Böyük sənətkar Mirzə Babayev

16.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti                       

Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. O, Bakı Sənaye İnstitutunun (indiki ADNSU) memarlıq fakültəsində təhsil alıb. Mirzə Babayev 1948-ci ildə indiki Bakı Musiqi Akademiyasının vokal şöbəsinə qəbul olunub, burada müğənni Bülbülün sinfində təhsil alıb. 

Xalq artisti müxtəlif illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Dövlət Filarmoniyasında, Dövlət Konsert Birliyində çalışıb. Müğənni Azərbaycan Dövlət Caz Orkestrinin ilk solistlərindən biri idi. Azərbaycan bəstəkarlarının bir çox mahnıları onun ifasında məşhurlaşıb.

Mirzə Babayev Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Müharibədən qayıdandan sonra (Yeri gəlmişkən müharibə vaxtı Mirzə Babayev Rostovda döyüşüb. Leytenant rütbəsi alıb, 4–5 medalla qayıdıb). 

“Vətən” kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib.

Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Hətta Bülbül istəyirmiş ki, onu opera müğənnisi kimi hazırlasın lakin Xalq artisti Tofiq Quliyevin bildirdiyinə görə, Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğun olub. Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. Mirzə Babayevin ilk estrada ifaçısı olması etiraf olunur amma nədənsə caz ifaçısı kimi qəbul edilmir. Halbuki Tofiq Quliyev musiqimizin bu mərhələsi haqqında danışanda həmişə onun adını çəkirmiş. “Dərviş Parisi partladır” filmində də belə olmuşdu. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev, Mirzə Babayevə görə yazıb.

Mirzə Babayev 40-dan artıq filmdə rol alıb. Özü də təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Burada “O olmasın, bu olsun” filmi çəkiləndə Məşədi İbad roluna onu çəkmək istəyirmişlər amma kimsə mane olub. Məşədi İbadın yalnız musiqi partiyalarını ona etibar ediblər. Ümumiyyətlə sovet vaxtı Mirzə Babayevin ifa tərzini, səhnə hərəkətlərini qəbul etməyənlər çox idi. Müğənnilərdən səhnədə statik olmağı tələb edirdilər. 

Mirzə Babayev həmçinin uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. 24 may 1960-cı ildə “Azərbaycan SSR əməkdar artisti”, 4 mart 1992-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adlarına layiq görülmüş, iki dəfə “Humay” mükafatı laureatı olmuşdur. 2002-ci ildən Prezident təqaüdçüsü olub. 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edib.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью