Britaniya Aİ yə qayıda bilər? ŞƏRH

02.10.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Böyük Britaniyanın Baş naziri Endi Börnemin növbəti ümumi seçkilərdən sonra Avropa İttifaqına (Aİ) yenidən qoşulmaq məsələsini nəzərdən keçirəcəyi ilə bağlı bəyanatı beynəlxalq aləmdə geniş əks-səda doğurub.

Bəs Londonun Aİ-yə qayıtmaq istəyi nə dərəcədə realdır və Britaniya hansı siyasi şərtlərlə üzləşə bilər?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Brexit qərarı bu gün də krallıq daxilində ciddi müzakirə və mübahisələrə səbəb olur:

"Bəlli bir kəsim bu qərarın yanlış olduğunu və Böyük Britaniyanın bundan ciddi iqtisadi zərər gördüyünü bildirir. Bu yanaşma müəyyən mənada doğrudur, çünki İkinci Dünya Müharibəsindən sonra formalaşan kollektiv Avropa anlayışı çərçivəsində əsrlərlə müharibə etmiş İngiltərə, Fransa, Almaniya, İspaniya və İtaliya kimi güclər eyni ittifaqda təmsil olunurdular.

Böyük Britaniya Brexit qərarı ilə ittifaqı tərk etdi. Lakin bu addımdan sonra iqtisadi zərbədən daha çox krallıq daxilində parçalanma ehtimalları gücləndi. Misal üçün, Şotlandiya Brexit-dən sonra Böyük Britaniya Krallığından ayrılaraq Avropa İttifaqına üzv olmağı planlaşdırır. Son proseslər göstərir ki, təkcə Şotlandiya deyil, Şimali İrlandiya və Uels də məsələyə birmənalı baxmır".

Turan Rzayev: Böyük Britaniyanın yenidən Avropa İttifaqına qayıdacağını düşünmürəm

Politoloqun sözlərinə görə, Böyük Britaniya Baş naziri Endi Börnemin fikri də böyük ehtimalla bu son etirazlarla əlaqədardır. Bir müddətdir ki, Britaniya siyasətində çox qəribə bir proses var: hökumətlər güclü deyil, iqtisadiyyatı lazımi səviyyədə bərpa edə bilmirlər, işsizlik və xüsusilə evsizlik məsələsini aradan qaldıra bilmirlər. Bununla paralel olaraq etnik məsələlər, krallığın güc itirməsi, Şotlandiyanı itirmək ehtimalı, Şimali İrlandiyanın İrlandiyaya birləşmək istəkləri və Uelsin yüksək muxtariyyət tələbləri mövcuddur. Bu tipli daxili böhranların qarşısını almaq üçün belə arqumentlər irəli sürülür:

"Lakin Brexit qərarının ləğv ediləcəyini və ya Böyük Britaniyanın yenidən Avropa İttifaqına qayıdacağını düşünmürəm. Hər şeydən əvvəl, Böyük Britaniyanın özünün Britaniya Millətlər Birliyi adlı təşkilatı var. Kanada, Cənubi Afrika, Avstraliya və Yeni Zelandiya kimi böyük dominionlar bu sistemə daxildir. Yəni Böyük Britaniya müstəqil bir təşkilat rolunu oynayır".

Müsahibimiz bildirib ki, Krallığın Avropa İttifaqına ehtiyacının olub-olmaması mübahisəlidir. Bu qərarın əsas səbəbi Böyük Britaniyanın dənizlər və dünya siyasətindəki rolunu bərpa etmək, "üzərində günəş batmayan imperiya" modelini yenidən canlandırmaq mesajı idi. Britaniya Avropada güclü dövlətdir və müstəqil şəkildə idarə oluna bilir. Aİ-yə qayıdış məsələsinin yenidən gündəmə gəlməsi isə bilavasitə Uels, Şimali İrlandiya və Şotlandiyadakı etirazlar fonunda baş verir.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью