Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda son dövrlər keçirilən dəbdəbəli toy mərasimləri və bu tədbirlərə çəkilən yüksək xərclər cəmiyyətdə müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə yüzlərlə qonağın dəvət olunduğu, böyük məbləğlərin xərcləndiyi toylar fonunda mərasimlərə qonaq sayı və ya maliyyə limiti tətbiq edilməsinin mümkün olub-olmaması sual doğurur.
Bəs belə məhdudiyyətlərin tətbiqi nə dərəcədə məqsədəuyğundur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, burada əsas məqsəd insanların toy keçirmək hüququnu məhdudlaşdırmaq deyil. Onun sözlərinə görə, əsas problem toy mərasimlərinin getdikcə sosial yarışa çevrilməsi və bəzi ailələrin cəmiyyətin gözləntilərinə uyğunlaşmaq üçün imkanlarından artıq vəsait xərcləməsidir.
“Bu gün bəzən toyun necə keçirilməsi ailənin maddi imkanından çox, “başqaları nə deyər?” düşüncəsi ilə müəyyənləşir. Nəticədə yüzlərlə qonağın dəvət olunduğu, böyük məbləğlərin xərcləndiyi mərasimlər təşkil edilir. Halbuki toy bir günlük tədbirdir, ailə həyatı isə illərlə davam edir.
Gənc ailənin toy üçün xərclədiyi və ya borca girdiyi vəsait sonradan mənzil, təhsil, məişət və digər ehtiyaclar üçün ciddi maliyyə çatışmazlığı yarada bilər. Bu baxımdan qonaq sayının müəyyən çərçivədə məhdudlaşdırılması müzakirə oluna bilər.
Lakin mən hesab edirəm ki, məsələyə yalnız inzibati qadağa kimi yanaşmaq düzgün olmaz. Daha məqsədəuyğun yol insanların sosial davranışını dəyişdirəcək mexanizmlərin formalaşdırılmasıdır. Məsələn, daha yığcam toy modelinin təşviqi, restoranların real tutumuna uyğun qonaq sayının müəyyənləşdirilməsi və israfçılığın azaldılması istiqamətində maarifləndirmə aparılması mümkündür.
Toyun maliyyə xərcinə birbaşa limit qoyulması isə daha mürəkkəb məsələdir. Çünki insanların gəlirləri, ailə imkanları və seçimləri fərqlidir. Dövlətin “bu qədər puldan artıq toy xərci çəkilə bilməz” yanaşması həm praktik, həm də hüquqi baxımdan ciddi suallar yarada bilər.
Ona görə də əsas hədəf xərclənən pulun məbləğini deyil, insanları həddindən artıq xərcləməyə məcbur edən sosial təzyiqi azaltmaq olmalıdır. Əslində cəmiyyət olaraq toy anlayışına münasibətimizi dəyişməliyik. Toy nə qədər çox insanın iştirak etdiyi, nə qədər bahalı menyunun təqdim olunduğu və nə qədər böyük məbləğin xərcləndiyi ilə ölçülməməlidir. Əsas məsələ iki insanın ailə qurması və onların gələcək həyatını sağlam təməl üzərində qurmasıdır.
Xüsusilə gənc ailələr üçün toy xərclərinin azaldılması sosial baxımdan əhəmiyyətlidir. Bir ailənin bütün imkanlarını bir gecəyə sərf etməsi əvəzinə həmin vəsaitin mənzilə, təhsilə, ailənin gələcək təminatına və uşaqların ehtiyaclarına yönəldilməsi daha uzunmüddətli fayda verə bilər.
Məncə, Azərbaycanda “böyük toy” anlayışından “mənalı toy” anlayışına keçidə ehtiyac var. Məhdudiyyət tətbiq ediləcəksə belə, bu, cəzalandırıcı deyil, sosial və iqtisadi reallıqları nəzərə alan, ailələrin maraqlarını qoruyan yanaşma əsasında həyata keçirilməlidir. Çünki toy bir gündür, ailə isə bir ömürdür. Biz bir günlük dəbdəbəyə deyil, uzunmüddətli ailə rifahına üstünlük verməliyik”, – deyə sosioloq qeyd edib.
Aynurə İsmayıl
KONKRET.az