Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Bir əsrdən artıqdır ki, misirşünaslar Böyük piramidanın (Giza) eramızdan əvvəl təxminən 2580-ci ilə aid olduğunu, yəni onun yaşının təxminən 4600 il olduğunu qəbul edir. Lakin yeni və olduqca mübahisəli bir araşdırma piramidanın on minlərlə il daha qədim ola biləcəyini iddia edir.
Qaynarinfo-nun "Daily Mail"ə istinadən məlumatına görə, Bolonya Universitetindən olan italiyalı mühəndis Alberto Donini bildirib ki, piramidanın təməli ətrafındakı eroziya izləri onun 20 min ildən 40 min ilədək əvvəl inşa oluna biləcəyini göstərir. Bu isə elmi ictimaiyyətin qəbul etdiyi tarixdən xeyli əvvələ təsadüf edir.
Doninin nisbi eroziya metodu daşların aşınma dərəcəsini müqayisə etməklə piramidanın yaşını qiymətləndirməyə imkan verib. Aşınma fərqlərini ölçməklə o, daha köhnə daşların nə qədər müddət açıq havada qaldığını hesablayıb və nəticədə ənənəvi qiymətləndirmələri xeyli üstələyən tarixlər əldə edib.
Hələ rəy yoxlamasından keçməyən tədqiqat piramidanın təməli ətrafında 12 nöqtəni araşdırıb. Hər nöqtə üzrə fərqli nəticələr əldə edilib və bu göstəricilər 5700 ildən 54 min ildən çoxadək dəyişib.
Bununla belə, orta göstərici 68 faiz ehtimalla piramidanın təxminən 11 min ildən 39 min ilədək əvvəl inşa edildiyini göstərib. Ümumi orta yaş göstəricisi isə təxminən 24 900 il olub.
Donini vurğulayıb ki, onun metodu dəqiq tikinti tarixini deyil, yalnız piramidanın mümkün yaş intervalını müəyyən edir. Alimin sözlərinə görə, əldə olunan geniş tarix diapazonuna baxmayaraq, nəticələr rəsmi arxeoloji tarixləndirmə olan e.ə. 2560-cı ilin ehtimalının aşağı olduğunu göstərir.
O, həmçinin irəli sürüb ki, firon Xufu piramidanı inşa etməyib, sadəcə onu təmir etdirib. Bu fikir abidənin əsl yaradıcısının kim olması ilə bağlı mövcud təsəvvürlərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Nəşr qeyd edir ki, əgər Doninin təklif etdiyi tarixlər doğrudursa, Böyük piramida təkcə Xufunun hakimiyyətindən deyil, ümumilikdə məlum inkişaf etmiş sivilizasiyaların yaranmasından da daha qədim ola bilər. Bu isə insanlıq tarixi və qədim dövrlərdə memarlıq bilikləri ilə bağlı ciddi suallar yaradır.
Tədqiqat Qədim Misir haqqında uzun müddətdir formalaşmış fikirlərə meydan oxuyub və arxeoloqlar, tarixçilər və mühəndislər arasında aktiv müzakirələr doğurub. Bəzi alimlər bildiriblər ki, piramidanın tikintisi ilə bağlı məlumatlar əsasən sonrakı dövrlərə aid yazılı mənbələrə, o cümlədən abidənin içərisində tapılmış yazılara əsaslanır və bunlar ilkin tikinti mərhələsini tam əks etdirməyə bilər.
Doninin yanaşması ənənəvi arxeoloji tarixləndirmədən fərqlənir. Klassik metodlar adətən tarixi qeydlərə, üzvi materialların radiokarbon analizinə və ya digər abidələrlə üslub müqayisəsinə əsaslanır.
Nisbi eroziya metodu isə tikintidən sonra üzə çıxmış daşların aşınma səviyyəsini, üzə çıxma vaxtı məlum olan qonşu daşlarla müqayisə etməklə piramidanın yaşını qiymətləndirməyə imkan verir.
Aydın