İrlandiya Polis Xidməti isə bölgədə ən azı 300 məktəbin narahatlıq doğuran elektron məktublar aldığını təsdiqləyib. Hazırda hüquq-mühafizə orqanları mesajların mənbəyini müəyyənləşdirmək və hadisənin bütün hallarını araşdırmaq üçün tədbirlər görür.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London