Böyük Qayıdış özəl təşəbbüskarlığa geniş meydan açıb

04.08.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Zəngilan qadınlarının yurd sevgisi və çiçək açan arzuları

Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Zəngilan rayonunun “ağıllı kənd” layihəsinin ilk ünvanı olan Ağalı kəndinə növbəti səfərimiz zamanı burada yaradılan nümunəvi fərdi təsərrüfatlarla tanış olmaq qərarına gəldik. Müvafiq qurumların nümayəndələri və yerli sakinlərlə söhbətlərdən məlum oldu ki, doğma torpaqlarına qayıdan insanlarda qurub-yaratmaq əzmi olduqca yüksəkdir.

Həmsöhbət olduğum kənd ağsaqqalı Nurəddin Əliyev deyir ki, torpaqlarımız uğrunda qəhrəmancasına döyüşərək şəhid olan igidlərimizin xatirəsini yaşatmağın ən gözəl yolu azad edilmiş yurdlarımızı abadlaşdırmaq, inkişaf etdirmək və burada gələcək nəsillər üçün firavan bir həyat qurmaqdır.

Bu prosesdə gənc qadınların fəallığı xüsusilə diqqət çəkir. Onlar həm ailələrinin rifahını yüksəltmək, həm də kəndin iqtisadi inkişafına töhfə vermək üçün böyük həvəslə çalışırlar. Məhz bu təşəbbüslərin nəticəsi olaraq kənddə qadınların birgə fəaliyyəti əsasında yeni istehsal sahəsi yaradılıb. Ağalının 5 təşəbbüskar xanım sakininin təsisçiliyi ilə fəaliyyətə başlayan “Çiçək” kooperativi kənddə qadın sahibkarlığının uğurlu nümunəsinə çevrilib.

Kooperativə daxil olan 25 xanımın hər biri müstəqil fəaliyyət göstərsə də, ortaq məqsəd ətrafında birləşərək bir-birinə dəstək olur. Onlar torpağın bərəkəti və yerli sakinlərin zəhməti ilə yetişdirilən məhsulları emal edir, müxtəlif meyvələrdən dadlı təamlar hazırlayır, şirniyyat istehsalı ilə məşğul olur, eyni zamanda, quşçuluq təsərrüfatını inkişaf etdirirlər.

Kooperativin üzvləri aqrar sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif təlim proqramlarında iştirak ediblər. Onlar mütəxəssislərdən müasir kənd təsərrüfatı metodlarını, biznesin idarə olunmasını, operativ idarəetməni və rəqəmsal bacarıqları öyrənərək təsərrüfatlarını daha səmərəli inkişaf etdirməyə başlayıblar. Bu fəallığın ön sıralarında yer alan Çiçək Gəraylı kənd sakinləri arasında nüfuzu və təşkilatçılıq bacarığı ilə seçilən gənc xanımlardandır. Kənd sakinləri onu təşəbbüskar, zəhmətsevər və işgüzar insan kimi tanıyırlar. Elə bu keyfiyyətlər də digər qadınların onun ətrafında birləşməsinə səbəb olub.

Çiçək Gəraylı ictimai fəallığı ilə də tanınır. Sosial şəbəkələrdə paylaşdığı videolar vasitəsilə Ağalı kəndinin gündəlik həyatını, sakinlərin əməksevərliyini və doğma yurda bağlılığını daha böyük auditoriyaya çatdırır. Onun hazırladığı videolar təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da maraqla izlənilir. Doğma kəndinə olan sevgisi və səmimiyyəti gənc qadınlar üçün nümunəyə çevrilib. Onun liderlik xüsusiyyətləri təkcə sözdə deyil, əməli fəaliyyəti ilə də özünü göstərir. O, qadınları arxasınca aparmaqla kifayətlənmir, onların öz güclərinə inanmasına, yeni təşəbbüslər irəli sürməsinə və iqtisadi müstəqillik qazanmasına da dəstək verir. Bu səbəbdən kənd qadınları ona böyük hörmət bəsləyir və fəaliyyətini dəstəkləyirlər.

Bu gün “Çiçək” qadın kooperativi yalnız məhsul istehsalı ilə məşğul olmur. Burada yüksək əməkdaşlıq mədəniyyəti formalaşır, təcrübələr paylaşılır, yeni ideyalar yaranır və tərəfdaşlıq imkanları genişlənir. Kooperativin fəaliyyəti nəticəsində qadınlar kiçik bizneslərini genişləndirir, yeni iş yerlərinin yaradılmasına töhfə verir, ailə büdcəsinin möhkəmlənməsində mühüm rol oynayırlar. Bu təşəbbskar və əməksevər xanımlar hər bir qadının güclü ailənin təməli olduğunu deyirlər. Onların fikrincə, güclü ailələr vətənpərvər, savadlı və məsuliyyətli gənc nəslin formalaşmasına xidmət edir.

Ağalı kəndində qadınların birliyi və əzmkarlığı Böyük Qayıdışın ən uğurlu nümunələrindən biridir. Bu gün onların zəhməti təkcə məhsul istehsalında deyil, azad edilmiş torpaqlarımızda yeni həyatın qurulmasında, sosial həmrəyliyin möhkəmlənməsində və gələcəyin formalaşmasında öz əksini tapır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri təkcə müasir infrastrukturun qurulması ilə məhdudlaşmır. Bu ərazilərdə yeni iqtisadi münasibətlər formalaşır, sahibkarlıq təşəbbüsləri genişlənir, əhalinin məşğulluğu təmin edilir və dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradılır. Bu prosesdə qadın sahibkarlığının inkişafı xüsusi əhəmiyyət daşıyır. “Çiçək” istehsal-istehlak qadın kooperativi də Böyük Qayıdışın iqtisadi və sosial məzmununu zənginləşdirən uğurlu təşəbbüslərdən biridir.

Ağalı kəndi bu gün yalnız Böyük Qayıdışın ilk ünvanı deyil, həm də müasir kənd inkişafı modelinin uğurla tətbiq olunduğu yaşayış məntəqələrindən biri kimi diqqət çəkir. Burada həyata keçirilən layihələr göstərir ki, dövlət tərəfindən yaradılan müasir infrastruktur və əlverişli biznes mühiti təşəbbüskarlıq üçün geniş meydan açır, yeni istehsal sahələrinin formalaşmasına imkan yaradır.

Şərqi Zəngəzur iqtisadi rayonunda fəaliyyətə başlayan ilk qadın kooperativinin yaradılması qadınların iqtisadi fəallığının artırılması, ailə təsərrüfatlarının gəlirlərinin yüksəldilməsi və kənd yerlərində sahibkarlığın genişləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir. Kooperativ Azərbaycan Kənd Qadınları Assosiasiyasının həyata keçirdiyi “Aqrosahibkar qadınlarla iş” layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.

Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova bildirib ki, qadın kooperativlərinin yaradılması təkcə yeni biznes subyektlərinin meydana çıxması deyil, həm də işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi dirçəlişinə töhfə verən strateji təşəbbüsdür. Onun sözlərinə görə, kooperativ modeli qadınların bilik və bacarıqlarını birləşdirərək bazara çıxış imkanlarını genişləndirir, ailə gəlirlərini artırır və kənd icmalarında yeni iqtisadi münasibətlərin formalaşmasına şərait yaradır.

Kooperativ kənd sakini olan beş gənc qadının – Çiçək Gəraylı, Əfsanə Süleymanova, Ülviyyə Gəraylı, Gülşən Kərimli və Billurə İmaməlizadənin təşəbbüsü ilə yaradılıb və ətrafında 25 xanım birləşərək müxtəlif istehsal sahələrində fəaliyyət göstərir. Kooperativdə meyvə və tərəvəz məhsullarının emalı, meyvələrin qurudulması, qənnadı məmulatlarının hazırlanması, kənd turizmi xidmətlərinin təşkili, milli mətbəx nümunələrinin təqdimatı, cücə yetişdirilməsi və bağçılıq məhsullarının istehsalı həyata keçirilir. İstehsal olunan məhsulların əsas üstünlüyü onların təbii, ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli olmasıdır.

Kooperativin sədri Çiçək Gəraylı bildirir ki, əsas məqsəd yalnız istehsalın təşkili deyil, eyni zamanda, Ağalı torpağının bar-bərəkətinin vahid brend kimi tanıdılması, yeni satış bazarlarına çıxarılması və qadınların iqtisadi müstəqilliyinin daha da gücləndirilməsidir.

Mütəxəssislərin fikrincə, belə təşəbbüslər kənd yerlərində qadın məşğulluğunun artırılmasına, ailə büdcələrinin möhkəmləndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına, eləcə də regionların iqtisadi potensialının genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycan Kənd Qadınları Assosiasiyası gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun digər yaşayış məntəqələrində də qadın kooperativlərinin yaradılmasını və onların vahid regional əməkdaşlıq şəbəkəsində fəaliyyət göstərməsini nəzərdə tutur.

Mikayıl NƏRİMANOĞLU
XQ
Zəngilan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью