Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Tarixi müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi böhran, nizami ordunun formalaşdırılmaması və qeyri-peşəkar idarəçilik Azərbaycanı ağır sınaqlarla üz-üzə qoydu. Hakimiyyətdə yol verilən ciddi strateji səhvlərin fonunda dövlətin müdafiə qabiliyyətinin olmamasının nəticəsi kimi Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etməyə başladı. Qədim yurd yerlərimizdən olan Laçın rayonu da həmin faciəli dövrdə işğala məruz qaldı. Strateji əhəmiyyətə malik rayonun müdafiəsi lazımi səviyyədə təşkil olunmadığından Laçın düşmən nəzarətinə keçdi. İşğal nəticəsində rayon talan edildi, əhalisi doğma yurd-yuvasından didərgin salındı və xalqımız tarixinin ən ağrılı faciələrindən birini yaşadı.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal yüzlərlə insanın həyatına son qoydu, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonun zəngin tarixi-mədəni irsi dağıdıldı, yaşayış məntəqələri viran edildi, milli-mənəvi sərvətlərimiz vandalizmə məruz qaldı.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, Laçının işğalı əvvəlcədən hazırlanmış siyasi ssenarinin tərkib hissəsi idi. Beynəlxalq siyasi dairələrin laqeydliyi və ölkə daxilində hökm sürən hakimiyyət böhranı Ermənistanın işğal planlarının həyata keçirilməsinə əlverişli şərait yaratdı. Laçının ələ keçirilməsi ilə Ermənistan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə quru əlaqəsini təmin etdi. Həmin günlərdə isə sanki heç nə baş vermirmiş kimi Bakıda hakimiyyət və vəzifə uğrunda amansız çəkişmələr davam edirdi. Dövlət idarəçiliyində yaranmış xaos müdafiə sistemini iflic vəziyyətinə salmış, işğalçı qüvvələrin irəliləməsini sürətləndirmişdi. Cəbhədə Azərbaycan torpaqları bir-birinin ardınca işğal olunur, paytaxtda siyasi hakimiyyət uğrunda mübarizə dövlətin taleyini təhlükə altına qoyurdu.
Xalqın qətiyyətli iradəsi ilə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, milli təhlükəsizlik sistemi möhkəmləndirildi, Silahlı Qüvvələrin müasir standartlar əsasında inkişafı prioritet dövlət siyasəti kimi müəyyənləşdirildi. Ordu ardıcıl islahatlar nəticəsində peşəkarlığını, döyüş hazırlığını və texniki imkanlarını davamlı şəkildə artırdı. Azərbaycanın sülh siyasətinə sadiqliyi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi işğal faktının dünya ictimaiyyətinin diqqətində saxlanılmasına, ölkənin haqlı mövqeyinin beynəlxalq müstəvidə müdafiəsinə geniş imkan yaratdı. Güclü dövlət idarəçiliyi, peşəkar ordu və ardıcıl diplomatik fəaliyyət sonrakı illərdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin edən tarixi uğurun möhkəm təməlini formalaşdırdı.
Nəhayət uzun illər işğal altında qalan Laçın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbənin və Ermənistanın imzalamağa məcbur olduğu kapitulyasiya aktının nəticəsi olaraq azadlığına qovuşdu. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tamamilə Azərbaycanın nəzarətinə keçərək doğma sakinlərinə yenidən qucaq açdı.
Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi qətiyyətli siyasi iradəsi, dəqiq hərbi strategiyası və sarsılmaz rəhbərliyi ilə bütün cəbhələrdə düşmənə ağır məğlubiyyət yaşatdı. Dövlət başçısı milli birliyin, xalq–ordu həmrəyliyinin və qalib Azərbaycanın rəmzi olaraq müasir tariximizdə silinməz iz buraxdı, böyük liderlik nümunəsini yaratdı. Məhz bu rəhbərlik xalqın sonsuz inam və etimadını daha da möhkəmləndirdi.
İşğal illərində dağıdılan, talan olunan Laçın qısa zaman içində Prezident İlham Əliyevin rəhbərliyi ilə nəhəng quruculuq və bərpa proqramının əsas ünvanlarından biri oldu. Müasir şəhərsalma prinsiplərinə uyğun salınan yaşayış məhəllələri, avtomobil yolları, körpülər, məktəblər, xəstəxanalar, inzibati və sosial obyektlər tikilərək ərsəyə gətirildi, Laçın yenidən qurulmağa başlanıldı. Doğma torpaqlarına qayıdan insanların sevinci, istifadəyə verilən hər yeni obyekt və həyata keçirilən hər layihə Azərbaycanın iqtisadi gücünü, dövlət iradəsini və Böyük Qayıdış proqramının uğurla icrasını parlaq şəkildə nümayiş etdirdi. Uzun ayrılıqdan sonra laçınlılar doğma torpaqlarında yaşamağa davam etdilər.
Deputat sonda bildirib ki, məhz Prezident İlham Əliyevin siyasi iradəsi və liderliyi sayəsində strateji əhəmiyyət daşıyan Laçın rayonu işğaldan azad edildi. Baxmayaraq Ermənistan Qarabağa açılan əsas giriş qapısı sayılan Laçının geri qaytarılmasını mümkünsüz hesab edirdilər. Bu gün isə həmin Laçında Azərbaycan bayrağı dalğalanır, laçınlılar öz əsrarəngiz yurdlarına qayıdaraq təhlükəsiz və firavan həyat sürürlər. Bu xoşbəxtliyi laçınlılara və Azərbaycan xalqına Prezident İlham Əliyev bəxş etdi. Laçının azadlığı xalqımızın yaddaşında böyük zəfərin parlaq səhifələrindən biri kimi yaşayır. Böyüklüyün, liderliyin və siyasi iradənin gətirdiyi ən böyük xoşbəxtlik xalqı arzusuna çatdırdı. Prezident İlham Əliyev bu arzunu gerçəyə çevirərək laçınlıları doğma yurdlarına, Laçını isə öz sahibinə qovuşdurdu. Onun xalqın milli arzularını gerçəkləşdirən lider kimi qazandığı böyük nüfuz bir daha göstərdi ki, bu yüksəliş və xalq sevgisi təsadüfi deyil.