“Böyük Qayıdış” ilə yenidən canlanan Qarabağ

13.02.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Otuz illik həsrətə son qoyan Azərbaycan dövləti, bu gün azad edilmiş ərazilərdə tarixin ən nəhəng quruculuq salnaməsini yazır. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur təkcə bərpa olunmur, həm də regionun yeni iqtisadi və mədəni mərkəzinə çevrilir.

2020-ci ilin payızında qazanılan şanlı hərbi qələbə, Azərbaycanın qarşısında yeni və daha mürəkkəb bir vəzifə qoydu: viran qoyulmuş şəhərləri yenidən qurmaq və yüz minlərlə insanı öz doğma yurduna qaytarmaq. Bu gün biz bu nəhəng prosesin real və qürurverici nəticələrini həm statistik rəqəmlərdə, həm də yenidən ucalan şəhərlərimizin timsalında görürük.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu prosesin yol xəritəsidir. Proqramın əsas fəlsəfəsi təkcə evlərin tikilməsi deyil, həm də insanların təhlükəsiz, layiqli və dayanıqlı məskunlaşmasını təmin etməkdir. Bu məqsədlə dövlət büdcəsindən hər il milyardlarla manat vəsait ayrılır. Təkcə 2026-cı ilin büdcəsində bu işlər üçün 3,5 milyard manatdan çox vəsaitin nəzərdə tutulması prosesin sürətindən xəbər verir.

Qayıdış prosesi artıq lokal xarakterdən kütləvi xarakterə keçib. 2026-cı ilin əvvəlinə olan rəsmi məlumatlar göstərir ki, bu müddət ərzində 26 mindən çox keçmiş məcburi köçkün artıq öz evlərində - Şuşa, Laçın, Füzuli, Cəbrayıl və Ağalı, Talış, Zabux kimi yaşayış məntəqələrində daimi məskunlaşıb.

Azad edilmiş ərazilərdə ümumi yaşayan, çalışan və təhsil alan əhalinin sayı 73 min 500 nəfəri keçib. 2026-cı ilin sonunadək hədəf 34min 500 ailənin, yəni təxminən 140 min nəfərin köçürülməsini tamamlamaqdır. Xüsusilə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına köçün başlanması dövlətimizin suverenliyinin tam bərpasının əyani sübutudur.

Görülən işlər də Qarabağa yeni nfəsin gəldiyini deməyə əsas verir. Qarabağın siması "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları ilə tamamilə dəyişir. Ümumi uzunluğu 3200 kilometrdən çox olan 45 yol layihəsi icra edilir. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava Limanları regionu qlobal logistik qovşağa çevirib. Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətləri Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm halqası olacaq.

Qarabağ "Yaşıl Enerji" zonasıdır. Kəlbəcər və Laçında tikilən kiçik su elektrik stansiyaları, Cəbrayıldakı "Şəfəq" Günəş Elektrik Stansiyası bölgəni ekoloji təmiz enerji ilə təmin edir. Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti artıq regionun intellektual mərkəzinə çevrilib. Müasir xəstəxanalar və "məktəb-lisey" kompleksləri ən uzaq kəndlərdə belə əlçatandır.
Qayıdışın dayanıqlı olması üçün güclü iqtisadi baza yaradılır. Ağdam Sənaye Parkı və Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası"nda onlarla müəssisə qeydiyyatdan keçib. Bu müəssisələr inşaat materialları, qida sənayesi və xidmət sahələri üzrə minlərlə yeni iş yeri yaradır. Kənd təsərrüfatı sahəsində geniş otlaq sahələrinin dövriyyəyə qatılması heyvandarlığın sürətli inkişafına təkan verib.

Bərpa prosesinin qarşısındakı ən böyük çətinlik Ermənistan tərəfindən basdırılmış yüz minlərlə minadır. ANAMA və Müdafiə Nazirliyinin istehkamçıları hər gün böyük risk altında torpaqları təmizləyir. Bu günə qədər yüz minlərlə hektar ərazi təmizlənərək təhlükəsiz zonaya çevrilib ki, bu da tikinti işlərinin sürətinə birbaşa təsir edir.

Ümumi olaraq, "Böyük Qayıdış" sadəcə bir sosial layihə deyil, Azərbaycan xalqının milli qürurunun, iradəsinin və iqtisadi qüdrətinin təntənəsidir. Şuşanın dumanlı dağlarından, Zəngilanın yaşıl meşələrinə qədər hər qarış torpaqda ucalan Azərbaycan bayrağı bu torpaqların əbədi sahiblərinə qovuşduğunun ən uca simvoludur. Qarabağ artıq dirçəlib və bu dirçəliş bütün region üçün yeni sülh və inkişaf dövrünün başlanğıcıdır.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью