Böyük Qayıdış: yeni hədəflər

01.06.2026

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev: “28 May - Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib”

Çağdaş dünyamızda tamamilə yeni bir dövrə qədəm qoyan Azərbaycan Böyük Qayıdış konsepsiyasını uğurla reallaşdırır. İşğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız və Şərqi Zəngəzur müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçərək böyük quruculuq işlərini həyata keçirməyə başlayıb. Bu gün Şuşamızda, Kəlbəcərdə, Qubadlıda və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb və işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevrilir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik". Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Respublika günündə işdaldan azad olunan ərazilərimizə səfər edib. Prezident İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. “Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq.” Bu sözləri Prezident sakinlərlə görüşündə bildirib. Dövlət başçısı qeyd edib ki, şanlı Zəfərimizdən sonra bu gözəl bayramı - 28 May - Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib: “ Hesab edirəm ki, ən düzgün seçimdir. Bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir. Amma o da faktdır ki, o vaxt - 1918-ci ildə əldə edilmiş müstəqillik cəmi iki il çəkdi. Onu o vaxt saxlaya bilmədik, əlimizdən alındı. Ondan sonra 70 il müstəqil dövlət kimi yaşamadıq”.

“HƏR ŞEY EDİLİR Kİ, İNSANLAR BURADA RAHAT YAŞASINLAR VƏ ƏSAS ODUR Kİ, DOĞMA VƏTƏN TORPAĞINDA”

Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub. Kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır. Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır. İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb. “Burada sizin üçün gözəl şərait yaradılıb. Burada evlərin, demək olar ki, əksəriyyəti dağılmışdı. Onların 17-si hazırdır, 20-si də ikinci mərhələdə hazır olacaq və ondan sonra da evlər tikiləcək. Burada qonşuluqda da iş gedir. Kiçik Qaladərəsi, Turşsu, Sarıbaba. Laçın da yaxındır, Şuşa da yaxındır. İndi yeni yol da çəkilir və gediş-gəliş də daha rahat olacaq. Yəqin ki, görmüsünüz, biz Şuşa-Laçın yolunu genişləndiririk, həm də tunellər inşa edilir. Hər şey edilir ki, insanlar burada rahat yaşasınlar və əsas odur ki, doğma vətən torpağında”, - deyə Prezident bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə digər sahələrlə yanaşı, mədəni abidələrimizin bərpasına da xüsusi diqqət yetirilir. Bu, ilk növbədə zəngin mədəni irsimizin qorunmasına Azərbaycan dövlətinin böyük əhəmiyyət verdiyini göstərir. Eyni zamanda, bu cür layihələrin icrası ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin həcmini nümayiş etdirir.

Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı. Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Üçmərtəbəli binada akt və kino zalları, müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, bufet, kassa və suvenir mağazası var. Mərkəzin 348 yerlik zalında konsert, tamaşa, film nümayişi, təqdimat, rəsmi görüş və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq. Yenidənqurma işlərindən sonra bu mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq.

HƏRBİ QULLUQÇULARIN MƏNZİL-MƏİŞƏT ŞƏRAİTİ YAXŞILAŞDIRILIR

Prezident İlham Əliyev Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub. Burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var.

Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Evlər elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllədaxili yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb. Qeyd edək ki, hərbi qulluqçuların xidməti evlərlə təmin olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Bu yanaşma ilk növbədə hərbi qulluqçuların, onların ailələrinin sosial qayğılarının həllinə xidmət edir. İndiyədək minlərlə hərbçinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların dövlət vəsaiti hesabına mənzillərlə təmin edilməsi istiqamətində konkret layihələr icra olunub.

“SİZ 30 İL ƏZAB-ƏZİYYƏT İÇİNDƏ YAŞAMISINIZ, BUNDAN SONRA ANCAQ XOŞBƏXT HƏYAT OLMALIDIR”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib. Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

Müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır. Qeyd edək ki, “Qarabağ Tekstil Evi” MMC-nin Xankəndi şəhərində yerləşən tikiş fabrikində hazırda 60 nəfər çalışır.

İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanacaq.

Müəssisənin fəaliyyətə başlaması ölkəmizdə sənayenin inkişafına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına töhfə verəcək, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına şərait yaradacaq. “Qısa müddət ərzində belə bərpa-quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada özlərini, necə deyərlər, çox rahat, təhlükəsiz hiss etsinlər, qurub-yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar. Siz buna layiqsiniz. Siz 30 il əzab-əziyyət içində yaşamısınız, bundan sonra ancaq xoşbəxt həyat olmalıdır”, - deyə Prezident bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью