bp nin ölkəmizdə ekoloji təhsilə dəstəyi

11.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) və Almaniyada yerləşən “Renewables Academy AG” bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində peşəkar və texniki potensialın gücləndirilməsinə yönəlmiş “Clean Energy Academy” proqramını Azərbaycanda da həyata keçirməyə başlayıb.

bp şirkətinin “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrindəki tərəfdaşları ilə birgə maliyyələşdirdikləri sosial sərmayə proqramı ölkəmizdə bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində yerli mütəxəssislərin inkişafına dəstək məqsədi daşıyır.

Sosial sərmayə layihəsinin başlanması münasibətilə keçirilən mərasimi giriş sözü ilə açan CECECO-nun icraçı direktoru Aysel Yaqubova bildirdi ki, proqram Azərbaycanın təmiz enerji sahəsində peşəkar təhsil, texniki hazırlıq, institusional potensialın gücləndirilməsi və bilik mübadiləsi üçün dayanıqlı milli platformanın yaradılmasına xidmət edir. Onun sözlərinə görə, layihə Azərbaycanın təmiz enerjiyə keçidini dəstəkləmək üçün lazımi bilik və bacarıqlara malik ixtisaslı mütəxəssislərin sayını artırmağı hədəfləyir.

Energetika nazirinin müavini Elnur Soltanov qeyd etdi ki, müasir dünyada siyasi və iqtisadi mənzərəni dəyişdirən əsas proseslərdən biri süni intellektdirsə, ikinci mühüm proses enerji keçididir. Onun sözlərinə görə, bu keçidin əsasını iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, nəqliyyatın və məişətin bütün sahələrində elektrik enerjisinin tətbiqi və genişləndirilməsi prosesi olan elektrifikasiya təşkil edir.

Hazırda ölkəmizdə enerji keçidinin uğurla həyata keçirilməsi üçün elektrifikasiya, dəyişən və sabit cərəyan, transformatorlar və elektrik şəbəkələri üzrə texniki biliklərə malik ixtisaslı kadrlara böyük ehtiyac olduğunu bildirən nazir müavini bp və tərəfdaşlarının maliyyələşdirdikləri layihənin əhəmiyyətini vurğuladı.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirdi ki, yerli potensialın gücləndirilməsi və bacarıqların inkişaf etdirilməsinə dəstək təmsil etdiyi şirkətin ölkədə sosial sərmayə fəaliyyətinin prioritetlərindən biri olaraq qalmaqdadır. Onun sözlərinə görə, Azərbaycan öz enerji keçidi hədəflərinə doğru irəlilədikcə, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində biliklərin genişləndirilməsinə və ötürülməsinə töhfə verə biləcək ixtisaslı yerli mütəxəssislərə ehtiyac daha da artır.

Layihənin yalnız iştirakçıların texniki və təlim bacarıqlarının inkişafına deyil, həm də mütəxəssislərin hazırlanması üçün dayanıqlı yerli potensialın formalaşdırılmasına yönəldiyini diqqətə çatdıran regional vitse-prezidentin sözlərinə görə, bu potensial proqram başa çatdıqdan sonra da əlavə dəyər yarada biləcək.

Qeyd edək ki, bu təşəbbüs bp və tərəfdaşlarının yerli bilik və bacarıqların gücləndirilməsinə və ölkədə uzunmüddətli potensialın inkişafına davamlı dəstəyinin bir hissəsidir. Layihə bərpaolunan enerji və enerji səmərəliliyi üzrə yüksək peşəkar və tədris standartlarına uyğun müstəqil şəkildə təlim proqramları həyata keçirə biləcək yüksək ixtisaslı yerli təlimçilərin hazırlanması üçün nəzərdə tutulub.

Təşəbbüs çərçivəsində 20 nəfər yerli mütəxəssis “Təlimçinin təlimi” proqramında iştirak etmək üçün seçilib. Proqram bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində təlimlər üzrə ixtisaslaşmış, beynəlxalq səviyyədə tanınan və Berlində yerləşən Bərpa Olunan Enerji Akademiyası tərəfindən keçiriləcək.

Proqram, təxminən, 50 saatlıq sərbəst rejimli onlayn təlimdən və bunun ardınca keçiriləcək 8 yarımgünlük virtual sessiyadan ibarət olacaq. Texniki bilikləri müasir tədris metodları ilə birləşdirən bu proqram iştirakçılara həm müvafiq ixtisas sahələri üzrə biliklərini, həm də təlimçilik bacarıqlarını daha da artırmağa imkan verəcək. İştirakçılar qabaqcıl beynəlxalq təcrübədən yararlanmaqla və təlim yanaşmalarını yerli ehtiyaclara uyğunlaşdırmaqla yanaşı, təlim kurslarını müstəqil və səmərəli şəkildə tərtib etməyi, həyata keçirməyi və qiymətləndirməyi öyrənəcəklər. Proqramı uğurla başa vuran iştirakçılara “Təlimçinin təlimi” sertifikatları təqdim olunacaq.

Layihənin yerli mütəxəssislərə öz bilik və təcrübələrini bölüşmək imkanı yaratmaqla, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində potensialın gücləndirilməsi üçün dayanıqlı zəmin formalaşdıracağı gözlənilir. Bir il ərzində həyata keçiriləcək layihənin dəyəri 83 min 663 manat (49 min ABŞ dolları) təşkil edir. Layihə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, bp şirkəti Azərbaycanda 34 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Ötən müddətdə şirkət öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub. Qurum Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürüb.

bp-nin ölkəmizdə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. Belə ki, şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkəmizdəki sosial sərmayə layihələrinə, ümumilikdə, 115 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Mirbağır YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью