Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tarixdə elə hadisələr var ki, onlar yalnız müəyyən bir dövrün deyil, bütöv bir xalqın taleyini dəyişir. Azərbaycan üçün 2020-ci ilin payızı məhz belə bir tarixi mərhələ oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi otuz ilə yaxın davam edən işğala son qoymaqla yanaşı, milli iradənin, dövlət qüdrətinin, xalq-ordu birliyinin təntənəsinə çevrildi. Bu Zəfər uzun illər qəlblərdə yaşayan Qarabağ həsrətinin tarixi gerçəkliyə çevrilməsi, milli qürurun yenidən ucalması idi.
44 günlük qələbənin siyasi və hərbi əsasları isə daha əvvəl formalaşdırılmışdı. Bu yolun başlanğıcında ulu öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyası dayanırdı. 1993-cü ildə ölkənin ağır siyasi, iqtisadi və hərbi böhranla üzləşdiyi bir vaxtda hakimiyyətə qayıdan Heydər Əliyev, ilk növbədə, dövlət müstəqilliyinin qorunmasını, siyasi sabitliyin təmin edilməsini və nizami ordunun yaradılmasını əsas vəzifə kimi müəyyənləşdirdi.
Ulu öndər yaxşı anlayırdı ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün güclü dövlət, dayanıqlı iqtisadiyyat, müasir ordu və beynəlxalq nüfuz vacibdir. Atəşkəsə nail olunması, “Əsrin müqaviləsi”nin imzalanması, iqtisadi potensialın gücləndirilməsi və ordu quruculuğunun sistemli xarakter alması gələcək qələbənin mühüm təməllərini yaratdı. Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti yalnız mövcud problemlərin həllinə deyil, Azərbaycanın gələcək strateji hədəflərinə hesablanmışdı.
Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun davam etdirildi. Ölkənin iqtisadi imkanları genişləndirildi, müdafiə sənayesi inkişaf etdirildi, ordu müasir silah və texnologiyalarla təchiz olundu, beynəlxalq əlaqələr möhkəmləndirildi. Eyni zamanda, Azərbaycan diplomatik müstəvidə ərazi bütövlüyünün bərpası ilə bağlı prinsipial mövqeyini qorudu. Beləliklə, dövlətin siyasi, iqtisadi və hərbi potensialı vahid strateji məqsədə - işğal altındakı torpaqların azad edilməsinə yönəldildi.
2020-ci il sentyabrın 27- də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə xalqımızın tarixində yeni səhifə açıldı. Ölkənin hər yerində insanlar cəbhədən gələn xəbərləri həyəcanla izləyir, qələbə uğurlarını böyük sevinc və qürurla qarşılayırdılar. Cəbhədə əsgər döyüşür, arxa cəbhədə xalq bir yumruq kimi birləşirdi. Könüllülərin ordu sıralarına qoşulmaq istəyi, ailələrin əsgərlərə dəstəyi, bütün ölkəni bürüyən həmrəylik milli birliyin gücünü nümayiş etdirirdi.
Müharibənin taleyində Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi mühüm rol oynadı. Dövlət başçısının prinsipial mövqeyi, hərbi əməliyyatların strateji məqsədlərinin ardıcıllıqla həyata keçirilməsi, beynəlxalq təzyiqlər qarşısında Azərbaycanın milli maraqlarının müdafiəsi qələbəyə aparan prosesin mühüm siyasi dayağı idi. Onun xalqa müraciətləri və beynəlxalq mediaya müsahibələri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına, informasiya mübarizəsinin gücləndirilməsinə xidmət edirdi.
Döyüş meydanında isə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq göstərdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi ordumuzun döyüş qabiliyyətini və strateji üstünlüyünü nümayiş etdirdi. Müasir hərbi texnologiyalar, pilotsuz uçuş aparatları və dəqiq zərbə sistemləri əməliyyatların uğurunda mühüm rol oynasa da, qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri idi. Onun Vətən sevgisi, döyüş əzmi, peşəkarlığı və fədakarlığı hərbi uğurların başlıca mənəvi dayağına çevrildi.
44 günlük müharibənin zirvəsi noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Azərbaycanın mədəniyyət paytaxtı, milli yaddaşımızın və mənəvi kimliyimizin rəmzi olan bu şəhərin azadlığı təkcə hərbi deyil, həm də tarixi və mənəvi qələbə idi. Şuşanın sıldırım qayalarında aparılan döyüşlər Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığını, ordumuzun yüksək hazırlığını nümayiş etdirdi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürurla qarşılandı. Şuşanın azad edilməsi 44 günlük müharibənin hərbi-siyasi nəticələrinə həlledici təsir göstərdi.
Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Beləliklə, Azərbaycan 44 günlük müharibəni tarixi Zəfərlə başa vurdu, ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələyə qədəm qoydu. Bu nəticə ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik təməllərinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqın birliyinin vəhdətindən doğdu.
Lakin bu qələbənin arxasında ağır itkilər, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı dayanır. Hər azad edilmiş torpaqda bir qəhrəmanın izi, hər qələbə xəbərinin arxasında bir ailənin həsrəti var. Şəhidlər Vətənin azadlığı naminə canlarından keçərək adlarını xalqımızın tarixinə əbədi yazdılar. Onların xatirəsi Zəfər salnaməsinin ən müqəddəs səhifəsidir.
Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlər yenidən quruldu, yollar, məktəblər və digər infrastruktur obyektləri yaradıldı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunmağa başladı. Dünən döyüş meydanında azad edilən torpaqlarda bu gün həyat yenidən canlanır. Bu, hərbi qələbənin quruculuq mərhələsində davam etdirilməsinin təzahürüdür.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yalnız hərbi əməliyyatlar dövrü kimi deyil, milli iradənin və dövlət qüdrətinin nümayişi kimi yaşayacaq. Bu Zəfərdə ulu öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqın sarsılmaz birliyi vahid tarixi nəticədə birləşdi.
Bu gün Şuşada dalğalanan üçrəngli bayraq yalnız qazanılmış qələbənin deyil, həm də milli yaddaşın, dövlətçilik ənənələrinin və gələcəyə inamın rəmzidir. 44 gün ərzində yazılan Zəfər salnaməsi sübut etdi ki, öz dövlətinə güvənən, milli birliyini qoruyan və Vətən sevgisini əməli ilə təsdiqləyən xalq ən çətin tarixi sınaqlardan belə qalib çıxa bilər.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri