Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Cəmilə QURBANOVA:
– İctimai fəaliyyətlə yanaşı, magistratura təhsilimi davam etdirmək və yüksək ortalama ilə məzun olmaq heç də asan deyildi. Yorulduğum, çətinlik çəkdiyim vaxtlar çox olub. Buna baxmayaraq, daim özümü inkişaf etdirməyə və gözəl nəticə ortaya qoymağa çalışmışam.
Bütün tələbələrə demək istəyirəm ki, universitet illəri çox tez keçir. Bilik və bacarığınızı yalnız qiymətlərinizlə ölçməyin. Yaxşı nəticə vacibdir, amma hər şey deyil. Qurduğunuz münasibətlər, iştirak etdiyiniz layihələr, hətta uğursuzluqlar belə gələcək peşəkarlığınızın formalaşmasına təsir edir.
Özünüzü mümkün qədər çox sınayın, yeni insanlarla tanış olun, layihələrə qoşulun və bilmədiyiniz şeyləri öyrənməkdən çəkinməyin. Ən əsası isə universitetdən yalnız diplomla deyil, daha geniş dünyagörüşü, zəngin biliklə ayrılmağa çalışın.
Aydan TAĞIYEVA:
– Musiqiyə sevgim sonsuzdur. Yeniyetməlik dövründən bu sahə ilə məşğul oluram. Gəncə Musiqi Kollecində instrumental ifaçılıq ixtisası üzrə təhsil almışam. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqi müəllimliyi ixtisasına yiyələnmişəm. Magistratura pilləsində isə Mədəniyyət sahələri üzrə idarəetmə ixtisasını seçdim və bu mərhələni də qırmızı diplomla, ümumi 96,5 balla başa vurdum.
Təhsildə yüksək akademik nəticələr əldə etmək istəyən gənclərə demək istəyirəm ki, bilik qazanmaq, sadəcə, imtahandan yaxşı qiymət almaq deyil. Yüksək göstərici sistemli mütaliənin, elmi-nəzəri əsasları dərindən mənimsəməyin, zamanı doğru idarə etməyin və ən əsası məsuliyyətin nəticəsidir. Akademik mühitdə fərqlənmək üçün qarşıya aydın hədəflər qoyulmalı, nəzəri biliklər təcrübə ilə uzlaşdırılmalıdır.
Hazırda həm Akademik Opera və Balet Teatrında, həm də Beynəlxalq Muğam Mərkəzində fəaliyyət göstərirəm. Bununla yanaşı, Cahangir Cahangirov adına Azərbaycan Dövlət Xor Kapellasının solistiyəm. İncəsənətin və idarəetmənin qovuşduğu bu məsuliyyətli yolda milli mədəniyyətimizə xidmət etməyi mənəvi borc sayıram.
XQ