Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu sətirlər çoxdan yazılmalıydı, illər öncədən. Lakin o vaxtlar yüksək siyasi və diplomatik vəzifələr tutduğumdan bu yazı barədə dövlət başçımıza məruzə etmədən qələmə almağı etik baxımdan düzgün saymırdım. Eyni zamanda, xarici və daxili siyasətin qlobal məsələləri ilə, gecə və gündüz işğalçıların ana torpaqlarımızdan qovulması kimi ölkəyüklü problemlərlə məşğul olan rəhbərimizin belə məsələlər üçün vaxtını almağa qıymırdım. Şükür, torpaqlarımız düşmən tapdağından azad olundu, rəhmətlik Leonid İlyaoğlu yarım əsr bundan qabaq demişkən, “Azərbaycan iri addımlarla addımladı”...
Yenə yazmağa tələsmədim, düşündüm - vaxt keçər, bu haqsızlıq, narahatlıq öz “aktuallığını” itirər. Amma itirmədi, yalnız ona görə yox – belə qərəzli düşmən olunmağı nə görmüşdüm, nə də kitablarda oxumuşdum. Lap başlıcası ona görə ki, o illərdə ona yarınmaq üçün dəridən-qabıqdan çıxanların, el dilində istehzayla söyləndiyi kimi “bir Ramiz Ənvəroviç” deyib beşi ağzından tökülənlərin, sözünün mübtədası da, xəbəri də “Ramiz müəllim” olanların çoxu hələ də əvvəlki qoltuqlu stullarında əyləşmiş mənsəb sahibləridir. Digər məqam da çox narahatedicidir. Bizim günlərdə və sonra vəzifələrə təyin olunanlardan elə düşünənlər tapılar: Mehdiyev 60 il məsul, yüksək vəzifələrdə belə işlədi, ona nə etdilər ki? Və belə düşünənlər indinin özündə də “tapılır”, özü də təəssüf ki, az deyillər.
Ancaq mənim bu yazımın ünvanı yalnız bu günə deyil, həm də (başlıca ünvanı!) sabahadır, gələcəyədir! “Boz kardinalların”, “kardinallıq” azarı…
Şair demişkən: “İnsanlar, ayıq olun!”. (Yulius Fuçik).
7 may, 2025.
Dediyinə görə, hər şey ondan başladı – artıq bizə yaxın olmayan 1990-cı ildən (bəri başdan deyim: yalnız ondan yox! – sonra açıqlayacağam). “Gənclik” nəşriyyatının baş redaktoruydum, Mərkəzi Komitənin, Dövlət Nəşriyyat Komitəsinin xəbəri olmadan “Didərginlər - 1918-20, 1948-52, 1988-89” kitabını tematik plandankənar nəşrə hazırlayırdım. O illərdə kitab nəşr edənlər yaxşı xatırlayırlar: tematik plandan kənar nəşr yalnız Mərkəzi Komitənin tövsiyəsi və Dövlət Nəşriyyat Komitəsinin kollegiyasının qərarı ilə baş tuta bilərdi – o da o illərdə irihəcmli “Didərginlər”… toplusu ola! Nəşriyyatların tematik mövzu planları adətən 2 il öncə hazırlanır, baxılmaq və təsdiq üçün cavab Sov. İKP MK-yacan gedib çıxırdı. “Didərginlər”…i isə o vaxtlar bu uzun yollarda kimsə dəstəkləməzdi. Ona görə kitabın çapının yeganə yolunun – “partizanlığın” alternativi yox idi. Kitabın nəşri başa çatan kimi “həbs” olundu, mətbəədən çıxmasına qadağa qoyuldu. Mərkəzi Komitənin katibi Fazil Muradəliyevlə görüşdən sonra (Allah ona rəhmət eləsin) məsələni yoluna qoya bildim. 500 səhifəlik kitab görünməmiş tirajla (80 min!) nəşr olunduğu kimi, görünməmiş də maraq doğurdu, bir həftə içində kitab əllərdə gəzirdi, Azərbaycan ondan danışırdı. Mən də, “Gənclik” nəşriyyatının fədakar kollektivi də məmnunluq əhval-ruhiyyəsində ikən Mehdiyevin keçmiş köməkçisi İsmayıl Vəliyev (Prezident İlham Əliyevin Ensiklopediyanın nəşri problemlərinə həsr olunmuş toplantıdan və işdən haqlı olaraq qovduğu həmin İsmayıl Vəliyevdir!) telefonla aradı:
- Ramiz müəllim deyir ki, mənim həmişə Hidayətə yaxşı münasibətim olub. “Didərginlər…”də oxuduqlarımdan çox narahat olmuşam.
- Orda nə var ki? – Təəccüblə soruşdum.
-Aslan Kəmərlinin yazısında, 332-333-cü səhifələr... Ramiz müəllim deyir – o, Kəmərlidə olmayıb.
Kitabı açıb baxdım, həqiqətən belə idi. Aslan Kəmərlinin “Qılınckənd həsrəti”ndən:
“...Elə həmin hadisələrdən bir neçə gün sonra Azərbaycan KP MK-nın katibləri (o katiblərdən biri dünyasını çoxdan dəyişdiyi üçün adını çəkmirəm – H.) və Ramiz Mehdiyev kəndə gəlirlər. Gözləmək olardı ki, respublikanın kənd təsərrüfatına və ideologiyasına rəhbərlik edən katiblər camaatı yığacaq, məsələnin mahiyyətini başa salacaq, sərhəd bölgüsündən 70 ilə yaxın bir vaxt keçəndən sonra yenidən bu sərhəd bölgüsünün səbəbini aydınlaşdıracaq, dedi-qodulara, müxtəlif şayiələrə son qoyacaqlar. Bir sözlə, xalqla, taleyini torpağa bağlayan, onu göz bəbəyi kimi sevən kəndin əhalisi ilə açıq söhbət, qarşılıqlı ünsiyyət lazım idi. Belə olmadı, hər iki katib əllərini stola döyüb qışqırdı, ağsaqqalları, ağbirçəkləri təhqir etdilər. Hədələdilər...
Kitabın ideya müəllifi və tərtib edəni də mən idim. Materialların çox cüzi bir hissəsi Aslanın yazısı da o sırada mətbuatda dərc olunmuşdu. Əlyazması çapa hazırlananda nəşriyyat redaktoruna tapşırmışdım: “Vaxtım çatmır – mətbuatda dərc edilmiş yazıları oxumayacağam, diqqətli ol”. İsmayılla telefon söhbəti bitən kimi nəşriyyat redaktorunu çağırıb sərt danladım.
Elə həmin gün həmişə yaradıcılığına və şəxsiyyətinə hörmət etdiyim Aslanı da dəvət edib onunla çox sərt danışdım. Ancaq Aslan qətiyyətlə bildirirdi ki, Mehdiyev həqiqətən o biri katiblə Kəmərlidə olub və camaata hədə-qorxu gəliblər. Sonralar nəşriyyat redaktoru Vəli Həbibəyli də əminliklə belə deyirdi, bəlkə də o kəmərlilərlə əlaqə saxlayıb məsələni yerli-yataqlı öyrənmişdi. Mən isə onlar deyənə inanmırdım. Düşünürdüm: Mərkəzi Komitənin katibi vəzifəsinəcən gedib çıxmış adam necə ola bilər desin ki, olduğu yerdə olmamışam?
R.Mehdiyevlə mən heç vaxt görüşməmişdim, telefonla da danışmamışdıq. Amma ona normal münasibətim vardı – sanırdım: Heydər Əliyevə sədaqətlidir, Ə.Vəzirov zamanında MK-dan uzaqlaşdırılmasının əsas səbəbi onun kadrı olması və doğulduğu məkanla bağlıdır. Axı, hamıya gün kimi aydındır ki, Vəzirov Qərbi Azərbaycandan (içi Naxçıvan qarışıq) olanlara qarşı müharibə elan etmişdi. Onu da deməliyəm ki, Mehdiyev MK katibi kimi ideologiyaya kuratorluq edəndə yaradıcı ziyalıların çoxu ondan narazı idilər. Görkəmli yazıçılarla, mədəniyyət xadimləri ilə onun üstündə fikir ayrılığımızı, hətta mübahisələrimi də xatırlayıram.
Elə ertəsi gün onunla görüşməyi özümə borc bildim. Zəng çaldım, vaxtlaşdıq, səhər-səhər getdim, deyəsən işə təzə gəlirdi, akademiyanın qabağında iki-üç nəfərlə söhbət edirdi. Narazılıq ifadələri də yadımdadır: “Mərkəzi Komitənin katibini gör gətirib hara salıblar” - təəccübləndim – Mərkəzi Komitənin katibi olmaqla öyünməyin, nostalji hisslərə qapılmağın vaxtı çoxdan keçmişdi. Ancaq düşündüm: “Partokratiya düşüncəsindəndir, keçib gedər...”.
Akademiyaya daxil olduq, 12-15 kvadratmetrlik iş otağına qalxdıq, deyəsən xadimə otağı yığışdırmamışdı. 4-5 stulun hərəsi bir tərəfə atılmışdı…Öncə “Didərginlər…”də onun haqqında olan sətirlərə münasibət bildirdim: “Müəllifi də, nəşriyyat redaktorunu da ciddi qınadım, kəskin tənqid etdim. İndi kitabın rus dilinə tərcüməsi nəşrə hazırlanır, o sətirlər orda olmayacaq! “Heç nə demədi, elə bil heç belə şey olmamışdı.
Heç nə demədi, məsələ bununla bitdi! Sonra o vaxtların siyasi gedişlərindən danışdım, üç dəfə sözümü Ulu Öndərimizin təqib olunmasından, mətbuatda haqqında qərəzli yalanlar, böhtanlar dərc olunmasının üstünə gətirdim. Heç bir reaksiya vermədi, sanki heç eşitmədi. Söhbətin yönünü açıq-aşkar dəyişdi. Nə üçün? Etibar etmirdi? Yox! O vaxt mən mətbuatda bu iyrənc kampaniyaya qarşı nifrətimi açıq-aşkar bildirirdim – Vəzirov komandası tərəfindən “xüsusi nəzarətə” götürülmüşdüm. Bunu hamı bilirdi.
O vaxtlar, sonralar A.Mütəllibovun hakimiyyəti aylarında doğmalarım, məni qəlbən istəyən dostlarım ciddi narahatlıq keçirdilər, “həyatın açıq-aşkar təhlükədədir!” deyənlər də vardı. Xüsusilə Əjdər Xanbabayev qətlə yetiriləndən sonra…
“Didərginlər…”dəki sətirlər üzərində çox dayandım? Səbəbi var. Bir az qabağa gedib deyim. Orda -burda da çox deyirdi o sətirlər barədə. Sonralar dörd-beş dəfə də mənə xatırlatdı. Hər dəfə ona deyəndə ki, kitabın ruscasında o sətirləri çıxardım, ilk dəfə eşidirmiş kimi – “hə?” məmnunluqla soruşurdu. Yaddaşı zəifləmişdi... Lap gözlənilməzi – məni heyrətləndirən, hədsiz əsəbiləşdirən deyimi isə doxsanıncı illərin sonlarında oldu. Yenə sözü “Didərginlər…”dəki o sətirlərin üstünə gətirdi:
- Mən orda elə söz deməmişdim – dedi.
- Siz o vaxt orda olubsunuz? – təəccüblə soruşdum.
- Olmuşam, amma o sözləri deməmişəm.
- Çıxış edibsiniz! Nə deyibsiniz? Deyibsiniz Qızılkəndi ermənilərə verməyin? On ildir deyirsiniz - orda olmayıbsınız. Mən də... Aslanı da ciddi tənqid etdim. İndi o həyatda yoxdur.
- Ölməli adam idi – çox soyuqqanlılıqla bildirdi.
- O “Kommunist” qəzetinin əməkdaşı, tanınmış jurnalist Valeh Musayevlə Kəmərlini, Qızılkəndi, ətraf kəndləri qorumağa getmişdi!!! Öz avtomobillərinin qəzasında ikisi də həlak oldu. İndi mən onların hər ikisinin ruhlarından dönə-dönə üzr istəyirəm – deyib, daha kəskin ifadələr işlətməmək üçün dərhal otaqdan ayağa qalxıb çıxdım.
Bu “Didərginlər…”dəki sətirlərlə bağlı son söhbətimiz oldu. Amma o vaxtacan çox şeylər baş vermişdi...
Əvvəla, 1992-ci ilin avqustunda Prezident Aparatına yüksək vəzifəyə təyin olunandan azca sonra köməkçisi İsmayıl yenə mənə müraciət etdi, yenə həmin sözlər:
- Ramiz müəllim deyir ki, mən həmişə Hidayətə yaxşı olmuşam, özüm də milli məsələlər üzrə mütəxəssisəm, niyə məni unudur...
Mənim fikrim hələ onun haqqında tam dəyişməmişdi – hesab edirdim ki, onu nahaq yerə yüksək vəzifədən uzaqlaşdırıblar. Onun barəsində Əbülfəz Elçibəylə də danışdım, Pənah Hüseynovla da. (Pənah bəy o vaxtlar Dövlət Katibiydi və geniş səlahiyyətləri vardı). İkisinin də cavabı eyni oldu: “Siz o illərin çoxunu İrəvanda yaşayıbsınız, onları tanımırsınız”.
Sonra Mehdiyevə özüm zəng çaldım, bu sözləri yox, sadəcə dedim ki, səbrli olsun. O ki qaldı onun mənə guya yaxşı münasibətdə olmasına – yazının əvvəlində dediyim kimi “Didərginlər…”dəki sətirlərəcən biz nə görüşmüşdük, nə də telefonla danışmışdıq.
1984-cü ilin əvvəlində mən İrəvandan Bakıya köçməyə hazırlaşanda iş məsələmin həlli Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinin müdiri Əfrand Daşdəmirovdan yuxarı keçməmişdi. Hətta Əfrand Daşdəmirov öz müavini Rafiq Zeynalova demişdi: “Hidayəti bizə götürə bilərdik. Amma yaşı keçir”. (Onda mən... 39 yaşındaydım). Ancaq iş məsələmin həllində Daşdəmirovun müavini Rafiq Zeynalovun (Allah rəhmət eləsin), sektor müdiri Vahid Əzizin xidmətləri, əzmi, qətiyyəti unudulmazdır!
Mən “Gənclik” nəşriyyatında işə başlayandan xeyli sonra sevimli köməkçi iki dəfə məndən anket aldı – birinci dəfə Müəllif Hüquqları Agentliyinə rəis, ikinci dəfə Kinostudiyaya direktor təyin olunmağım üçün. Tanınmış jurnalist Yusif İsmayılov mənə dedi: “Sən burda təzəsən, bunların “gedişlərini” hələ bilmirsən. Tanınmış, vəzifəyə uyğun adamdan anket alırlar, sonra özləri istədiklərini sakitcə həmin vəzifəyə təyin edirlər”. Müəllif Hüquqları Agentliyinə, ya Müəllif Hüquqlarına rəhbər təyin olunmağın kimi təəccübləndirə bilər ki? Yazıçı uzun illər dövlət teatrının direktoru, naşir, baş redaktor... Beləcə, diqqəti yayındırıb sonra özləri istədiklərini sakitcə gətirib həmin vəzifəyə təyin edirlər. Mehdiyevin “xidmətləri” bütov olsun deyə bu məqamı da deməliydim.
Rəhmətlik Yusifin dedikləri düz çıxdı!
Xalq Cəbhəsi hakimiyyətdə iflasa uğradı, getdi... Ulu Öndərimiz Ali Sovetin Rəyasət Heyətinin sədri seçildi, Prezident səlahiyyətlərini icra etməyə başladı.
Bir neçə gün sonra Mehdiyev özü zəng çaldı, görüşmək istədiyini bildirdi, dəvət elədim, gəldi. O söhbətimizdə də sevimli, “əbədi” köməkçisini xatırladı. Mənim köməkçim otağa daxil olub bir vacib sənədi təqdim edərək otaqdan çıxan kimi başladı onu tərifləməyə... Bu həmin köməkçidir ki, Heydər Əlirza oğlu hakimiyyətə qayıdan kimi rəhbərlik etdiyi binada – Milli Ensiklopediyada qardaş Türkiyənin bir-iki əməkdaşına Ulu Öndərə qarşı aksiyalar təşkil etməyi planlaşdırmaq üçün toplaşmağa şərait yaratmışdı. Mən çox təəccübləndim, dözməyib ona zəng çaldım “İsmayıl, axı, sən siyasətlə məşğul olmursan, necə oldu ki, birdən-birə elə anti-Azərbaycan aksiyasının hazırlığına icazə verdin? Özü də Milli Ensiklopediyanın binasında?”. Onun bu hərəkəti ictimaiyyət arasında çox mənfi əks-səda verdi. Mehdiyev isə… ondan bir formal izahat alıb məsələni bağladı. Sevimli, “əbədi” köməkçisi isə öz xislətində, öz ampluasındaydı. Amma Prezident İlham Əliyev onu saxtakarlığına, Ulu Öndərin miqyasasığmaz xidmətlərinə kölgə salmaq cəhdlərinə, məqsədli təhriflərinə görə yüksək səviyyəli toplantıdan qovanda daha heç nə kömək edə bilməzdi!
Bu hadisələr İsmayılın təxribatlarından öncə olmuşdu. Ancaq bir sual o vaxtlar da məni çox düşündürürdü: “Doğurdanmı Mehdiyev İsmayılı tanımayıb? əlbəttə, elə birinci hadisədən sonra mən İsmayılla bütün əlaqələri kəsdim.
Mehdiyev Ulu Öndərimizin dönüşündən il yarım sonra Prezident Aparatının Ümumi Şöbəsinin müdiri təyin olundu. Onda münasibətimiz isti deyildi, ancaq vəzifəsi böyüyəndən – İcra Aparatının rəhbəri olandan sonra mənə qarşı hədsiz qərəzi yuxuma da gəlməzdi. İlk öncə ondan başladı – Xalq Cəbhəsi hakimiyyətinin süqutundan sonra xidmətdə qalan vakansiya yerlərinə yeni əməkdaşlar təyin olunmasının ciddi cəhdlə qarşısını almaq. Bununla belə xidmət gecə yarısınadək işləyirdi (ertəsi günü səhər saat 9-da işdə olmaqla!) və fəaliyyətində boşluğa yer qalmazdı. Elə gecələr olurdu – saat 2-yə, 3-əcən işləyirdik (kabinetdə gecələdiyim günlər də çox olurdu...). Yorulmaq bilmirdik, çünki vəziyyət belə tələb edirdi! Moskvanın, İrəvanın “xeyir-duası”, təşkilatçılığı, maliyyəsi hesabına milli münasibətlərdə gərginlik yaradaraq ölkəmizi 7 yerə parçalamaq planlarını birdəfəlik zibil qabına ata bilmək məcburiyyətindəyik. Dini aləmdə də radikallıq, təriqət qarşıdurmaları baş alıb gedirdi, xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsi, təşkilatlanması azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmələri problemləri düz gözlərimizin içinə baxırdı. Hələ qaçqınlar, onların hər gün çıxan onlarla yeni problemləri, müxtəlif qrupların xarici ölkələrə xidmət kampaniyaları... Bəs nə etməli və nə edirdik? Bu saydığım və saymadığım problemlərin hər biri ayrılıqda geniş mövzudur, onları açmıram.
Ancaq xalqımız və dövlətimiz üçün son dərəcə təhlükəli olan bu problemlərin həlli ilə məqsədyönlü, ardıcıl, inadla məşğul olmağın qabağını kəsməyə cəhd eləməyin adı nədir? Ulu Öndərimizin ruhu şad olsun, Tanrı möhtərəm Prezidentimizə uzun ömür, yeni möhtəşəm uğurlar bəxş etsin – məhz onların müdrik, əvəzsiz siyasəti və milli siyasət məsələləri üzrə Dövlət Müşaviri xidmətinin peşəkar icraçılıq səyləri nəticəsində o qaragüruhlardan sağ-salamat çıxdıq və yalnız qonşulara deyil, Müstəqil Dövlətlər Birliyinə daxil olan bütün ölkələrə yaxşı nümunə, örnək olduq. Sonra bu əvəzsiz Azərbaycan həqiqətləri dünyaya yayılmağa başladı. Onun qərəzi o həddə çatmışdı ki, xidmətin adını da qısqanırdı. Yeni struktura Azərbaycan Respublikasının Azsaylı Xalqlar və Dini Qurumlar üzrə Dövlət Müşaviri xidməti yazdırmışdı. Soruşdum: “Nə üçün?”. Cavabı: “Prezident deyir ki, milli siyasətlə o məşğul olur”. Dedim: “Bu Prezidentin sözü ola bilməz, çünki ölkədə bütün ciddi işlərlə o məşğul olur. İcra Aparatıyla da! Sizin sözünüzdür! Bəs, “azsaylı xalq” nə deməkdir? Azərbaycanda yaşayan ruslar, beloruslar, yəhudilər, ukraynalılar, gürcülər, kürdlər, avarlar, ləzgilər, talışlar… azsaylı xalqlardır? Azsaylı xalq buduğlardır, xınalıqlardır, lahıclardır… Ona görə də “milli azlıq” ifadəsi onların hamısını ehtiva edir. Özünü milli məsələlər üzrə mütəxəssis adlandıran, akademik olmağa hazırlaşan elmlər doktoru “milli azlıqla” “azsaylı xalq”ın fərqini bilmirdi. Prezidentə məruzə etməli oldum, əlbəttə, “milli siyasət” ifadəsi barədə demirdim, çünki o ifadənin xidmətin adında olub-olmaması önəmli deyildi, onsuz da mənim məşğul olduğum sahənin miqyası dəyişmirdi, ancaq “azsaylı xalq” ifadəsi ölkəmizdə də, kənarda da istehza ilə qarşılanacaqdı.
Prezident çox təəccübləndi, dərhal göstəriş verdi, imzalanmış Fərmanda dəyişiklik edildi.
(ardı növbəti saylarımızda)
Hidayət