Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Farajın qələbəsi və “Dumanlı Albion”da etimad problemi
Naycel Faraj yenidən Böyük Britaniya siyasətinin diqqət mərkəzindədir. “Brexit” kampaniyasının əsas simalarından biri olan siyasətçi bu dəfə parlamentdəki mandatını qorumaq əvəzinə, maliyyə şəffaflığı ilə bağlı ittihamların yaratdığı siyasi zərəri aradan qaldırmaq məqsədilə seçki meydanına çıxmışdı. Ona görə də Klaktonda keçirilən növbədənkənar seçki Farajın şəxsi siyasi nüfuzunun sınağına çevrildi.
ARAYIŞ: Naycel Faraj uzun illər Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının tərəfdarı kimi çıxış edib və bu mövzunu ölkənin siyasi gündəminə daşıyıb. Faraj əvvəlcə UKIP-ə (Birləşmiş Krallığın Müstəqillik Partiyası), daha sonra isə Reform UK partiyasına rəhbərlik edib. O, özünü ənənəvi siyasi elitanın tənqidçisi və adi seçicilərin maraqlarının müdafiəçisi kimi tanıdır. Kəskin çıxışları və miqrasiya əleyhinə mövqeyi ona həm böyük dəstək, həm də ciddi tənqidlər qazandırıb. Rəsmi dövlət vəzifələrində az təmsil olunsa da, son 20 ildə Britaniya siyasətinə ən çox təsir göstərən fiqurlardan biri hesab olunur.
Faraj son həftələrdə maliyyə hesabatlılığı ilə bağlı suallarla üzləşirdi. İddialara görə, o, varlı bir tərəfdardan aldığı milyonlarla funt sterlinqlik dəstəyi parlament qaydalarına uyğun şəkildə bəyan etməyib. Məsələnin hüquqi tərəfi müzakirə mövzusu olsa da, siyasi tərəfi daha böyük əhəmiyyət daşıyırdı. Çünki Faraj uzun illərdir özünü siyasi elitanın əleyhdarı, adi seçicilərin müdafiəçisi və mövcud sistemin tənqidçisi kimi təqdim edirdi. Belə bir siyasətçi üçün maliyyə şəffaflığı ilə bağlı ittihamlar onun siyasi imicinə yönəlmiş zərbədir. Məhz buna görə də o, parlamentdən istefa verərək yenidən seçkiyə getdi. Farajın əsas mesajı ondan ibarət idi ki, siyasi rəqiblər və media onu hədəfə alsa da, son qərarı seçicilər verməlidir. Beləliklə, maliyyə mübahisəsi Faraj tərəfindən növbəti dəfə “xalq və siyasi elita” qarşıdurması çərçivəsində təqdim olunurdu.
Lakin Klakton seçkisini maraqlı edən əsas məqam nəticədən çox, seçkinin xarakteri oldu. Farajın qarşısına 30-dan çox namizəd çıxmışdı. Bu, Britaniya siyasi tarixində ən uzun seçki bülletenlərindən birinin yaranmasına səbəb oldu. Namizədlər arasında müstəqillər, fəallar və etiraz məqsədilə yarışa qoşulan şəxslər var idi. Onlardan ən çox diqqəti çəkən isə Kount Binfeys idi.
Gümüşü plaş və metal qutuya bənzər başlıqla tanınan Binfeys komediyaçı Conatan Harvinin yaratdığı satirik siyasi obrazdır. O, illərdir müxtəlif seçkilərdə iştirak edir və mandat qazanmaq kimi bir niyyəti yoxdur. Əsas məqsədi Britaniya siyasətini və siyasətçiləri satira vasitəsilə tənqid etməkdir. Onun seçki kampaniyaları adətən zarafat xarakterli vədlərlə yadda qalır. Lakin bu zarafatların arxasında siyasi mesaj dayanır. Yəni seçicilərin bir hissəsi ənənəvi siyasətdən narazıdır və bunu istehza yolu ilə ifadə edir.
Məhz burada daha maraqlı sual ortaya çıxır. Niyə satirik namizəd hər seçkidə diqqət mərkəzinə çevrilə bilir? Bunun səbəbini sadəcə yumorla əlaqələndirmək düzgün olmaz. Kount Binfeys fenomeni Britaniya cəmiyyətində siyasətə münasibətin dəyişdiyini göstərir. Bir çox seçici hesab edir ki, siyasi partiyaların çıxışları bir-birinə bənzəyir, vədlər təkrarlanır və real problemlərin həlli gecikir. Bu səbəbdən satira bəzən ənənəvi siyasətdən daha inandırıcı görünür.
Ümumən son illərdə Qərb ölkələrinin əksəriyyətində siyasi institutlara etimadın azalması müşahidə olunur. Seçicilər ənənəvi partiyalara daha az bağlanır, siyasi loyallıq zəifləyir və etiraz davranışları artır. Bəzi ölkələrdə bu etiraz yeni partiyalara səs verməklə, digərlərində isə satirik namizədlərə maraq göstərməklə özünü büruzə verir.
Farajın seçki gecəsində verdiyi qərar da bu gərgin atmosferin göstəricisi idi. O bildirdi ki, polis ona nəticələrin elan olunmasını pozmağa yönəlmiş mümkün aksiyalar barədə xəbərdarlıq edib. Buna görə də səslərin hesablanması zamanı zalda iştirak etməyəcəyini açıqladı. Reform UK partiyası Faraja qarşı real təhlükənin mövcudluğunu bildirdi. Polis isə təhlükəsizlik tədbirlərinin kifayət qədər olduğunu vurğuladı.
Yeri gəlmişkən, “Brexit” referendumundan sonra ölkədə siyasi mübahisələr daha emosional xarakter alıb. Miqrasiya, milli kimlik və iqtisadi problemlər kimi mövzular cəmiyyətdə ciddi fikir ayrılıqları yaradıb. Sosial media isə sözügedən prosesləri daha da sürətləndirib. Faraj bu siyasi mühitdən ən yaxşı istifadə edən fiqurlardan birinə çevrilib. O, mürəkkəb siyasi proqramlardan daha çox sadə və emosional mesajlarla çıxış edir. Brexit kampaniyası dövründə qazandığı uğurun əsas səbəblərindən biri də məhz bu idi. Lakin Klakton seçkisi onun siyasi karyerasındakı əsas paradoksu da üzə çıxardı. Bir vaxtlar sistemə qarşı mübarizə aparan siyasətçi indi həmin sistemin ayrılmaz hissəsinə çevrilib.
Sonda bu qənaətə gəlmək olar ki, Britaniya siyasətində əsas mübarizə artıq seçicilərin diqqəti, etimadı və siyasi sistemə olan inamı uğrundadır. Faraj seçkini qazanaraq siyasi mövqeyini qoruya bilər. Lakin sistemə qarşı mübarizə apararaq yüksələn siyasətçinin sistemin bir hissəsinə çevrildikdən sonra onu nə qədər qoruyub saxlayacağı sual altındadır.
Nəzrin ELDARQIZI
XQ