Böyük güclərin Azərbaycana təsir imkanları nə qədərdir? Politoloqun ŞƏRHİ

03.02.2026

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan son illərdə yalnız qonşu regionlarla deyil, qlobal səviyyədə də öz diplomatik mövqeyini gücləndirib. Postmünaqişə dövrü ölkəmizə beynəlxalq arenada daha aktiv iştirak imkanı yaradıb. Bakı Yaxın Şərq, Orta Asiya və Cənubi Qafqazdakı geosiyasi proseslərdə diqqət çəkən rol oynayır. Siyasi təhlilçilər bu yeni balanslı siyasətin ölkəyə gətirdiyi üstünlükləri vurğulayırlar. Balanslı xarici siyasət Azərbaycan üçün hansı üstünlükləri təmin edir? Regiondakı aparıcı dövlətlər Azərbaycanın siyasətinə nə dərəcədə təsir göstərə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən politoloq Murad Sadəddinov bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri balanslı siyasət yürüdür. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi bu siyasətin təsir dairəsini daha da genişləndirib və ölkənin həm Cənubi Qafqazda, həm də ətraf regionlarda rolunu ciddi şəkildə dəyişib.

Politoloq qeyd etdi ki, hazırda Cənubi Qafqazda istənilən böyük və qlobal güc hər hansı layihə həyata keçirmək və ya siyasi maraqlarını təmin etmək istəyirsə, Azərbaycanın mövqeyi ilə razılaşmağa və rəsmi Bakının yanaşmasını nəzərə almağa məcburdur. Bu amil Azərbaycanın regional nüfuzunun artmasının göstəricisidir.

“Azərbaycanın artan nüfuzu artıq region sərhədlərini də aşır. Adətən qlobal güclər müxtəlif regionlarda siyasət həyata keçirərkən əsasən həmin bölgənin aparıcı dövlətlərinin maraqlarını nəzərə alırlar. Lakin son dövrlər bəzi proseslərdə Azərbaycanın da iştirakına xüsusi önəm verildiyini görürük. Məsələn, Yaxın Şərqdə, xüsusilə İsrail-Fələstin məsələsi ilə bağlı ABŞ-ın müəyyən təşəbbüslərində Azərbaycanın cəlb olunması bunun göstəricisidir. Bu, ölkəmizin bu cür proseslərdə iştirak təcrübəsinin və nüfuzunun nəzərə alındığını göstərir”, - deyə, Sadəddinov bildirdi.

Politoloq əlavə etdi ki, region dövlətlərinə təsir göstərmək böyük güclərin hər zaman əsas prioritetlərindən olub. Lakin 44 günlük müharibənin nəticələri bu təsir imkanlarını xeyli məhdudlaşdırıb: “Vaxtilə “dağlıq Qarabağ münaqişəsi” böyük güclər üçün təsir və manipulyasiya vasitəsi idi. Xüsusilə ATƏT-in Minsk qrupu çərçivəsində kənar dövlətlər bu mexanizmdən istifadə edirdilər. Bu gün isə həmin alət mövcud deyil. Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin etməsi də xarici təsir imkanlarını zəiflədən əsas amillərdəndir. Bu gün iqtisadi rıçaqlarla Azərbaycana təsir göstərmək də mümkün deyil. Çünki ölkə iqtisadi baxımdan öz təhlükəsizliyini kifayət qədər təmin edib. Bütün bunlar nəticə etibarilə böyük güclərin Azərbaycanın siyasətinə təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью