Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Antalya, 11 noyabr, AZƏRTAC
COP31-in Türkiyədə keçirilməsi böyük rəmzi əhəmiyyətə malikdir. Dünyada geosiyasi fikir ayrılıqlarının yenidən kəskinləşdiyi bir vaxtda Türkiyə beynəlxalq dialoq üçün mükəmməl məkandır. Bu ölkə müxtəlif millətlərin nümayəndələrinin minilliklər boyu yan-yana yaşadığı və mədəniyyətlərin bir-birinə qarışdığı bir məkandır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Antalyada keçirilən COP31-in Liderlər Sammitinin açılış mərasimində çıxışı zamanı deyib.
O, bir il əvvəl Braziliyanın iqlim sammitinə ev sahibliyi etdiyini xatırladıb: “Bir il əvvəl qlobal birliyin nümayəndələri COP30-dan ilhamlanaraq ayrıldılar. İqlim konfransının iştirakçıları Amazonun mərkəzində toplaşdılar, burada xalqların səsləri eşidildi və dialoqdan praktiki fəaliyyətə keçmək zərurəti qəbul edildi”.
O, Belemdəki müzakirələrdən sonra iqlim dəyişmələri mövzusunun yenidən arxa plana keçməsindən və G7 və G20 forumlarında demək olar ki, xatırlanmamasından təəssüfləndiyini bildirib. “Bir daha deyirəm, gələcək nəsillərin yaşaması barədə deyil, daha çox silah və tariflər haqqında danışırıq. Müəyyən dairələr enerji keçidini ölkələrin təhlükəsizliyi və rifahı üçün maneə kimi görməyə başlayıblar. Bütün bunlar yeni iqlim fəlakətlərinin baş vermə ehtimalını artırır”, - deyə Braziliya siyasətçisi xəbərdarlıq edib.
Luiz İnasio Lula da Silva yanğınlar, quraqlıq, daşqınlar və dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı problemlərin milyonlarla insan üçün reallığa çevrildiyini vurğulayıb. “İnsanlar həyatlarını, evlərini, işlərini və dolanışıqlarını itirirlər. Təbii fəlakətlər getdikcə daha çox insanı məcburi köçkün edir. Braziliya beynəlxalq ictimaiyyəti real tədbirlər görməyə və iqlim ədalətini təmin etməyə çağırır”, - deyə Prezident qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya