Bred Şerman, ANCA və “Rusiya izi”

14.08.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerika siyasətinin tarixində öz həqiqi niyyətlərini “demokratiya” və “insan hüquqları” kimi uca şüarlar arxasında gizlədən, lakin əslində dar maraqların və çirkin sövdələşmələrin girovuna çevrilmiş fiqurlar az olmayıb. Lakin ABŞ Konqresi kürsüsündən onilliklər boyu dövlətin ali maraqlarını bir ovuc lobbinin siyasi sifarişlərinə qurban verən Bred Şerman bu siyahıda xüsusi, daha tünd və qaranlıq bir yer tutur.
C-SPAN arxivlərindəki çıxışlarından tutmuş kampaniya maliyyələşdirməsi zamanı seçki fondlarından şəxsi borclarını ödəməsinə qədər hər bir detal onun bu vəzifəsini necə şəxsi mənfəət alətinə çevirdiyini açıq göstərir. Beynəlxalq hüququ və dövlətlərarası münasibətləri qurban verməkdə ad çıxarmış digər bədnam simaların belə kölgəsində qalan Şerman, erməni lobbisinin – xüsusilə ANCA-nın (Amerikanın Erməni Milli Komitəsi) birbaşa ruporuna çevrilərək əndazəsiz anti-Azərbaycan və anti-Türkiyə isteriyası yaradıb.
Erməni lobbisi tərəfindən maliyyələşdirilən, “Mxitar Qoş” kimi xarici dövlətlərin ordenləriylə mükafatlandırılan və Birləşmiş Ştatların İnkişafa Yardım Agentliyinin (USAID) dəstəyi ilə separatizmi körükləyən bu şəxs, sadəcə lobbiçi deyil, eyni zamanda, dərin mənəvi böhran içində olan siyasi deqradasiyanın canlı təcəssümüdür.
Köməkçilərinin adının qadınlara qarşı etik problemlər və cinsi qısnamada hallanması, eləcə də bəzi qadağan olunmuş məzmunlu saytlara baxması ilə bağlı mediaya sızan biabırçı iddialar onun artıq siyasi etikadan kənarlaşdığını sübut edir. Sabiq senator Robert Menendesin korrupsiya xəttinin Nümayəndələr Palatasındakı sədaqətli davamçısı olan Bred Şerman, qanunvericilik kürsüsünü ticarət obyektinə, siyasəti isə mənəviyyatsızlığın pik nöqtəsinə daşıyan tipik bir siyasi spekulyantdır.

Bred Şerman — 1997-ci ildən bəri ABŞ Nümayəndələr Palatasında təmsil olunan amerikalı siyasətçi, Demokratlar Partiyasının üzvüdür. Hazırda o, Los-Anceles dairəsində yerləşən Kaliforniyanın 32-ci seçki dairəsini təmsil edir. Əvvəllər o, ştatın 30, 27 və 24-cü seçki dairələrini təmsil edib.
Şerman 1954-cü il oktyabrın 24-də Los-Ancelesdə, Lein və Moris Hayman Şermanın ailəsində anadan olmuşdur. Onun hər iki valideyni rus/ukrayn-yəhudi əsillidir.
O, Mark Keppel və Korona-del-Mar orta məktəblərində oxumuşdur. 1974-cü ildə Los-Anceles Kaliforniya Universiteti (UCLA) politologiya üzrə bakalavr, 1979-cu ildə isə Harvard Hüquq Məktəbində JD (hüquq üzrə doktor), yəni magistr dərəcəsi almışdır.
Konqresdə fəaliyyətə başlamazdan əvvəl B.Şerman ölkənin ən böyük audit firmalarından birində çalışmış, Harvard Hüquq Məktəbinin beynəlxalq vergiqoyma proqramında mühazirələr oxumuşdur.
Şerman, 1990–1995-ci illərdө Kaliforniya Ştatının Vergiqoymanın Bərabərləşdirilməsi Komissiyasının üzvü, 1991–1995-ci illərdə isə həmin komissiyanın sədri olmuşdur.
Şerman Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin və Maliyyə Xidmətləri Komitəsinin üzvüdür.
Şerman erməni-amerikan dostluq əlaqələrinin möhkəmləndirilməsinə və inkişafına, habelə qondarma "erməni soyqırımı"nın beynəlxalq müstəvidə tanınmasına verdiyi töhfəyə görə 19 aprel 2012-ci il tarixində “Mxitar Qoş” medalı, Ermənistan ilə Birləşmiş Ştatlar arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə 16 dekabr 2021-ci ildə Ermənistanın “Dostluq” ordeni ilə təltif edilmişdir.

2016-cı ildə Amerikanın Erməni Milli Komitəsi (ANCA) tərəfindən “Ədalət Müdafiəçisi” (“Advocate for Justice”) mükafatını alıb.
2022-ci ildə isə Ermənistanın sabiq prezidenti Armen Sarkisyan tərəfindən Ermənistanın “Dövlət” ordeni ilə mükafatlandırılıb.
O, 2024-cü ildə ABŞ Konqresində “Erməni Fraksiyası”nın demokratlardan olan sədr müavini seçilib.
“Təxminən 30 il yaxındır ki, mən özümü ABŞ ilə Ermənistan arasındakı əlaqələri möhkəmlənəndirməyə, ermənilərə qarşı nifrətlə mübarizəyə və Amerikanın erməni icmasının hüquqlarını müdafiə etməyə həsr etmişəm. Fraksiyanın sədr müavini kimi bu irsi davam etdirməyi, həmkarlarımla birlikdə Ermənistan və onun xalqı üçün demokratiya, təhlükəsizlik və rifah dolu gələcək qurmağı səbirsizliklə gözləyirəm”. mənbə
Şerman uzun illər ərzində keçmiş Dağlıq Qarabağdakı terrorçu erməni rejimin nümayəndələri (Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan və s.) ilə sıx əməkdaşlıq edib, onların Kapitolidə tədbirlərini təşkil edib və separatizmə maliyyə dəstəyini fondların xətti ilə əsirgəməyib. 2016-cı ildə Arayik Arutunyanın, 2018-ci ildə isə Bako Saakyanın Vaşinqtona səfərlərində fəal iştirak edib.

Bred Şerman konqresmen olduğu ilk illərdən etibarən ABŞ dövlət büdcəsindən xarici yardımlar xətti ilə vəsaitlərin ayrılmasına rəhbərlik edib. O, USAID büdcəsindən uzun illər ərzində Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərmiş qondarma quruma milyonlarla dollar yardım ayrılmasına nail olub və bunu "dolayı yolla müstəqilliyin tanınması" kimi dəyərləndirib.
2016-cı ildə çıxışlarının birində B. Şerman USAID-in əhbəri Qeyl Smitə müraciət edərək işğal olunmuş ərazilərdə qurulan terrorçu rejimə birbaşa yardımın artırılmasını və Suriyadan olan erməni qaçqınlarının ehtiyaclarını ödəmək üçün səylərin genişləndirilməsini xahiş edib.
USAID-in ayırdığı pulların xeyli hissəsi birbaşa Qarabağdakı silahlı erməni terrorçularına, bölgənin Azərbaycandan qopardılması üçün aparılan hərbi-siyasi kampaniyalara xərclənirdi. Konqresmenin əsas məqsədi terrorçu rejimin tanınması olub. Hətta ABŞ dövləti tərəfindən terrorçuların idarə etdiyi qondarma qurumun dərhal tanınması tələbi irəli sürüb. Seçicilərinin sosial-iqtisadi problemləri, infrastruktur ehtiyacları və təhlükəsizlik məsələləri qaldığı halda, Şerman federal büdcədən 100 milyon dollardan çox fövqəladə yardım paketlərinin məhz Cənubi Qafqazdakı separatçı subyektlərə yönəldilməsi üçün fəal şəkildə çalışıb.
Seçicilərdən birinin onun qızı Molliyə sosial mediada yazdığı statusu xatırlatmaq istərdik:

"Salam Molli! Atanızdan “Sherman Oaks”-dakı bərbad yollarla bağlı nə isə etməsini xahiş edə bilərsinizmi? Təşəkkür edirəm! Nə o, nə də Ofisində heç kim bizi dinləmir. Düşündüm, bəlkə eyni kresloda 30 il oturduqdan sonra ondan, nəhayət, bir iş görməsinə siz nail ola bilərsiniz."
“Artsax” və erməni xalqı üçün milyonlarla dollarlıq təcili yardım paketi tələb edən və Cənubi Qafqazda separatçılığı dəstəkləyən konqresmen qeyd edir: “1997-ci ildə Xarici İşlər Komitəsinin üzvü kimi ilk addımlarımdan biri Artsax xalqına 12 milyon dollar yardım ayırmaq oldu və bu, Artsaxın müstəqilliyini dolayı yolla tanımağımız demək idi. İndi isə biz Artsaxın müstəqilliyini açıq şəkildə tanımalıyıq... Mən dəfələrlə ABŞ-ın Ermənistana, Artsaxa və Gürcüstanın Cavaxeti bölgəsinə birbaşa yardım göstərilməsini dəstəkləmişəm. Əslində, Artsaxa ABŞ yardımını təmin edən ilk vəsaitin ayrılmasına cavabdeh olan mənəm”.
Bu cümlə (“Artsax”ın müstəqilliyini dolayı yolla tanımaq idi ) beynəlxalq hüquq müstəvisində çox ciddi cinayət amilidir. Şerman açıq şəkildə etiraf edir ki, o, ABŞ vergi ödəyicilərinin pullarını (USAID vasitəsilə) humanitar məqsədlərlə deyil, Azərbaycanın (və Gürcüstanın) suverenliyinə qarşı yönəlmiş fəaliyyətlər üçün istifadə edib.
Şerman sadəcə fərdi bir münaqişə ilə maraqlanmır, onun xətti bütövlükdə Cənubi Qafqazın xəritəsini dəyişməyə yönəlmiş etnik separatizmin himayədarlığıdır. Gürcüstanın strateji bölgəsində erməni separatizmini maliyyələşdirmək cəhdi regional sabitliyi tamamilə partlatmağa və bölgə dövlətlərini zəiflətməyə hesablanmışdı.
O, USAID-in Qarabağda ekologiya, içməli su və digər humanitar layihələr adı altında pul ayrılmasına xüsusi təşəbbüskarlıq edib və istəklərinə nail olub.
B.Şerman özünü o qədər arxayın və təkəbbürlü hesab edirdi ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin adından xüsusi təzyiq tonunda sabiq dövlət katibi Mayk Pompeo qarşısında “Artsax”a dəstək göstərilməsi məsələsində təzyiq etməkdən belə çəkinmirdi.
Konqresmen Şerman Ermənistanı daim maliyyə ilə qidalandıran USAID-in pulayırma proqramında təşviqedici şəxs olub. Ona görə də, bu qurumun ləğvinə qarşı qəti şəkildə çıxıb. Şerman 2025-ci ilin fevral ayında ABŞ dövlət katibi Marko Rubioya göndərdiyi məktubda Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində dinləmələr zamanı bağlanmaya qəti şəkildə qarşı çıxıb və bildirib ki, Ermənistana yardım bərpa olunana qədər hər fürsətdə bu fəaliyyətinə davam edəcək.
"Niyə USAID-i qorumağa çalışırdı?
USAID-in hansı cinayətlər törətməsi, korrupsiya və çirkli pulların yuyulmasında iştirakı beynəlxalq ictimaiyyətə məlumdur. Donald Tramp USAID fəaliyyətini genişmiqyaslı korrupsiya, maliyyə saxtakarlığı və vəsaitlərin israfı kimi qiymətləndirdi və yüz milyonlarla vəsaitin mənimsənilməsi faktları üzə çıxdı.

Prezident Donald Trampın 2025-ci ilin fevralında USAID-dəki "dərin israf, mənimsəmə və sui-istifadə halları" barədə rəsmi Ağ Ev bəyanatı və Şermanın bu qurumu bağlamaq istəyən Dövlət katibi Rubioya qarşı qəti müqaviməti onun maraqlarını təsdiqləyir.
Dünyada geniş rezonans doğuran bu hadisələrə rəğmən, Şermanın USAID-i müdafiə etməsinin səbəbi gizli deyil. Vaşinqtonda hamı USAID-in şəffaf olmadığını, korrupsiya yuvasına çevrildiyini bəyan etdiyi halda, Şermanın bu qurumu fasiləsiz müdafiə etməsinin səbəbi tamamilə korporativ və lobbi maraqlarıdır. Çünki USAID dövlət nəzarətindən uzaq, sənədləşməsi dumanlı olan və "humanitar layihə" (ekologiya, su, mina təmizləmə proqramları) adı altında Qarabağdakı qanunsuz silahlı xuntanı maliyyələşdirmək üçün ən əlverişli "çirkli pulların yuyulması" kanalına çevrilmişdi. Şerman bu kanalın bağlanmasını öz maliyyə mərkəzinin məhvi kimi görürdü.
Pul və pornoqrafiya həvəskarı, qadınları qısnama və "siyasi qocalar evi"nin təqaüdçüsü
İndiyə qədər apardığımız araşdırmalarda korrupsiyaya bu qədər bulaşmış, əxlaq və etik baxımdan saysız-hesabsız tənqidlərə məruz qalan, qalmaqallardan “üzüağ çıxmağı” Şerman kimi bacaran ikinci bir araşdırma predmetinə rast gəlməmişdik. İndi həmin qaranlıq məqamlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq.
"Los Anceles Tayms” qəzetinin “Şermanın özünə geri ödəmə qərarı suallar doğurur” adlı məqaləsi onun əsl kimliyini üzə çıxardırdı. Belə ki, 2000-ci il şeçkilərində Bred Şerman əvvəlki seçkilərinə xərclədiyi şəxsi vəsaitini geri qaytarmaq qərarına gəlir və bunun üçün yeni seçkilərdə başqaları tərəfindən ianə edilmiş 245 min dolları “öz verdiyi borcları bağlamaq” üçün istifadə edir. Onun qeyri-qanuni olmasa da, bu qeyri-etik hərəkəti partiyadaşları tərəfindən şiddətlə qınanmışdı.

Daha əvvəl "X" sosial şəbəkəsində Şermanın təyyarədə erotik (pornoqrafik) məzmunlu fotolara baxarkən sərnişinlərdən biri tərəfindən lentə alınıb. Fotolarda onun “Ipad”-də pornoqrafiya izlədiyi digər bir sərnişin tərəfindən gizlicə çəkilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью