Böyük futbol Gəncəyə qayıtdı…

01.09.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Gəncə şəhər stadionundayam. Oyun hələ başlamayıb… Stadion coşur.”

Dünən oyundan əvvəl qeyd dəftərçəmə yazdığım bu bir cümlə əslində həmin axşamın bir növ xülasəsi, əhval ruhiyyəsi  idi. Hələ hakim start fiti verməmişdi, futbolçular isinmə hərəkətlərini bitirməmişdi, amma tribunalarda nələr baş verirdi, onu gözlə görmək lazım idu. . Gəncə hayqırırdı, Gəncə “Kəpəz”! deyirdi.

Uzun fasilədən sonra doğma meydanda keçirilən ilk rəsmi qarşılaşma böyük idman bayramına çevrilmişdi. Əslində bu, üçillik həsrətin bitməsi, bir şəhərin öz komandasına yenidən qovuşması idi.   

Stadionun ətrafında yüzlərlə yox, minlərlə insan vardı. Sarı-göy formalı uşaqlar, yaşlı azarkeşlər, müxtəlif fanat qrupları, ailələr, şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, Türkiyə və Gürcüstandan gələn qonaqlar… Hamı eyni ünvana gəlmişdi. Çünki Gəncə üçün futbol hər şeydir!

Gəncədə “Kəpəz”i udmaq niyə çətin olacaq?

Bəlkə də bu fikrim kiməsə emosional görünəcək, amma yazıram: Gəncə şəhər stadionunda istənilən komandanın – istər “Qarabağ”, istər “Neftçi”, istər “Sabah”, istərsə də “Turan” olsun – “Kəpəz”i məğlub etməsi çox çətin olacaq.

Səbəb “Kəpəz”in bu gün mükəmməl komanda olması deyil. Əksinə, komandada görünən problemlər var. Hücumda qərarsızlıq da olur, ötürmələrdə səhvlər də. Bu kollektivin hələ inkişaf etməyə ehtiyacı var. Amma obrazlı desək, Gəncədə oyunun bir hissəsini futbolçular, digər hissəsini isə tribunalardakı azarkeşlər oynayır. Dünən bunun canlı şahidi olduq.

Mən Azərbaycanda ikinci elə bir klub tanımıram ki, bütün stadion 90 dəqiqə bu qədər ürəklə öz komandasını ruhlandırsın, coşdursun. O səs dalğası, o ritm, o birlik hissi… Gərək orada olaydınız ki, bunu öz gözlərinizlə görəydiniz.

Stadion Gəncənin adına layiqdir

Bir məqamı xüsusi vurğulamaq istəyirəm. Bu stadion Gəncə üçün böyük qazancdır. Cənab Prezident İlham Əliyevin vaxtında şəhərə bəxş etdiyi bu arena həm görünüşü, həm infrastrukturu ilə ölkənin ən gözəl stadionlarından biridir. Belə bir idman kompleksi yalnız tikilməklə yox, qorunmaqla da dəyər qazanır. Məhz buna görə iki təklifimi də səmimi şəkildə yazıram.

Birinci məsələ – meydança. Ot örtüyünün xüsusilə orta hissəsində bəzi sahələrdə saralma açıq görünürdü. Mövsümün əvvəlidir və bu problem vaxtında aradan qaldırılsa, meydança daha ideal vəziyyətə gətirilə bilər.

İkinci və daha vacib məsələ – nəqliyyat. Oyundan sonra stadionun ətrafında minlərlə avtomobil eyni anda hərəkət etməyə çalışırdı. Nəticədə uzun tıxaclar və tam bir qarışıqlıq yarandı. Məncə, növbəti ev oyunlarından əvvəl xüsusi parkinq zonaları, giriş-çıxış istiqamətləri və polis–könüllü koordinasiyası daha peşəkar qurulmalıdır. Belə stadionun təşkilatçılığı da eyni səviyyədə olmalıdır.

Nəticə? Mən demişdim…

Hər şeydən danışdım, nəticədən yox. “Kəpəz” medallara iddialı “Turan”ı 1:0 hesabı ilə məğlub etdi. Maraqlı təsadüfdür ki, oyun başlamazdan əvvəl media sektorunda həmkarlarımla söhbət edərkən dedim ki, “ürəyimə damıb, “Kəpəz” bu oyunu 1:0 udacaq.”

Final fitindən sonra da tribunalar əsl bayrama çevrildi. İnsanlar bir-birini qucaqlayır, futbolçular azarkeşləri alqışlayırdı. Digər tərəfdə isə Tovuzdan gəlmiş “Turan” fanatları məyus halda baş məşqçinin istefasını səsləndirirdi. Başqa sözlə, futbolun bütün emosiyası eyni stadionda yaşanırdı.

Sonda…

Media sektorunda çalışan jurnalistlər üçün yaradılmış şəraiti də xüsusi qeyd etməliyəm. İşləmək üçün normal infrastruktur, internet, içməli su və yüksək səviyyəli təşkilatçılıq vardı. Bu, təqdir olunmalı məqamdır.

Bəli,dünən Gəncə  üç xal qazanmaqla yanaşı, necə deyərlər, öz futbol ruhunu da  geri aldı.

Təbrik edirəm, Gəncə! Təbrik edirəm, “Kəpəz” azarkeşləri! Siz dünən tribunaları yox, bütöv bir şəhərin ürəyini danışdırdınız.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью