Braziliyada qan donduran cinayətlər artır...

08.10.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliyanın San-Paulu şəhərində bir aydan az müddətdə müxtəlif ərazilərdə zibil və plastik torbaların içərisində azı 7 meyit aşkarlanıb.

“Cebheinfo.az” xəbər verir ki, qurbanların oxşar şəkildə tərk edilməsi və bəzi meyitlərdə müşahidə olunan ümumi detallar şəhərdə seriyalı qatilin olması ehtimalını gündəmə gətirib.

Braziliyanın “Metropoles” qəzetinin məlumatına görə, müxtəlif tarixlərdə aşkarlanan meyitlərin bəzilərinin şəxsiyyəti müəyyən edilmədən morqa aparıldığı, bəzi qurbanların isə cinsiyyəti və ölüm səbəbi ilə bağlı müəyyən məlumatların əldə edildiyi bildirilir.

Polisin açıqladığı detallar, həmçinin meyitlərin aşkarlandığı şərait hadisələrin bir-biri ilə əlaqəli ola biləcəyi ehtimalını gücləndirib.

Belə ki, ilk hadisə sentyabrın 5-də baş verib. San-Paulunun cənubundakı Jabaquara bölgəsində işləyən təmizlik işçiləri yol kənarındakı zibil torbalarının içərisində meyit aşkarlayıblar.

Sentyabrın 10-da isə daha iki meyit tapılıb. Şəhərin şərqində yerləşən Vila Chuca məhəlləsində hərbi polis əməkdaşı tərəfindən aşkarlanan meyitin qadına aid olduğu və onun bədənində güllə yaralarının olduğu müəyyənləşdirilib. Həmin gün şəhərin şərqində daha bir meyit aşkarlanıb. Təxminən 3 kilometr məsafədə tapılan meyitin boş ərazidə bağlanmış və ədyala bükülmüş şəkildə plastik torbanın içərisinə qoyulduğu bildirilib. Meyitin fiziki xüsusiyyətləri, cinsiyyəti və üzərində hər hansı xəsarətin olub-olmadığı isə müəyyən edilməyib.

Sentyabrın 19-da San-Paulunun şimalındakı Jaçana bölgəsində daha bir meyit tapılıb. Hərbi polis əməkdaşlarının apardığı axtarış zamanı plastik torbalara qoyulmuş və hissələrə parçalanmış kişi meyiti aşkarlanıb. Bildirilib ki, qurbanın şəxsiyyətinin müəyyənləşdirilməsinə kömək edə biləcək baş və əlləri də daxil olmaqla bəzi bədən hissələri tapılmayıb.

Sentyabrın 25-də şəhərin cənubundakı ərazidə çarşafa bükülmüş kişi meyiti aşkarlanıb. Onun şəxsiyyəti müəyyən edilməyib. İki gün sonra, sentyabrın 27-də daha bir dəhşətli hadisə baş verib. Polis əməkdaşları görünüş etibarilə kişiyə aid olduğu ehtimal edilən insan başını çarşafa bükülmüş halda aşkarlayıblar.
Daha sonra hadisə yerindən təxminən 21 kilometr uzaqlıqda, Böyük San-Paulu ərazisinə daxil olan Itapecerica da Serra şəhərində başı olmayan meyit tapılıb.

Hadisələr silsiləsinin sonuncusu oktyabrın 2-də baş verib. Şəhərin şərq hissəsində yerləşən “Via Parque” velosiped yolunda plastik torbanın içərisində şəxsiyyəti müəyyən edilməmiş kişi meyiti aşkarlanıb. Polis əməkdaşları meyitin əl və ayaqlarının bağlama lenti ilə bağlandığını müəyyən ediblər.

Bir aydan az müddət ərzində şəhərin müxtəlif ərazilərində 7 meyitin aşkarlanması hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı sualını gündəmə gətirib.
Meyitlərin oxşar şəkildə tərk edilməsi, bəzi hallarda isə bədən hissələrinin parçalanması və ya əllərin və ayaqların bağlanması kimi detallar sosial şəbəkələrdə “San-Pauluda seriyalı qatil varmı?” sualı ətrafında müzakirələrə səbəb olub.

Bununla belə, hazırda mövcud məlumatlar bütün hadisələrin eyni şəxs və ya şəxslər tərəfindən törədildiyini qəti şəkildə təsdiqləmir. Hadisələr arasındakı mümkün əlaqənin müəyyənləşdirilməsi üçün araşdırmalar davam etdirilir.

Əfsanə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью