Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.
Altı il əvvəl məhz bu tarixdə Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, fədakarlıq və Zəfərin başlanğıcı kimi həkk olunan Vətən müharibəsi başladı.
44 gün davam edən müharibə ölkənin ərazi bütövlüyünün bərpası ilə nəticələnərək Azərbaycanın müasir tarixində yeni siyasi və tarixi mərhələnin əsasını qoydu.
"Cebheinfo.az"-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, şəhidlərimizin fədakarlığı Azərbaycanın müasir tarixinin ən şərəfli səhifəsini yazdı:
"27 sentyabr – Anım Günü Azərbaycan xalqının Vətənimizin ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyi müqəddəs gündür.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. 44 gün davam edən müharibə nəticəsində torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xalqımızın milli iradəsinin, ordumuzun gücünün və şəhidlərimizin qəhrəmanlığının nəticəsi oldu".
Deputat qeyd edib ki, hər zaman Azərbaycanın suverenliyi uğrunda şəhid olanların qəhrəmanlığı ehtiramla anılır:
"Bu Zəfərin əldə olunmasında şəhidlərimizin göstərdiyi misilsiz fədakarlıq heç zaman unudulmayacaq. Onlar öz canlarını Vətən yolunda fəda etməklə gələcək nəsillərə azad və bütöv Azərbaycan miras qoydular.
Bu gün hər birimizin borcu şəhidlərimizin xatirəsini daim uca tutmaq, onların bizə əmanət etdiyi dəyərləri qorumaq və Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində əlimizdən gələni etməkdir".
Arzuxan Əlizadə vurğulayıb ki, 27 sentyabr həm də xalqımızın birlik və həmrəylik nümayiş etdirdiyi tarixi gün kimi yaddaşımıza həkk olunub:
"Anım Günündə bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə və yaxınlarına dərin ehtiram və minnətdarlığımızı bildiririk. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər: 27 sentyabr Arzuxan Əlizadə
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin