Böyük Turana doğru son addımlar: “Yeni sivilizasiya başlayır”

14.09.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci Görüşü 14 sentyabr 2026-cı ildə Bakıda keçirilib və görüşün yekununda Bakı Bəyannaməsi qəbul edilib. 

Bəyannamədə türk dövlətləri və xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Sənəddə eyni din, ortaq tarix, dil, mədəniyyət və adət-ənənələrin türk dünyasını birləşdirən əsas amillər olduğu qeyd edilib. 

Şura dünyada sülh və rifahın gücləndirilməsi üçün Türk-İslam mənəviyyatı və mədəniyyətinin potensialından istifadə edilməsini dəstəkləyib. Dünyanın müxtəlif bölgələrində baş verən müharibə və qarşıdurmalardan, həmçinin qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, ətraf mühitin çirklənməsi, ərzaq təhlükəsizliyi və su qıtlığından narahatlıq ifadə olunub. 

Bəyannamədə terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya, türkofobiya, təkfirçilik, məzhəblərarası ayrı-seçkilik və nifrət çağırışlarının qarşısının alınması üçün birgə səylərin davam etdiriləcəyi bildirilib. Həmçinin dini təhsilin və milli özünüdərkin inkişafı, birgə elmi konfransların təşkili, tələbə və müəllim mübadilələrinin aparılması, dini və elmi tədqiqatların təşviqi nəzərdə tutulub. 

Şura Türk-İslam mədəniyyətinin inkişafı ilə bağlı birgə layihələrin hazırlanmasını, Ramazan və Qurban bayramlarının tarixlərinin birgə müəyyənləşdirilməsi və mötədil İslam, məzhəblərarası anlaşma prinsiplərinə xidmət edən ortaq fətvaların hazırlanması istiqamətində fəaliyyətin davam etdirilməsini qərara alıb. 

Sənəddə qadın və uşaq hüquqlarının müdafiəsi, gənclərin dini maarifləndirilməsi, Türk dövlətlərinin dini və mənəvi mühitinə xarici müdaxilələrin, zərərli təbliğatın, sektantlığın və ideoloji təxribatların qarşısının alınması ilə bağlı əməkdaşlığın davam etdiriləcəyi də qeyd olunub. 

“Cebheinfo.az”-a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Türk Dövlətləri Təşkilatı siyasi və iqtisadi birlikdir: 

“Hazırda bu təşkilatın daha güclü beynəlxalq faktora çevrilməsi üçün müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirilir, yeni planlar müəyyənləşdirilir. Bütün bunlar Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlərin nüfuzlu faktorlarından birinə çevrilməsi məqsədi daşıyır. 

Şübhəsiz ki, din dövlətdən ayrı olsa da, hər bir dövlətin ayrılmaz parçasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə ortaq İslam mədəniyyəti və ortaq dini mədəniyyət də mövcuddur. Belə olan halda ictimai şüurun milli-etnik və dil birliyinin, eləcə də dini müstəvidə zənginləşməsi üçün artıq 7-ci dəfədir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini xadimlərinin iştirakı ilə müxtəlif tədbirlər keçirilir və burada mühüm qərarlar qəbul edilir. 

Dolayısıyla, Türk Dövlətləri Təşkilatının liderlərinin qəbul etdiyi qərarlar din xadimlərimiz tərəfindən dəstəklənir. Nəticə etibarilə, güclü dövlət həm də dini azadlıqların təminatçısı, dini mənəviyyatımızın, milli mədəniyyətimizin və dilimizin qoruyucusudur. 

Bu komponentlərin hər biri ayrı-ayrılıqda bir millətin mövcudluğu, birliyi və güclənməsi üçün vacib şərtdir”. 

Onun sözlərinə görə, Bakıda keçirilən növbəti belə tədbirdə də mühüm qərarlar qəbul edilib: 

“Düşünürəm ki, bu qərarlardan biri dini bayramların ortaq fəlsəfə və ortaq, sinxron zaman üzrə koordinasiya edilməsi məsələsidir. Bu da şübhəsiz ki, ortaq dini təfəkkürün və ortaq dini mədəniyyətimizin formalaşmasına töhfə verəcəkdir. 

Çünki bu gün milli və siyasi birliyə zərər verə biləcək komponentlərdən biri də milli ideologiya ilə yanaşı, dini ideologiyanın manipulyasiya edilməsidir. Ona görə də bəzi  mərkəzlər, hətta bəzi müsəlman ölkələri tərəfindən Türk Dövlətləri Təşkilatının ortaq dini şüurunun formalaşmasını manipulyasiya edən cəhdlərə də şahidlik edirik. 

Çünki Türk-İslam mədəniyyəti tamamilə fərqlidir. Türk mədəniyyəti İslam mədəniyyətini zənginləşdirən aparıcı bir istiqamətdir. İslam mədəniyyətinə sufiliyi, təsəvvüfün böyük cərəyanlarını, hürufiliyi qazandıran, İslam fəlsəfəsini zənginləşdirən, İslamı daha elmi əsaslarda şərh edən alim və üləmaların böyük əksəriyyəti həm də türk xalqlarının yetişdirdiyi övladlardır.

Ona görə biz həm tarixdən bizə qalan mötəbər mirasa sahib çıxmaq üçün, həm də dinin daha obyektiv şəkildə dərki üçün atılan bu cür addımları məqbul hesab edirik”. 

Deputat qeyd edib ki, dinşünaslığın inkişafı, dinin obyektiv əsaslarda dərk edilməsi üçün atılan bu addımları həm də vacib hesab edirik: 

“Ona görəbu birliyin gələcəyi tarixi Turan coğrafiyası ilə əlaqələndirilirsə, mənə elə gəlir ki, bu da doğrudur. Çünki tarixi reallıq da ondan ibarətdir ki, Türküstan mədəniyyəti həm İslama qədər böyük Turan coğrafiyasında mövcud olmuş , həm də İslamdan sonra böyük Turan coğrafiyasında təşəkkül etmiş, daha da inkişaf etmiş böyük bir mədəniyyətdir. 

Düşünürəm ki, “Türküstan sivilizasiyası” ifadəsini işlətsək, bu ardıcıllığı birləşdirə və daha vahid formada, daha kompakt şəkildə ifadə etmiş olarıq. 

Fikrimcə, Türküstan sivilizasiyasının vətəni olan Turan coğrafiyasında yeni bir mədəniyyət, yeni sivilizasiya mərhələsi başlayır ki, bu da bu coğrafiyada yaşayan bütün xalqlara rifah, sülh, ədalət və güc gətirəcək”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

 

Açar sözlər: Türk Dövlətləri Təşkilatı Hikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью