Böyük Qayıdışın yollarında yeraltı “şlaqbaum”lar

12.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Minatəmizləmə qlobal dayanıqlı inkişaf məqsədi olacaqmı?

Azərbaycanın Ermənistan işğalından azad edilmiş bölgələrinə beynəlxalq minatəmizləmə dəstəyin yetərsizliyi mötəbər məclislərdə, müxtəliv səviyyəli müzakirələrdə son vaxtlar tez-tez səslənir. Bildirilir ki, humanitar minatəmizləmənin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi tanınması və qlobal prioritetə çevrilməsi üçün səylər davam etdirilməlidir.

İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi “Böyük Qayıdış” proqramının, yenidənqurma və bərpa prosesinin ilkin və əsas şərtidir. Şəhərlərin, kəndlərin, infrastrukturun və kənd təsərrüfatı torpaqlarının təhlükəsiz şəkildə bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması birbaşa minatəmizləmənin tempindən asılıdır.

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovun 2026-cı il sentyabrın 2-də Bakıda keçirilən IV Beynəlxalq Mina Fəaliyyəti Konfransında verdiyi məlumata görə, 2020-ci ilin noyabrından etibarən minatəmizləmə fəaliyyətlərinə təxminən, 590 milyon ABŞ dolları vəsait ayrılıb. Bu məbləğin təxminən, 4 faizi beynəlxalq dəstək hesabına təmin olunub, qalan hissəsi isə Azərbaycan hökuməti tərəfindən qarşılanıb.

Problemin miqyası və humanitar önəmi

Azərbaycan ərazisinin, təxminən, 13 faizdən çoxu (təxminən 11667 kvadratkilometr) mina və partlamamış sursatlarla çirklənmiş hesab olunur. İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə bir milyondan çox mina mövcuddur. Prezident İlham Əliyevin əvvəlki açıqlamalarına əsasən, tam təmizləmə prosesi onilliklər və təxminən 25 milyard dollar vəsait tələb edə bilər.

2020-ci il noyabrından 2026-cı ilin əvvəllərinə qədər aparılan əməliyyatlar nəticəsində 298 min hektardan çox ərazi təmizlənib, 260 mindən artıq mina və partlamamış sursat aşkar edilərək zərərsizləşdirilib. 2025-ci ildə 69 mindən çox hektar təmizlənib. Buna baxmayaraq, çirklənmənin miqyası hələ də böyükdür və proses uzunmüddətlidir.

Humanitar nəticələr ağırdır. 2020-ci ilin noyabrından etibarən 437 Azərbaycan vətəndaşı mina hadisələrinin qurbanı olub (73 nəfər həlak olub, 364 nəfər ağır xəsarət alıb). Ümumilikdə, 1991-ci ildən bəri ölkədə 3500-dən çox insan mina qurbanı olub. Bu rəqəmlər yalnız fiziki zərəri əks etdirir; psixoloji travma, torpaqdan istifadənin məhdudlaşdırılması, kənd təsərrüfatının və infrastruktur layihələrinin ləngiməsi isə əlavə sosial-iqtisadi yük yaradır. Təxminən, 40 min keçmiş məcburi köçkün artıq qayıdıb, lakin genişmiqyaslı və təhlükəsiz qayıdış minatəmizləmənin sürətlənməsindən asılıdır.

“4 faizlik” beynəlxalq dəstək

590 milyon dollarlıq ümumi vəsaitin yalnız 4 faizinin beynəlxalq mənbələrdən gəlməsi ciddi disbalansı göstərir. Beynəlxalq vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilən, müstəqil tədqiqat və monitorinq təşəbbüsü kimi tanınan “Landmine monitor”un hesabatına görə, 2020–2024-cü illərdə beynəlxalq töhfələr, təxminən, 27 milyon dollar təşkil edib. 2024-cü ildə isə artım müşahidə olunub (təxminən, 13,8 milyon dollar – əsasən BƏƏ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı, ABŞ və Belçikadan). Eyni ildə Azərbaycanın milli töhfəsi 114,6 milyon dollar olub ki, bu da dünyada hökumət tərəfindən minatəmizləməyə ayrılan ən yüksək məbləğlərdən biridir.

Bu vəziyyət bir neçə cəhətdən qiymətləndirilə bilər:

– Azərbaycan problemin əsas yükünü öz üzərinə götürməklə güclü milli təşəbbüskarlıq nümayiş etdirir. Bu, bərpa prosesinin dayanıqlılığı üçün müsbət amildir.

– Problemin miqyası, qurbanların sayı və “Böyük Qayıdış”ın humanitar əhəmiyyəti nəzərə alınarsa, 4 faizlik pay əhəmiyyətli dərəcədə aşağıdır. Müqayisə üçün digər münaqişə zonalarında (məsələn, Ukrayna) beynəlxalq donor dəstəyi daha yüksək həcmdə mobilizasiya olunur. Azərbaycanın üzləşdiyi çirklənmə səviyyəsi dünyanın ən ağır hallarından biri olmasına baxmayaraq, donor diqqəti məhdud qalıb.

– Bəzi donorlar siyasi konteksti, digər prioritetləri və ya riskləri əsas gətirə bilər. Lakin minatəmizləmə sırf humanitar fəaliyyətdir və beynəlxalq humanitar hüququn prinsiplərinə uyğun olaraq dəstəklənməlidir. Vüqar Süleymanovun vurğuladığı kimi, heç bir ölkə mina problemini təkbaşına həll edə bilməz, beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi və donor dəstəyi zəruridir.

– Nəticə etibarilə, 4 faizlik göstərici həm Azərbaycanın öz resurslarına arxalanaraq irəlilədiyini, həm də beynəlxalq ictimaiyyətin məsuliyyətini daha aktiv şəkildə yerinə yetirməli olduğunu göstərir. Bu, yalnız maliyyə məsələsi deyil, həm də qlobal humanitar həmrəylik və postmünaqişə bərpasına münasibət məsələsidir.

Minatəmizləmə 18-ci DİM olacaqmı?

İndi dünya başa düşür ki, humanitar minatəmizləmənin 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi tanınması və qlobal prioritetə çevrilməsinə ehtiyac var və bunun üçün səylər davam etdirilməlidir. İlk dəfə bu təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə (Bakı) irəli sürüb:

“Azərbaycan hazırda xüsusi milli Dayanıqlı İnkişaf Məqsədinin müəyyən edilməsini nəzərdən keçirir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri ilə minatəmizləmə prosesi arasında birbaşa əlaqə görür, çünki minalar azad edilmiş ərazilərin bərpası prosesini və keçmiş məcburi köçkünlərin qayıdışını ləngidir. Azərbaycan minatəmizləmə üzrə 18-ci DİM-in təsis edilməsi təşəbbüsünü fəal şəkildə təşviq edir. Biz Qoşulmama Hərəkatı ölkələrini bu təşəbbüsü dəstəkləməyə dəvət edirik”.

Azərbaycan Prezidenti İlham Əliyevin 26 may 2023-cü ildə “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə isə deyilir:

“Minalardan təmizlənmiş torpaqların gələcəkdə xalqımızın rifahına və tərəqqisinə mühüm töhfə verəcəyini və bunun geniş perspektivdə ölkəmizin ümumi inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq Azərbaycan minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişaf ilə birbaşa əlaqə kontekstində görür. Məhz buna görə Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir. Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Dünyada münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq biz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmişik”.

Bu ifadələr təşəbbüsün həm milli, həm də qlobal səviyyədə rəsmən irəli sürüldüyünü təsdiq edir.

Xarici dəstəyin zəruriliyi

Minatəmizləmə yalnız texniki əməliyyat deyil, təhlükəsiz qayıdışın, iqtisadi bərpanın və regional sabitliyin təməli olan humanitar vəzifədir. Güclü milli təşəbbüskarlıq beynəlxalq həmrəyliklə tamamlandıqda proses sürətlənə, qurbanların sayı azala və “Böyük Qayıdış” daha geniş miqyasda reallaşa bilər. Bunun üçün diplomatik səylər, donor bazasının genişləndirilməsi, texniki əməkdaşlıq və davamlı vəkillik kampaniyaları birgə həyata keçirilməlidir.

Azərbaycan minatəmizləmə yükünün böyük hissəsini öz üzərinə götürməklə güclü milli iradə nümayiş etdirir. Lakin 590 milyon dollarlıq ümumi vəsaitin yalnız 4 faizinin beynəlxalq mənbələrdən gəlməsi problemin miqyası və humanitar əhəmiyyəti ilə müqayisədə yetərsizdir. Bu vəziyyət beynəlxalq ictimaiyyətin daha fəal, proqnozlaşdırıla bilən və məsuliyyətli iştirakını tələb edir. Daha fəal və məsuliyyətli beynəlxalq iştirakı təmin etmək üçün isə aşağıdakı istiqamətlərdə sistemli iş aparılmalıdır:

Diplomatik və siyasi səfərbərlik. Azərbaycan müxtəlif beynəlxalq platformalarda (BMT Baş Assambleyası, APMBC müşahidəçi statusu, regional forumlar) mina problemini ardıcıl olaraq qaldırmalıdır.

Donor bazasının genişləndirilməsi və diversifikasiyası. Mövcud tərəfdaşlarla (Aİ, BMT, BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Türkiyə və s.) əməkdaşlıq dərinləşdirilməlidir. Körfəz ölkələri, Asiya donorları və özəl fondlarla yeni ikitərəfli memorandumlar və birgə layihələr hazırlanmalıdır. “Team Europe” tipli təşəbbüslərin genişləndirilməsi və çoxillik proqnozlaşdırıla bilən maliyyələşmə mexanizmlərinin yaradılması vacibdir.

Texniki və innovativ dəstəyin artırılması. Yalnız pul köçürmələri deyil, müasir avadanlıq, minaaxtaran itlər, uzaqdan idarə olunan sistemlər, geoməkan texnologiyaları, qadın minatəmizləmə qruplarının inkişafı və potensialın gücləndirilməsi sahəsində dəstək genişləndirilməlidir. Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GICHD) və digər ekspert qurumlarla əməkdaşlıq gücləndirilməlidir.

Beynəlxalq konfranslar və təcrübə mübadiləsi. Bakıda keçirilən beynəlxalq konfranslar kimi platformalar donorları cəlb etmək, şəffaflığı nümayiş etdirmək və ən yaxşı təcrübələri paylaşmaq üçün istifadə olunmalıdır. Azərbaycan öz təcrübəsini digər ölkələrlə (o cümlədən Ukrayna ilə) mübadilə edərək qarşılıqlı fayda əldə edə bilər.

Maarifləndirmə və vəkillik kampaniyaları. Beynəlxalq medianın, vətəndaş cəmiyyətinin və parlamentlərin diqqətini cəlb etmək üçün sistemli informasiya işi aparılmalıdır. Qurbanların hekayələri, təmizlənmiş ərazilərdə qayıdışın nəticələri və qalan risklər barədə obyektiv məlumatlandırma donor marağını artıra bilər.

Şəffaflıq və hesabatlılıq. ANAMA və digər qurumların beynəlxalq standartlara uyğun hesabatlılığı, nəticələrin ölçüləbilən göstəricilərlə təqdim edilməsi donor etimadını yüksəldər.

Fərman NƏBİYEV,
“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью