Böyük Qayıdışın və quruculuğun ünvanı

17.10.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında qəhrəmanlıq, milli birlik və Zəfər rəmzi kimi xüsusi yer tutur. Bu əlamətdar gün xalqımızın doğma torpaqlara bağlılığını, ərazi bütövlüyümüzün bərpası uğrunda göstərilən fədakarlığı və müstəqil Azərbaycan dövlətinin qüdrətini təcəssüm etdirir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına cavab olaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi zamanı rəşadətli hərbçilərimizin göstərdiyi qəhrəmanlıq nəticəsində uzun illər işğal altında saxlanılan torpaqlarımız azad edildi. Oktyabrın 17-də Füzuli şəhərinin düşmən işğalından azad olunması müharibənin gedişində mühüm dönüş nöqtələrindən biri olmaqla, Azərbaycan Ordusunun hərbi qüdrətini və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.

Otuz ilə yaxın işğal altında qalan Füzuli şəhəri Ermənistan tərəfindən dağıdılmış, yaşayış evləri və sosial infrastruktur yararsız vəziyyətə salınmışdı. Lakin Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı sayəsində bu torpaqlarda tarixi ədalət bərpa olundu. Füzuli zəfəri Azərbaycan xalqının milli qürurunun, birliyinin və Vətən sevgisinin parlaq təcəssümünə çevrildi.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günü kimi təsis edilib. Bu qərar şəhərin azadlıq tarixinin əbədiləşdirilməsi və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Füzulidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin gücünü və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Böyük Qayıdış proqramı çərçivəsində şəhərdə müasir yaşayış məhəllələri, məktəblər, sosial obyektlər və nəqliyyat infrastrukturu yaradılır. Əsas məqsəd doğma yurdlarına qayıdan sakinlərin təhlükəsiz və layiqli yaşayışını təmin etmək, Füzulini müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirməkdir.

Son illərdə bu istiqamətdə mühüm layihələr həyata keçirilib. 2025-ci il iyulun 3-də Prezident İlham Əliyevin iştirakı ilə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu istifadəyə verilib. Uzunluğu 81,7 kilometr olan bu yol Qarabağın nəqliyyat əlaqələrinin genişlənməsinə, bölgənin iqtisadi və turizm potensialının inkişafına mühüm töhfə verir.

2025-ci il sentyabrın 14-də Füzuli rayonunun Qaraxanbəyli kəndinin yenidən qurulmasının təməlinin qoyulması da Böyük Qayıdışın genişlənməsi baxımından əlamətdar hadisə olub. Layihə çərçivəsində yaşayış evlərinin tikintisi ilə yanaşı, məktəb, uşaq bağçası, tibb məntəqəsi və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulub. Bu, işğal dövründə dağıdılmış yaşayış məntəqələrinin yenidən həyata qaytarılmasının bariz nümunəsidir.

2026-cı il iyunun 23-də Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli şəhərində olublar. Səfər zamanı şəhərin Baş planına uyğun aparılan quruculuq işləri barədə məlumat verilib. Füzulinin 2040-cı ilədək 50 min nəfər əhalisi olan müasir şəhərə çevrilməsi nəzərdə tutulur. “Ağıllı şəhər” konsepsiyasının tətbiqi, müasir infrastrukturun və sosial xidmətlərin inkişafı Füzulinin gələcək potensialını daha da artıracaq.

Füzuli Beynəlxalq Hava Limanı, yeni avtomobil yolları və qurulan sosial infrastruktur şəhərin strateji əhəmiyyətini gücləndirir, iqtisadi fəallığın artması və yeni iş yerlərinin yaradılması üçün imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi siyasət yalnız dağıntıların aradan qaldırılmasına deyil, insanların doğma yurdlarında davamlı və firavan həyatının təmin edilməsinə xidmət edir.

17 Oktyabr – Füzuli Şəhəri Günü həm də şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin qəhrəmanlığını minnətdarlıqla anmaq günüdür. Füzulinin hər yeni küçəsi, ucalan hər binası və doğma yurduna qayıdan hər ailə onların fədakarlığının, Azərbaycan dövlətinin gücünün və xalqımızın sarsılmaz iradəsinin ifadəsidir.

Bu gün Füzuli azaddır, yenidən qurulur və gələcəyə inamla addımlayır. Şəhərin dirçəlişi Azərbaycanın tarixi Zəfərinin davamı, milli birliyimizin və quruculuq əzmimizin parlaq göstəricisidir. Füzuli bundan sonra da dövlətimizin qüdrətini, xalqımızın qəhrəmanlığını və Böyük Qayıdışın uğurunu təcəssüm etdirən şəhər kimi inkişaf edəcəkdir.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью