Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyada prezident seçkilərində məğlub olduqdan sonra ABŞ-yə gedən senator Flavio Bolsonaro ölkədən çıxışına qadağa qoyulmasına baxmayaraq, Braziliyanı necə tərk edə bildiyi barədə ilk dəfə danışıb.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin “The New York Times” qəzetinə müsahibə verən Bolsonaro Braziliyanı tərk edərkən hər hansı hökumətdən və ya rəsmi qurumdan yardım aldığı barədə iddiaları təkzib edib. Braziliyadan necə ayrıldığı və ABŞ-yə necə çatdığı ilə bağlı suala Bolsonaro belə cavab verib:
“Bu sirri özümlə məzara aparacağam”.
O, ölkəni tərk etmək qərarının həyat yoldaşı ilə birlikdə verdikləri ani və spontan qərar olduğunu vurğulayıb:
“Qətiyyən heç kimdən, heç bir hökumətdən yardım almadım. Tamamilə tək idim”.
Bolsonaro Braziliyada 25 oktyabrda keçirilən ikinci tur seçkilərindən sonra ev dustaqlığında olan atası, keçmiş prezident Jair Bolsonaroya baş çəkdiyini bildirib. O, həmin görüşü belə xatırlayıb:
“Atam gözlərimin içinə baxaraq soruşdu: "Bununla hara getmək istədiklərini bilirsən, elə deyilmi?" Mən də "Bilirəm və nə etməliyəmsə, ona hazıram" cavabını verdim”.
“Çirkli pullar”ın yuyulması və korrupsiya ittihamları ilə üzləşən Bolsonaro barəsindəki bütün ittihamları rədd etsə də, Braziliyaya qayıdacağı təqdirdə həbs olunacağını deyib.mSeçkilərin nəticələri ilə bağlı şübhələrini bir daha dilə gətirən Bolsonaro səslərin hesablanması zamanı “riyazi cəhətdən mümkün olmayan” nəticələrin ortaya çıxdığını iddia edib.
ABŞ-də qalmasına icazə verdiyi və prosesə münasibətdə neytral mövqe tutduğu üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür edən Bolsonaro seçkilərin yenidən keçirilməsi halında namizədliyini təkrar irəli sürəcəyini bildirib.
“Seçkilər yenidən keçirilsə, əlbəttə ki, yenidən namizəd olacağam”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Bolsonaro seçkilərdə Prezident Lula da Silvaya məğlub olduqdan sonra ölkəsini tərk edib. Barəsində korrupsiya və çirkli pulların yuyulması ilə bağlı araşdırmalar aparılan Bolsonaronun pasportunun müsadirə edilməsinə qərar verilmişdi. Buna baxmayaraq, onun bu qərarın qüvvəyə minməsindən əvvəl Braziliyadan gizli şəkildə təyyarə ilə ayrıldığı üzə çıxmışdı.
Mətbuatda yayılan məlumatlara görə, Bolsonaro əvvəlcə yerli vaxtla çərşənbə axşamı axşam saatlarında Argentinaya, daha sonra isə Ekvadora gedib.
Lula da Silva seçkilərdə məğlub olan senator Flavio Bolsonaronun xaricə çıxış qadağasına baxmayaraq ölkəni tərk etməsini “utancverici” adlandırıb.
Braziliya mətbuatının məlumatına görə, Federal Ali Məhkəmə (STF) Flavio Bolsonaro barəsində atası Jair Bolsonaronun həyatından bəhs edən “Dark Horse” (“Qaranlıq at”) adlı bioqrafik filmin qanunsuz maliyyələşdirilməsi ilə bağlı iddialar əsasında araşdırma aparır.
Braziliyanın “O Estado de S. Paulo” və “O Globo” qəzetləri də Bolsonaronun yaxın dostu və vəkili Willer Tomazla əlaqəli olduğu iddia edilən başqa bir çirkli pulların yuyulması işi üzrə şübhəli şəxs qismində yer aldığını yazıb. ABŞ Prezidenti Donald Tramp isə Braziliyadakı seçkilərin nəticələrinə şübhə ilə yanaşdığını və Bolsonaronun, eləcə də ailə üzvlərinin ABŞ-yə girişinə icazə verdiyini açıqlamışdı.
Əfsanə
"Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin