Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
“Fənərbaxça” da Bakıya gəldi axı. Gəlməz olaydı. Xaos, biabırçılıq, utanc hissinin pik həddini yaşatdı.
Oyunda yaşananlardan çox danışmayacam. Qrinvudun elədiyi ayıb, Gündüzinin abır-həyasız davranışları, qırmızı vərəqə alıb 11 nəfərlə oynamaq…
Matçın bitməsinə 2-3 dəqiqə qalmış həmkarlarla miks-zonaya yollandıq. Gəlib çatanda nə görsək yaxşıdır?! Qarşımızda “miks-zonaya və konfrans otağına düşməyə icazə yoxdur” sözünü deyən, jurnalistlərlə dirəşən biri dayanıb.
Səbəb soruşub tutarlı cavab almadıq. Təxminlərimiz bunun “Fənərbaxça” futbolçularının meydançadan soyunub-geyinmə otağına rahat getməsi üçün edildiyi oldu.
Nəysə, “Turan Tovuz”da çalışan həmkarımızın israrı ilə həmin “maneə”ni dəf edib aşağı düşə bildik. Miks-zonada gözləyərkən Qərb təmsilçisinin mətbuat katibi Süleyman Tağıyevi gördüm. Ondan mətbuat konfransını soruşanda bildirdi ki, konfrans baş tutmayacaq. Niyə? Çünki “Fənərbaxça” yoxlama oyunundan sonra konfrans keçirib vaxt itirmək istəmir. Pay dədə…
“Şeytana lənət” deyib, miks-zonada gözləməyə davam etdik. Oyunçuların gec gələcəyini anlayıb hava almağa çıxmaq istədim. Bir də gördüm ki, miks-zonanın hər iki çıxışı bariyerlə bağlanıb. Çıxışa yaxınlaşanda “buradan “Fənər”in oyunçularını çəkə bilərsiz, o səbəbdən olmaz, digər tərəfə yaxınlaşın” cavabını aldım və yönəldim həmin yerə. Orada da eyni cavabı eşidəndə cin vurdu təpəmə. Kəskin şəkildə etirazımı bildirib çıxışı açdırdım. Pilləkənlə qalxıb çıxışa yönələndə gördüm ki, buradakı qapını da kilidləyiblər. Həmkarlarımızın da bir qismi bayırda, yağışın altında qalıb. Qapını açdırıb jurnalistlərə bu tip qadağaların qoyula bilməyəcəyini bildirdim.
İnsanların çıxışını bağlamaq artıq təhlükəsizlik məsələsi deyil. Stadionda jurnalistin harada dayanacağını müəyyənləşdirə bilərsən, hansı zonaya keçə biləcəyini qaydalarla tənzimləyə bilərsən. Amma adamı içəri buraxıb sonra çıxış qapısını kilidləmək nə qaydadır, nə təşkilatçılıqdır, nə də peşəkarlıq.
10-15 dəqiqə hava alıb yenidən miks-zonaya yollandım. Öyrəndim ki, “Fənər”in heç bir futbolçusu Azərbaycan mediasına açıqlama verməyib. Yalnız öz televiziya kanallarına danışıblar.
Yəni nə mətbuat konfransı keçirdiniz, nə də bir futbolçunuz Azərbaycan mediasının qarşısına çıxdı. Sizdən heç kim lütf istəmirdi. Futbolçunun 30 saniyə dayanıb iki suala cavab verməsi, məşqçinin oyundan sonra mətbuat konfransına çıxması Azərbaycan mediasına edilən hədiyyə olmayacaqdı. Bu, peşəkar futbol klubunun normal media münasibətidir.
“O boyda” “Fənərbaxça”dan bir nəfər Azərbaycan mediasının qarşısına çıxa bilmədi? Hava limanında saatlarla sizi gözləyən, yağışda islana-islana yanınıza gələn insanlara hörmətiniz budur?
Azərbaycan insanı Türkiyə klubunu burada yad klub kimi qarşılamır. Hava limanında saatlarla gözləyir, yağışın altında stadiona gəlir, tribunada ona xüsusi münasibət göstərir. Bunun qarşılığında jurnalistin üzünə qapı bağlamaq, sonra həmin qapıya əlavə mühafizə düzmək hansı qardaşlığın, hansı hörmətin nümunəsidir?
Böyüklük təyyarədən düşəndə sizi neçə nəfərin qarşılamağı ilə ölçülmür. Böyüklük həmin insanların qarşısına necə çıxdığınızla, onlarla necə davrandığınızla ölçülür.
Bakıya, həmin stadiona Almaniya, Fransa milliləri, “Çelsi”, “Arsenal” kimi dünya futbolunda sizdən qat-qat böyük çəkisi olan komandalar gəlib. Siz kimsiniz ki?! Hansı birinə yaxın düşə bilərsiniz?! Azərbaycana “Qalatasaray” və “Beşiktaş” da gəlib. Sizin etdiyiniz biabırçılığı etməyiblər. Doğrudan da, onlarla rəqabətdə çox geridəsiniz.
Matçdan sonra təxminən 35 dəqiqə yağışın altında qapıda gözləmişik. Çünki media girişdəki qapı iki qıfılla bağlanmışdı. Digər qapılardan içəri buraxılmamışdıq, içəri buraxıldığımız qapıdan da çıxa bilmirdik. Stadionda əməlli-başlı xaos idi. Tam ciddiyəm, mən çox utandım. Həm rəftardan, həm gördüklərimdən, həm də onların bizə olan laqeydliyindən. İnanmıram ki, hansısa Azərbaycan klubu Türkiyə mediasına belə hörmətsizlik etsin.
Mən Türkiyəni çox sevirəm. Amma gəlin türk futbolunu şişirtməyək, vallah, sonra onların gününə qalacağıq. Ümid edirəm, bu qapıdakı qıfılın açılması Azərbaycan futbolunun problemlərini də açar. Azarkeşlər tribunaları doldurarlar.
Başqa heç bir şeydə “Fənər” kimi klubfasondan geri qalmırıq…
II Liqa: “Qaradağ Lökbatan” evdə, “Şəmkir” səfərdə qələbə qazandı Millimiz Moldovaya uduzub “İmişli” “Şəfa” ilə heç-heçə edib "Fənərbaxça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər “Qəbələ”dən yeni transfer