Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma siyasəti çərçivəsində qida məhsulları və içkilərə dair keyfiyyət standartlarını uyğunlaşdırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnhem “Sky News” telekanalına müsahibəsində bildirib.
Baş nazirin sözlərinə görə, yeni razılaşma Britaniya iqtisadiyyatının inkişafını sürətləndirə və əlavə 0,4 faizlik iqtisadi artım təmin edə bilər.
“Bu, Britaniya iqtisadiyyatının artımını sürətləndirmək üçün fürsətdir. Mövcud hesablamalara görə, razılaşma iqtisadi artıma əlavə 0,4 faiz töhfə verəcək. Son illərdəki iqtisadi vəziyyətimizi nəzərə alsaq, vətəndaşların bu fürsətdən maksimum yararlanmağımızı gözlədiyini düşünürəm”, – Börnhem bildirib.
Hökumət başçısı hesab edir ki, yeni saziş Britaniya biznesi üçün bürokratik maneələri aradan qaldıracaq və Avropa bazarına çıxışı asanlaşdıracaq.
Razılaşmanın noyabrın 20-də Brüsseldə keçiriləcək Aİ–Böyük Britaniya sammitində imzalanacağı gözlənilir.
Saziş qüvvəyə minərsə, tərəflər arasında qida məhsulları və içkilərin sərhəddə sanitar və fitosanitar yoxlamalarına ehtiyac əhəmiyyətli dərəcədə azalacaq.
Qeyd edək ki, Börnhem oktyabrın 26-da ITV telekanalına müsahibəsində Britaniyanın yenidən Avropa İttifaqına üzv olmasını arzuladığını bildirib. Bununla belə, o, hazırkı parlamentin fəaliyyəti dövründə ölkənin Aİ-yə qayıtması təşəbbüsünü irəli sürməyəcəyini vurğulayıb.
Xatırladaq ki, Böyük Britaniya 2016-cı ildə keçirilən referendumun nəticələrinə əsasən, 2020-ci il yanvarın 31-də Avropa İttifaqından ayrılıb.