Icma.az, Azertag portalına istinadən məlumat yayır.
London, 12 oktyabr, AZƏRTAC
Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbinin (BEAS) yeni tədris ilinin başlanmasına həsr olunmuş tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycan icmasının üzvləri, səfirliyin əməkdaşları, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirin açılışında məktəbin idarəedici direktorları - Səbinə Rakçeyeva və Səbinə Quliyeva təhsil müəssisəsinin fəaliyyəti və əsas məqsədləri barədə məlumat veriblər. Onlar məktəbin təsisçisi Tale Heydərova göstərdiyi davamlı dəstəyə görə təşəkkürlərini bildiriblər.
Tədbirdə səfir Elin Süleymanov və yeni təyin olunmuş təhsil müşaviri Rəşad Xanlarov da iştirak ediblər. Çıxışlar zamanı xaricdə yaşayan azərbaycanlı uşaqların ana dilini öyrənməsinin, milli-mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində uşaqlar üçün müxtəlif yaradıcılıq məşğələləri təşkil olunub. Sima Manaflı rəqs, Lalə Qəndilova isə rəsm üzrə ustad dərsləri keçiblər.
Qeyd edək ki, Britaniya Avropa Azərbaycan Məktəbi hər bazar günü Londonun “Pimlico Academy” təhsil müəssisəsində fəaliyyət göstərir. Məktəb Azərbaycan dilini və mədəniyyətini öyrənmək istəyən hər kəs üçün açıqdır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London