sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaq Braziliya və Argentina millilərini çətin sınaq gözləyir. Sport24.az xəbər verir ki, hər iki yığma U-20 Cənubi Amerika çempionatının püşkatmasının nəticələrinə əsasən eyni qrupa düşüb.
Belə ki, Braziliya və Argentina Uruqvay, Boliviya və Venesuela ilə birlikdə B qrupunda mübarizə aparacaq. A qrupunda isə turnirin ev sahibi Kolumbiya ilə yanaşı, Paraqvay, Çili, Ekvador və Peru yer alıb.
Yanvarın 22-dən fevralın 7-dək Kolumbiyanın Medellin şəhərində keçiriləcək turnirdə komandalar qrup mərhələsində bir dövrəli sistemlə üz-üzə gələcəklər. Hər qrupda ilk 4 yeri tutan kollektiv növbəti mərhələyə yüksələcək.
Lakin dünya çempionatına vəsiqə uğrunda mübarizənin formatı da kifayət qədər maraqlıdır. Belə ki, qrupların qalibləri digər qrupun ikinciləri ilə qarşılaşacaqlar. Bu yarımfinal oyunlarının qalibləri birbaşa mundiala vəsiqə qazanacaqlar.
Məğlub olan komandalar üçün isə mübarizə bitməyəcək. Qruplarda 3-cü və 4-cü yerləri tutan kollektivlər çarpaz şəkildə üz-üzə gələcəklər. Bu görüşlərin qalibləri yarımfinalda məğlub olan komandalarla qarşılaşacaqlar. Həmin oyunların qalibləri də dünya çempionatına vəsiqə əldə edəcəklər.
Beləliklə, Cənubi Amerika qitəsini mundialda ümumilikdə 4 komanda təmsil edəcək. Bu isə o deməkdir ki, Braziliya və Argentina qrup mərhələsində bir-biri ilə yanaşı, Uruqvay kimi ciddi rəqiblə də mübarizə aparmalı olacaq. Üstəlik, qrupda ilk iki yerdən birini tutmaq onların mundiala daha qısa yolla vəsiqə qazanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, U-20 dünya çempionatı 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək Azərbaycan və Özbəkistanda keçiriləcək.