Brahim Konatenin üsyanı: “Süni qazonlu meydançalar bədənimizi çox yorur”

15.04.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Şamaxı”nın fransalı yarımmüdafiəçisi Brahim Konatenin Futbolinfo.az-a müsahibəsi

– “Sumqayıt”la çempionat oyununun ilk hissəsini məğlub durumda bitirsəniz də, fasilədən sonra vəziyyəti dəyişə və 2:1 hesablı qələbə qazana bildiniz. Bunu necə bacardınız?

– Oyunun əvvəlində qol buraxdıq, amma ümumilikdə ilk hissəni də pis keçirmədik. İkinci hissədə isə birinci yarıda göstərdiyimiz yaxşı oyun elementlərini davam etdirdik və vəziyyəti dəyişə bildik. Şadam ki, yekunda meydanı 3 xalla tərk edən tərəf biz olduq.

– “Sumqayıt”la matçdan öncə keçirdiyiniz 3 oyunda qalib gələ bilməmişdiniz. Bu qələbə komandada özünəinam hissini artıracaqmı? Növbəti turda “Kəpəz”lə görüşdə də 3 xal əldə edə biləcəksiniz?

– Uğursuz seriyanı dayandırmalı və “Sumqayıt”la oyunda qalib gəlməliydik. Biz hər dəfə meydana xallar qazanmaq məqsədilə çıxırıq. Bu, “Kəpəz”lə görüşə də aiddir.

– Hazırda 7-ci pillədə qərarlaşmısınız. Mövsümün son 6 matçında hədəfiniz nə olacaq: ən azından hazırkı mövqedə qalmaq, yoxsa turnir cədvəlində bir qədər yuxarı qalxmaq?

– Məqsəd mövsümün sonunadək bacardığımız qədər xal toplamaq və mümkün olan ən yaxşı yerdə sezonu bitirməkdir. Yaxşı nəticələrlə azarkeşlərimizi sevindirmək istəyirik.

– Növbəti mövsümlə bağlı nə planınız var? Azərbaycanın daha iddialı klublarından və ya başqa ölkələrin komandalarından sizə təklif gəlib?

– Gələn mövsüm üçün əsas planlarım bunlardır: hazırkı tempdə davam etmək, ardıcıl oyunlarda iştirak etmək, futboldan zövq almaq və zədələnməmək. Azərbaycanın digər komandalarından və xarici klublardan isə heç bir təklif almamışam.

– Cari mövsümdə öz performansınız sizi tam qane edir?

– Mövsüm hələ bitməyib, amma ümumilikdə çıxışımdan razıyam. Yayda “Şamaxı” ilə müqavilə bağlamamışdan öncə 6 ay futbol oynamamışdım. Zədə almamağım və sağlam, hazır olmağım məni sevindirir.

– Azərbaycan liqasında bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar hansılardır?

– Çempionatın oyun səviyyəsini bəyənirəm. Düşünürəm ki, gələn mövsüm daha da rəqabətli keçəcək. Mənfi məqam kimi yalnız bir şeyi qeyd edə bilərəm: artıq süni qazonlu meydançalar olmamalıdır. Süni örtüklü meydançalar bədənimizi çox yorur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью