Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Braziliyanın Manaus şəhərində canlı yayım zamanı "Jeep Renegade" markalı avtomobil geyim mağazasına çırpılıb. Qəza nəticəsində mağazanın bir qadın əməkdaşı xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə yerli "A Crítica" nəşri polisə istinadən məlumat yayıb.
Yol-nəqliyyat hadisəsi Vieyralvis ərazisindəki Xuan Valeriu prospektində baş verib. Həmin vaxt "Use Guta Store" mağazasının sahibi Daylane Auqusta da Silva Baba sosial şəbəkədə canlı yayım edirmiş. O, izləyicilərə geyimləri nümayiş etdirir və "Qara cümə" kampaniyası çərçivəsində endirimlərdən danışırmış.
Yayım zamanı avtomobil mağazanın vitrinini sındıraraq içəri daxil olub. Nəticədə işçilərdən biri çiyin nahiyəsindən sıyrıq xəsarətləri alıb.
Mağazanın sahibi də hadisədən sonra bədənində ağrılar hiss etdiyini bildirərək tibbi yardıma müraciət edib. Məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.
Ofrouderin sürücüsü polisə verdiyi ifadəsində sükan arxasında yuxuya getdiyini və nəticədə idarəetməni itirdiyini bildirib. Toqquşmadan sonra o, hadisə yerini tərk etməyib və polisə izahat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın təfərrüatını araşdırır, sürücünün ifadəsini də yoxlayırlar.
Qəza anı həm canlı yayım, həm də təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə geyim nümayişi zamanı avtomobilin qəfil mağazaya daxil olması əks olunub. Toqquşma nəticəsində mağazanın vitrininə ciddi ziyan dəyib.